Qadin.NET / Azərbaycanda tələbə köçürmələri ilə bağlı yeni qaydalar açıqlandı

Azərbaycanda tələbə köçürmələri ilə bağlı yeni qaydalar açıqlandı

 

 

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin bir təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülmələri ilə bağlı yeni qaydalar artıq hazırlanıb və hazırda onların müzakirəsi başa çatmaqdadır. Sənəd təsdiq olunduqdan sonra yeni qaydaların növbəti ildən tətbiqi nəzərdə tutulur. Yeni qaydalarda tələbələrin köçürülmələrinə dair müəyyənləşdirilmiş şərtlər köçürülmə prosedurunun asanlaşdırılmasına yönəlib. Yeni qaydalara görə, yalnız öz ölkəsində akkreditə olunmuş xarici ölkə ali təhsil müəssisələrinin tələbələrinin respublikamızın ali təhsil müəssisələrinə köçürülməsinə və ya bərpasına icazə veriləcək. Həmin icazə yalnız tələbənin təhsil aldığı müddətdə həmin şəhərdə yaşamasında və səhhətində problem yarandıqda, yaxud həmin müddətdə ailə vəziyyəti ilə bağlı yaşayış yerini dəyişdikdə verilə bilər. Xatırladaq ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən istifadəyə verilmiş "Tələbə-məzun" Dövlət Elektron Məlumat Sistemindəki məlumatlara əsasən, son 20 ildə Azərbaycanın bir təhsil müəssisəsindən digər təhsil müəssisəsinə edilən köçürmələrin sayı isə 1375 olub. Ümumilikdə son 20 ildə Azərbaycan ali məktəblərinə xarici təhsil müəssisələrindən 2052 nəfər qəbul edilib. Qeyd edək ki, Təhsil Nazirliyinin 7 avqust 1996-cı il tarixli, 402 saylı əmri ilə təsdiq olunmuş Əsasnaməyə görə, tələbələrin bir dövlət ali təhsil müəssisəsindən digər dövlət ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi birinci kurs və axırıncı semestr istisna olmaqla, Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə müvafiq ali məktəb rəhbərliyi tərəfindən həyata keçirilir. Mövcud qaydalara görə, tələbələrin bir ali məktəbdən digərinə köçürülməsinə yalnız əsaslı səbəblər olduğu halda icazə verilir. Bununla bağlı müraciətlərə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsində baxılır, sənədlər araşdırılır. Əsaslandırılmış səbəblər olduğu halda (ailə qurduqda, sağlamlıqla bağlı problem olduqda, yaşayış yerini dəyişdikdə və s.) şöbənin verdiyi təqdimat əsasında tələbənin köçürülməsinə razılıq verilir.

Mənbə: Milli.Az

4 noyabr 2013
GO BACK