Noyabrın 3-də insanlar Bakıda Günəş tutulmasını müşahidə ediblər. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından (ŞAR) Trend-ə bildiriblər ki, Günəş tutulması saat 14:06-da başlayıb, 19:28-də sona çatacaq. Günəş tutulması, əsasən, ekvator boyunca özünü göstərir, Afrika, Amerikanın bir hissəsini əhatə edir. Bakıda isə Günəş tutulması 17:24-də müşahidə edilib: "Bakıda Günəş tutulması axşam tərəfi - günün batmasına 5-10 dəqiqə qalmış müşahidə edilib. Həmin vaxt Günəşin aşağı hissəsindən kiçik bir hissə qaralmağa başlayacaq. Bu qaraltı Ayın Günəşin qarşısını kəsdiyi hissədir. Biz onu təxminən 8-9 dəqiqə ərzində gözlə müşahidə edə biləcəyik".Azərbaycanda Günəş tez - təxminən 17:30-da batdığı üçün tutulma hadisəsinin sona çatmasını görmək mümkün olmayıb.Məlumata görə, Günəş tutulmaları gözlə görüldükdə insanlara yalnız psixoloji baxımdan təsir edə bilər. Bu hadisələrin insan səhhətinə başqa heç bir təsiri olmur.