Qadin.NET / Təhsil naziri tələbələrin etirazına münasibət bildirib

Təhsil naziri tələbələrin etirazına münasibət bildirib

 

Təhsil naziri tələbələrin etirazına münasibət bildirib

 

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov son zamanlar bəzi ali məktəblərin tələbələrinin imtahanların keçirilmə formalarının dəyişdirilməsinə etirazına münasibət bildirib. Trend-in məlumatına görə, nazir jurnalistlərə bildirib ki, imtahan hansı formada təşkilindən asılı olmayaraq, şəffaf və obyektiv keçirilməlidir: "İmtahanın obyektiv və ya qeyri-obyektiv keçirilməsi heç bir şəkildə imtahanın formasından asılı olmamaldıır. Məsələnin əgər imtahan testlədirsə, obyektiv, digər şəkildədirsə qeyri-obyektivdir şəklində qoyulması ən azı, sadəlövhlük, ya da bilərəkdən məlumatın qeyri-düzgün şəkildə təqdim olunmasıdır". M.Cabbarov bildirib ki, istənilən tələbə və ya qrupun imtahanların keçirilməsi, imtahan zamanı baş verən qayda pozuntuları ilə bağlı müraciəti olduqda Təhsil Nazirliyi bununla bağlı müvafiq qərar və cəza verməyə hazırdır: "Ümumilikdə ali təhsil sistemində biliyin qiymətləndirilməsi ilə bağlı aparılan siyasət çox sadədir. Ali təhsil sistemində, ümumiyyətlə, təhsil sistemində qanunun aliliyi təmin olunmalıdır. Təhsil Nazirliyinin mövqeyi birmənalıdır. Bu məsələ həm təhsil verənlərə, həm də təhsil alanlara aiddir. Ona görə qanun çərçivəsində nizam-intizama riayət edilməlidir. Əgər qanun pozuntuları olarsa, bütün tədbirlərin görülməsi, cəzaların tətbiqi təmin olunacaq". Təhsil sistemində qiymətləndirməni çox mühüm amil sayan nazir qeyd edib ki, ali məktəbdə öyrədilən bilik heç də obyektiv və şəffaf keçirilən imtahanda tam şəkildə təsdiqlənə bilmir. Bu da universitetləri məcbur edir ki, həm təhsil sistemlərinə, həm də qiymətləndirmə formalarına yenidən baxsınlar, təkmilləşdirmə yolları axtarsınlar. Bunu normal hal sayan M.Cabbarov hesab edir ki, ali təhsil ocaqlarının bu məsələlər barədə düşünməsi, islahatların, təkmilləşmənin yeni formalarını tətbiq etməsi məntiqli və düzgün istiqamətdir. Qeyd edək ki, Azərbaycan Dövlət Pedaqoji Universitetin, daha sonra isə Azərbaycan Universitetinin tələbələri imtahanların testlə deyil, yazılı formada keçirilməsinə etiraz ediblər.

Mənbə: Trend.Az

4 noyabr 2013
GO BACK