Noyabrın 2-də Müasir İncəsənət Muzeyində Azərbaycanın Əməkdar Rəssamı Eldar Qurbanovun fərdi sərgisi açılıb. AzərTAc-dan Trend-ə daxil olan məlumata əsasən, anadan olmasının 65, yaradıcılıq fəaliyyətinin isə 40 illiyinə həsr olunmuş sərgidə fırça ustasının 85 əsəri nümayiş olunub. Tədbirdə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov, Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, Xalq Rəssamı, akademik Xanlar Əhmədov, muzeyin icraçı direktoru Xəyyam Abdinov və Əməkdar Rəssam İsmayıl Məmmədov E.Qurbanovun özünəməxsus yaradıcılıq üslubundan söz açıblar. Bildirilib ki, Eldar Qurbanov 1989-cu ildə Xəzəryanı respublikaların Biennalesində "Şair və Muza" əsərinə görə birinci dərəcəli diplom və qızıl medala layiq görülüb. O, 1994-cü ildə Azərbaycan Rəssamlar İttifaqının Soltan Məhəmmədin xatirəsinə həsr olunmuş müsabiqəsinin laureatı olub. Qeyd edilib ki, onun əsərləri Azərbaycan Rəssamlar İttifaqında, Rusiya Rəssamlar İttifaqında, Tretyakov qalereyasında, Hyustonda "Ramko" İncəsənət Mərkəzində, İstanbulda, o cümlədən Azərbaycanda və xaricdə şəxsi kolleksiyalarda saxlanılır. Tədbirdə Eldar Qurbanova Dünya Rəssamlıq Akademiyasının diplom və medalını təqdim edilib. Bütün iştirakçılara minnətdarlığını bildirən E.Qurbanov bundan sonra da Azərbaycan təsviri sənətinin inkişafı naminə yorulmadan fəaliyyət göstərəcəyini söyləyib. Sonra tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar. Sərgidə nümayiş olunan əsərlər bir daha sübut edib ki, Eldar Qurbanov dünyanın rənglərinə vurğundur. Onun kompozisiyaları ümumiləşdirilmiş formaların qarşılıqlı təmasından qurulub. Rəssamın əsərlərində səmimilik, canlı təxəyyül, təəccüblənmək və təəccübləndirmək qabiliyyəti xüsusilə diqqəti cəlb edir.
Mənbə: Trend.Az