Buna görədir ki, uğura gedən yol kitab oxumaqdan, maariflənməkdən keçir. İndiki dövrdə kitaba maraqla bağlı fikirlər birmənalı deyil. Məsələn, orta nəsil hesab edir ki, gəncliyin kitaba marağı azdır. Onlar deyirlər: “Bizim dövrün uşaqları daha çox oxuyurdular, vaxtlarının çoxunu kitab əhatəsində, kitabxanalarda keçirirdilər. İndiki gənclərdə isə bu, az hiss olunur. İndi gənclər daha çox günlərini internet qarşısında keçirirlər”. Lakin kompyuterin qarşısında oturmaq heç də vaxtın boş keçməsi anlamına gəlmir. Artıq müasirləşmə dövrüdür, texnologiya inkişaf edir. Bu dəyişikliklər hər sahədə olduğu kimi, kitablardan da yan keçməyib. Son zamanlar “kitab” sözünün yanına bir söz də əlavə olunub - “Elektron kitab”. “Elektron kitab”dan istifadə hətta kitabxanalarda da özünü göstərməyə başlayıb.
“Elektron versiyada 6-7 nəfər eyni vaxtda 1 kitabdan istifadə edir”
“Elektron kitab”lardan Azərbaycan Milli Kitabxanasında da istifadə edilir. Bu barədə bizimlə söhbətində Milli Kitabxananın lokal şəbəkədən istifadə üzrə oxu zalı bölməsinin müdiri Fatma Hüseynova məlumat verdi. Onun sözlərinə görə, oxuculara özəl xidməti daha da yaxşılaşdırmaq üçün bu bölmə açılıb: “Bəzən kitabxanamızda hansısa kitabdan bir nüsxə olurdu və bir neçə oxucu eyni anda eyni sifariş verirdi. Cəmi bir dənə olduğu üçün onların bu tələbini yerinə yetirə bilmirdik. Amma elektron versiyada 6-7 nəfər eyni kitabdan, eyni vaxtda istifadə edə bilər. Elektron kitabxana beləcə gənclərin köməyinə çatır”. Gənclərin “Elektron kitab”lara marağına gəlincə, Fatma Hüseynova: “Kitab vərəqləmək bəzi gənclərə yorucu gəlir. Ona görə də “Elektron kitablar”a üstünlük verirlər”,-deyə qeyd etdi.
“Elektron kitabxanamızda “onlayn” sifariş də var”
“Mən kitabxanada işləməmişdən əvvəl elə bilirdim ki, kitab oxuyan yoxdur, amma əksinə imiş. Bizim dövrümüzdə informasiya almaq mümkün deyildi, indiki gənclər isə hər məlumatı evdən çıxmadan izləyə, ala bilirlər. İndiki gənclərin seçim imkanı genişdir”,-deyir Fatma Hüseynova. Milli Kitabxananın baş biblioqrafı Samirə Eminova da elektron kitablara maraqdan danışdı: “Oxucular istədikləri kitabı elektron versiyada gəlib oxuya bilirlər. “Elektron kitab”lardan istifadə etməklə vaxtına qənaət etmiş olursan. Bu kitabların yaxşı tərəfi ondadır ki, vaxt itkisinə yol verilmir, səmərəli istifadə edilir. Bundan başqa, bizim elekton kitabxanada həm kitab oxuyur, həm də lazım olan hissəsini kopyalaya bilirlər”. Kitabxananın biblioqrafı Fərqanə Əliyeva isə əlavə etdi ki, yaş qrupundan asılı olmayaraq, kitabxanaya müraciət edən oxucuların çoxu Azərbaycan ədəbiyyatına deyil, dünya ədəbiyyatına üstünlük verirlər: “Bizim elektron kitabxanamızda “onlayn” sifariş də var. 3-4 saat öncədən sifariş qəbul olunur və oxucu elektron kitabxanada kitabı rahat əldə edə bilir. Tələbə oxucularımızın sayı daha çoxdur. Kitab qıtlığını aradan qaldırmaq üçün indiki şəraitdə “elektron kitab”lardan istifadə daha məqsədəuyğundur. Həmçinin kitablar əldən-ələ keçərək korlanmır”.
“Lazım olan kitabları baha qiymətə almaqdansa”...
Kitaba marağın az olmasının başqa səbəblərindən biri də heç şübhəsiz ki, onların qiymətinin baha olmasıdır. Buna görə də gənclər kitabı almaq yerinə, elektron versiyada oxumağa üstünlük verirlər, bu da bir növ internetdən asılılığa gətirir. “Elektron kitab”ların xeyri ilə yanaşı, mənfi cəhətləri də vardır ki, bu barədə oxucuların özlərindən soruşduq. Bakı Dövlət Universitetinin Politologiya fakültəsinin 3-cü kurs tələbəsiƏfsaləddin Hani sualımıza belə cavab verdi: “Əslində “elektron kitab”lara üstünlük versək də, adi kitabların marağını vermir. Amma satışda istədiyimiz kitabları tapa bilmirik, ya da qiyməti baha olur. Kitabxanaların hamısında vəziyyət qənaətbəxş deyil, istədiyimiz kitabları çətinliklə əldə edə bilirik. Bu da kitaba marağı azaldır”.
“Kitab almaq büdcəmizə uyğun deyil”
Digər müsahibimiz Zülfiyyə Əliyeva: “Bir gənc olaraq kitab oxumağa həvəsim olsa da, daha çox klassik ədəbiyyata, dedektiv janrına üstünlük verirəm. Ancaq “elektron kitab” oxumağa həvəsim yoxdur. Gözlərimə mənfi təsir edir”,-dedi. Mövzuya münasibət bildirən Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsinin 3-cü kurs tələbəsi Rəşad Ağayev də qeyd etdi ki, kitabların qiyməti onu qane etmir və tələbə olduğu üçün kitab almaq büdcəsinə uyğun deyil.
Mənbə: Milli.Az