Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Qazaxıstanın Almatı şəhərində keçirilən dünya çempionatının yekununa əsasən açıqlanan siyahının ilk “üçlüy”ündə Azərbaycan millisinin 2 üzvü yer alıb. Belə ki, ardıcıl ikinci dəfə dünya çempionu olan Məhəmmədrəsul Məcidov(+91 kq) liderliyini qoruyub. O, öz çəkisində yenə birincidir. Məcidovla yanaşı, mundialın bürünc medalını qazanan Teymur Məmmədov(91 kq) reytinq cədvəlində ikincidir. Həmyerlimiz yalnız Olimpiada və Almatıda uduzduğu Klemente Russodan (İtaliya) geri qalır. Qeyd edək ki, dünya çempionatında gənc boksçumuz Cavid Çələbiyev qızıl medal qazansa da, hələ “üçlüy”ə düşə bilməyib.
Mənbə: Milli.Az