Azərbaycanda internat məktəblərinin qısa müddət ərzində tamamilə ləğvi və ya bağlanması gözlənilmir. APA-nın xəbərinə görə, bu barədə təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, Azərbaycanda dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramında (2006-2015-ci illər) uşaqların ailələrə verilməsi əksini tapıb. Dövlətin bu məsələdə yanaşmasının belə olduğunu deyən nazir müavini qeyd edib ki, ancaq bu proses mərhələlərlə getməlidir: “İnternatlarda uşaq kontingenti olan müddətdə onlar bağlana bilməz. Bu problem olana kimi internat məktəbləri də fəaliyyət göstərəcək”.C. Bayramov Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının icrası istiqamətində görüləcək işlərdən də danışıb. O qeyd edib ki, həmin strategiyaya əsasən, 5 ay ərzində Nazirlər Kabinetinə tədbirlər planı təqdim edilməlidir: “Tədbirlər planı qəbul edildikdən sonra təhsilin hər bir pilləsi üzrə proqramlar, yeni qaydalar həyata keçiriləcək. Təhsillər bütün pillələri ilə bağlı məsələlər proqram icrası zamanı həllini tapacaq”.
Mənbə: Lent.Az