- Əslində bu peşəni istəyərək seçməmişəm. Utanıram taksi sürücüsü işlədiyim üçün. Ona görə də taksi deyiləndə əsəbləşirəm. Amma məcburam işləyəm. Uşaqların ehtiyaclarını ödəmək üçün bu işi seçmişəm.
- İlk dəfə sükan arxasına nə vaxt keçdiniz?
- Maşın sürməyi universitetdə oxuyarkən öyrənmişəm. Qohum-qonşunun maşınlarını gizlin sürürdüm. Amma heç vaxt maşından bu məqsədlə istifadə edəcəyimi bilmirdim. Həmişə düşünürdüm ki, yaxşı maşınlarım olacaq, ailəmlə gəzib-dolaşmaq üçün istifadə edəcəyəm. Amma kiminin əvvəli, kiminin axırı... Mən də axırı gəlməyənlərdən oldum.
- Nə zamandan başladınız taksiçiliyə? Ailəniz qərarınızı necə qarşıladı?
- Cəmi 5-6 aydır ki, bu işlə məşğulam. Atam, anam, ailəm, qohumlarım, heç kəs taksi sürücüsü kimi işlədiyimi bilmir. Əgər kimsə bilsə, biabır olaram. Qızlarımdan belə gizlədirəm sürücü olduğumu. Evdən çıxanda Allaha dua edirəm ki, tanış adamla rastlaşmayım. Hər dəfə evdən çıxanda qızlarım hara getdiyimi soruşurlar. Onlara deyirəm ki, kosmetika firmalarından birində çalışıram. Amma şəhərdə onlarla qarşılaşmaqdan da qorxuram. Qızlarım üçün, onların oxuması üçün işləməyə məcburam. 10 il qabaq həyat yoldaşımdan ayrıldım. Tutmadı bizimki... Həmin gündən də övladlarımın yükünü tək daşımaq məcburiyyətindəyəm. Ayrılarkən böyük qızımın 7 yaşı vardı.
- Ayrılmağınızın səbəbi nə idi?
- İçki. Hər gün nə qədər adam görürəm. Nə qədər adamın ailəsi bu zəhrimar içki üzündən dağılıb... Ancaq uşaqlarla atalarının əlaqəsini kəsmədim. Görüşmələrinə icazə verirəm.
- Təhsiliniz varmı?
- Azərbaycan Texniki Universitetini bitirmişəm. Biz pis dönəmə düşdük. Köhnə quruluş dağıldı, nə zavod qaldı, nə fabrik. İşsizlik aləmi bürüdü. Bir ara özümə babat iş tapdım. Yaxşı da maaş alırdım. Heç kəsə ehtiyacım olmadan yaşayırdım. Amma uşaqlarım böyüdükcə gördüm ki, aldığım maaşla onların ehtiyaclarını ödəyə bilmirəm. 200 manat maaşla nə etmək olar ki? Yaxşı maaş verən yerlərdə də gənc işçilər istəyirlər. Mənim yaşımdakı bir qadını heç kəs işə qəbul etmək istəmir.
- Heç “ikinci bahar” yaşamaq istəmədiz? Yenidən bir yuva qura bilərdiniz...
- İki qızım var. Artıq böyük uşaqlardır. Yad kişi onlarla bir arada... çətin məsələdir. Mənim ürəyim götürməz. Nə isə. Həyatımı uşaqlarıma qurban verdim. Qızlarım mənim hər şeyimdir, onlara təhsil vermək, dürüst böyütmək elə mənimçün hər şeydir. İnşallah, onlar ailələrindən yarıyarlar.
- Kişi sürücülər yolda qadın sürücüləri bəyənmirlər. Həmcins sürücülərlə yola gedirsiniz?
- Qadınları sükan arxasında görəndə onların mənim kimi zülm çəkməməsi üçün dua eləyirəm. Yolda hər cür sürücü görmək olur. Kimi çox diqqətlə maşını idarə edir, kimi də necə gəldi sürür. Bəzən elə adamlarla rastlaşıram ki, günahı olduğu halda mənə pis sürdüyümü sübut etməyə çalışır. Çox vaxt kişilərlə mübahisələrdən uzaq dururam. Qorxuram ki, birdən söyərlər, cavab verə bilmərəm. Maşınım əzilsə belə, heç kəslə dalaşmıram. Amma qadınlar kişilərdən daha rahat maşın sürürlər. Kişilər sürətlə sürdükləri üçün təhlükə yaradırlar. Qadınlar isə maşını yavaş və ehtiyatla sürürlər. Ona görə də yol polisləri qadın sürücülərə həmişə hörmət edirlər.
- Dediniz tanışlar sizinçün ən arzuolunmaz sərnişinlərdir. Hansısa tanışınız təsadüfən maşınınıza minibmi?
- Bir dəfə olub. Yolda gedərkən onun köhnə bir tanışım olduğunu başa düşdüm. Öz-özümə düşündüm ki, nə yaxşı məni tanımadı. Tanısa, utanardım. Bir neçə dəqiqə sonra mənə diqqətlə baxdı və: “Sən Aybəniz deyilsən?” - deyə soruşdu. Ona məni kiməsə oxşatdığını dedim, lakin inanmadı. Qohumlarımın, uşaqlarımın adını çəkməyə başladı. Məni tanıdığını dedi. O mənim haqqımda hər şeyi danışsa da, adımın Gülnaz olduğunu, haqqında danışdığı adamı tanımadığımı dedim. Uzun müddət mübahisə apardıqdan sonra mənim Aybəniz olmadığıma inandı. Həmin qadın düşüb getdikdən sonra oturub xeyli ağladım. Həyatımdan, özümdən, gördüyüm işdən çox utandım. Başqalarının qarşısında bu vəziyyətə düşdüyüm üçün özümü çox pis hiss edirdim. Amma ailəm üçün bu işdə işləməyə məcburam.
- Qadınlar həyatın yükünü bəzən kişilərdən də yaxşı çəkir. İndi Bakıda minlərlə qadın sükan arxasındadır. Niyə işinizdən bu qədər narazısınız?
- Bəzən düşünürəm ki, mən nəyin cəzasını çəkirəm? Şəxsi maşınını sürmək ayrı, işləmək ayrı. Mən istədiyim vaxt, məsələn, səhər tezdən işə çıxa bilmirəm. Ya hava qaralandan sonra işləməyi qadın sürücü üçün o qədər də təhlükəsiz hesab eləmirəm. Bütün hallarda mənim arxamda söykənəcəyim, dəstək alacağım kişi yoxdur. Bir tərəfdən bu durumla barışmışam, bir tərəfdən də onun çətinliyini hər an hiss edirəm. Hər halda, bu o qədər də xoş deyil. Maşına minən istənilən sərnişinə sürücünün qadın olması bir qədər qəribə gəlir. Bəlkə də mən gərək olandan daha çox narahatlıq keçirirəm. Ancaq neyləyim, hələ də buna alışa bilmirəm... Artıq mənzil başındayıq. Hər yazının yaraşığı fotodur. Ancaq mən qəhrəmanımla şəkil çəkdirmək fikrindən vaz keçirəm. Axı günü yollarda keçsə də, o görünmək istəmir.
Mənbə: Milli.Az