Qadin.NET / Valideynlərlə bağlı həqiqət lazımdırmı?

Valideynlərlə bağlı həqiqət lazımdırmı?

 

Deyirlər, uşaqlar həmişə doğrunu söyləyirlər. Lakin hər zaman uşaqlara həqiqəti demək də olmaz. Çünki acı həqiqət onlarda psixoloji travmaya səbəb ola bilər. Yeniyetmə uşağa valideynlər haqqında həqiqəti demək nə qədər doğrudur?  Misal üçün, demək ki, bu əsl atası deyil. Ya da anası başqa adamdır. Belə həqiqətlərlə uşağın daxili aləmini pozmaq olarmı? Bu mövzu yerli və xarici telekanallarda dəfələrlə müzakirə olunub. Göz yaşları, qucaqlaşmalar, dramatik anlar, riqqətə gəlmiş tamaşaçılar, stress və s. Milli.Az xəbər verir ki, məsələ ilə bağlı xalq artisti Elçin Adıgözəlov öz fikirlərini Day.Az saytı ilə bölüşüb. "Məsələ burasındadır ki, uşaqlar tez, ya gec öz bioloji valideynlərinin kim olduğunu öyrənirlər. Mən bilərəkdən "əsl valideyin" ifadəsini işlətmirəm. Uşağı tərbiyə edən, sevincli və kədərli anlarında onunla birlikdə olanları əsl valideyn hesab edirəm. Mən çox ailə tanıyıram ki, uşaqlar ögey olduqlarını bilirlər. Onlar öz bioloji valideynlərini də tanıyırlar. Ancaq onlar bioloji valideynlərini deyil, onları tərbiyə edənləri ata və ana deyə çağırırlar. Uşaqlar onları bağçaya-məktəbə aparan, kitablar alan, dərslərdə yardımçı olanları sevəcəklər. Daha birdən-birə ortaya çıxıb "mən sənin atanam!" və ya "mən sənin ananam!"  deyənləri yox. İnsanlar bütün uşaqlıqlarını birgə keçirdikləri valideynləri sevirlər. Bu səbəbdən məktəbi bitirməyənə və yetkinlik yaşına çatmayana qədər uşaqlara bioloji valideynləri haqqında məlumat verməyi doğru saymıram. Bu məsələni televiziyalarda ictimaiyyətin qarşısına çıxarmaq isə heç düzgün deyil. Ailə şəxsi məsələdir. Bu ictimai müzakirələrin mövzusu olmamalıdır", - o əlavə edib.

Mənbə: Milli.Az

5 noyabr 2013
GO BACK