Milli.Az EL TV-yə istinadən xəbər verir ki, bir sıra rayonlarda sutka ərzində fəaliyyət göstərən apteklərin olmaması, əhalinin dərman preparatlari ilə təminatında çətinliklər yaradır. Dövlət səhiyyə ocaqlarının bu məsələyə birbaşa nəzarət edə bilməməsi isə problemin həll imkanlarını azaldır.Belə ki, Yevlax rayon sakinləri deyirlər ki, rayon ərazisində 24 saat ərzində fəaliyyət göstərən apteklərin olmaması bəzən çətinliklər yaradır. Gecə saatlarında onlara dərman lazım olsa, çıxılmaz vəziyyətdə qalırlar. Yevlax Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi İlham Quliyev isə bildirir ki, rayon ərazisində fəaliyyət göstərən apteklərin iş rejiminə nəzarət etmək onların səlahiyyətlərinə aid deyil. Qeyd edək ki, araşdırma apardığımız rayonlardan Yevlax, Ucar və Xocavənddə 24 saat ərzində fəaliyyət göstərən apteklər yoxdur. Mingəçevir şəhəri, Göyçay və Ağdaş rayonlarında isə bu cür apteklər var. Bütün rayonlarda sutka ərzində fəaliyyət göstərən apteklərin olmamasının səbəblərinə gəlincə, əczaçıCavidan Hüseynli bunu apteklərin maliyyə durumu və əhalinin dərmanlara olan tələbatı ilə əlaqələndirir. O bildirir ki, rayon yerlərində insanlar apteklərə əsasən səhər saat 9-dan günorta saat 2-yə kimi gəlirlər.
Mənbə: Milli.Az