“İmtahanların yazılı və ya şifahi keçirilməsini universitetlər özü müəyyənləşdirir, onlar bu məsələdə müstəqildirlər”.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında son günlər ali məktəblərdə imtahanların yazılı formada keçirilməsinə olan etirazlara münasibətini bildirən təhsil nazirinin müavini Ceyhun Bayramov deyib. Nazir müavini bildirib ki, ali məktəblərdə imtahanın bu və ya digər formada aparılması xüsusi önəm kəsb etmir: “Əsas məqam imtahanın yazılı və ya şifahi olması deyil, əsas imtahanın düzgün aparılması, formalaşdırılması və biliklərin düzgün qiymətləndirilməsidir. Təhsil Nazirliyi olaraq biz hər zaman təhsilin keyfiyyətinin yaxşılaşdırılması, tələbələrin biliyinin düzgün qiymətləndirilməsinə yönələn təşəbbüsləri dəstəkləyəcəyik”.