Artıq oktyabrın ilk günlərindən başlayaraq havaların kəskin dəyişməsi bu proqnozu doğruldur. Payız fəslinin gəlişi və ölkədə son günlər müşahidə olunan soyuq hava şəraiti kommunal sektorda qışa hazırlıq tədbirlərinə nəzarətin artırılması zərurətini yaradıb. Bir neçə aydan sonra qış qapımızı döyəcək. İşığa, qaza tələbat artacaq, binaların isitmə sistemlərinin problemləri gündəmə gələcək. Bəs müvafiq qurumlar bu tələbatı ödəməyə hazırdırmı?
İşığımız yanacaq...
“Bakıelektrikşəbəkə” ASC-dən verilən məlumata görə, qarşıdan gələn payız-qış mövsümündə abonentlərin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təchiz olunmaları məqsədilə yenidənqurma, təmir-bərpa işləri aparılır: “Görülən tədbirlər sayəsində paytaxtda dairəvi təchizat sistemi yaradılıb və bu sistemin tətbiq olunması paylayıcı və ötürücü şəbəkələrin dayanıqlığını artırıb. Bununla əlaqədar investisiya proqramında bu sistemə daxil olan 110 kV-luq yarımstansiyaların tikintisi prioritet yer tutur. Qeyd olunan sxem gələcəkdə paytaxtın elektrik enerjisinə olan tələbatın tam ödənilməsinə zəmanət verəcək. Bu yaxınlarda, Bakının Nizami rayonu ərazisində 110/35/6 kV-luq 204 nömrəli yarımstansiya istifadəyə verildi. Bu yarımstansiyanın əsaslı şəkildə yenidən qurulması da bu sahədə həyata keçirilən ardıcıl tədbirlərin davamıdır”. Bir çox iri obyektləri və çoxsaylı yaşayış binalarını elektrik enerjisi ilə təchiz etmək üçün 110/35/6 kV-luq 204 nömrəli yarımstansiyadan qidalanan 3 yeni 35/6 kV-luq “Koroğlu”, 208 və 217 nömrəli yarımstansiyalar da inşa edilib”. ASC-dən o da bildirildi ki, yuxarıda qeyd olunan yarımstansiya “Bakıelektrikşəbəkə” ASC tərəfindən tikilən yeganə yarımstansiya deyil: “Cari ilin əvvəlində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin paytaxtın Nərimanov rayonundakı 110/35/6 kilovoltluq yarımstansiyanın açılışında iştirak edib, həmçinin videokonfrans vasitəsilə Nəsimi rayonundakı 117 nömrəli, Suraxanı rayonundakı “Hövsan”, Binəqədi rayonundakı 207 nömrəli, Səbail rayonunun Bibiheybət qəsəbəsindəki 102 və 118 nömrəli 35 kilovoltluq yarımstansiyaların, eləcə də Xəzər, Suraxanı, Sabunçu, Qaradağ, Yasamal rayonları idarələrinin inzibati binalarının və Nəzarət Departamentinin ofisinin açılış mərasimləri olub”. Ümumilikdə Səhmdar Cəmiyyətin fəaliyyəti bərpa olunan 2006-cı ildən bəri ötən müddət ərzində 23 ədəd müasir tipli 110 kV-luq və 61 ədəd 35 kV-luq yeni yarımstansiyalar inşa edilib, 2000-dək Transformator Məntəqəsi (TM) və Komplektləşmiş Transformator Məntəqəsi (KTM) tikilmiş və əsaslı təmir olunub, 16 min km-dən artıq elektrik veriliş xətləri çəkilib. Həmçinin, 1748,4 km uzunluğunda 110 və 35 kV-luq kabel xətti çəkilib, 3210,1 km uzunluğunda 10 kV-luq və 4020,7 km uzunluğunda 0,4 kV-luq elektrik verliş xətti çəkilib təhvil verilib, 11153,4 km uzunluğunda hava xəttləri müasir tipli özünüdaşıyan izolyasiyalı naqillərlə (ÖİN) yenidən qurulub: “Hazırda 110 kV-luq və 35 kV-luq yarımstansiyalarda yenidənqurma, təmir-bərpa işləri davam etdirilir. Həyata keçirilən tədbirlər nəticəsində şəbəkənin qoyuluş gücü 3048 MVA-dan 5816,4 MVA-dək artıb və 2006-cı illə müqayisədə 90 faiz artıb”. "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev də jurnalistlərə açıqlamasında bildirib ki, rəhbərlik etdiyi qurum paylayıcı şəbəkələr tərəfindən qışa tam hazırlıq görülüb. O, ölkənin elektrik enerjisi təminatında heç bir problem olmadığını deyib: “Düzdür, sonuncu qasırğa vaxtı bəzi rayonlarda xırda problemlər oldu. Ancaq problem yarananda təcili olaraq aradan qaldırılır”. E.Pirverdiyev qeyd edib ki, paylayıcı şəbəkələr yaxın 5-6 il ərzində tam yenidən qurulmalıdır.
Qazımız da olacaq...
Payız və qış mövsümünə hazırlıq tədbirləri çərçivəsində qaz təsərrüfatında da işlər görülür. Bu il payız-qış mövsümünə hazırlıq tədbirləri çərçivəsində dağ rayonları ucqar kəndlərin qazlaşdırılmasına xüsusi diqqət yetirir. 1992-ci ildən bəri təbii qaz verilməyən yüzlərlə kəndə qaz xətti çəkilib, müasir paylayıçı şəbəkələr qurulub, 20-dən çox rayon mərkəzində isə magistral və məhəllədaxili boru xətti yenidən qurulub. Hazırda ucqar kəndlərin qazlaşdırılmasına dair bu il üçün nəzərdə tutulmuş layihələrin 95 faizə qədərinin icrası başa çatdırılıb və həmin kəndlərin çoxunun hazırda “mavi yanacaq”la təmin edildiyi bildirilir. Payız-qış mövsümünə hazırlıq tədbirləri çərçivəsində paytaxtətrafı ərazilərdə də yenidənqurma işləri aparılıb. Belə ki, istər Bakının mərkəzi hissəsində, istərsə də ətraf kənd və qəsəbələrdə yaşayış binalarının və obyektlərin fasiləsiz olaraq təbii qazla təmin edilməsi üçün bütün paylayıcı şəbəkələr yoxlanılıb. ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, ölkə ərazisində qışa hazırlıq üzrə işləri başa çatdırılır: “Qazpaylayıcı şəbəkələrin avadanlıqlarının təmiri üzrə işlər də artıq başa çatıb və hazırda ölkədə qazpaylayıcı stansiyaların avadanlıqlarının sazlanması aparılır”.
Mərkəzləşdirilmiş istiliklə təchiz olunan binaların sayında artım var
“Azəristiliktəchizat” ASC-nin xidmət rəisi Rafiq Əliyevin sözlərinə görə, bu mövsümdə qurub 3 120 yaşayış binasını istiliklə təchiz edəcək ki, bunun da 2 870-i Bakı şəhərinin payına düşür. Xidmət rəisi bildirdi ki, bu il 300-dən artıq yeni bina istiliklə təchiz olunacaq. Bu isə istilik veriləcək binaların sayının təxminən 11 faiz artması deməkdir. “Azəristiliktəchizat”ın mənbələrinə qoşulmuş bütün məktəb, uşaq bağçaları, səhiyyə ocaqları istilik alacaq: “Bu il ayrılan vəsait hesabına 515 yeni qazanxana və 115 ədəd istilik qovşağı yaradılıb. Həmçinin 6 məktəb, 24 uşaq bağçası və 1 xəstəxana yeni mövsümdən istilik qovşağına daxil edilib. Həmçinin qışa hazırlıq mövsümündə bütün qazanxana və istilik məntəqələrində təmir işləri tam şəkildə başa çatıb. Belə ki, qazanxanalarda olan nasoslardan tutmuş elektrik mühərriklərinə qədər hər şey təmir olunub. Üstəlik, istismarın etibarlılığını təmin etmək üçün nəzarət ölçü cihazları və elektrik avadanlıqlarının dəyişdirilmə və sazlanması işləri də, demək olar ki, başa çatdırılıb. Onun sözlərinə görə, hazırda magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilir”. R.Əliyev qeyd edir ki, təmsil etdiyi qurumun illik fəaliyyət planına uyğun şəkildə hər il əvvəlki qış mövsümü başa çatandan sonra həm yaşayış, həm də sosial obyektlərin istilik təchizatı ilə bağlı real vəziyyət araşdırılaraq qrafik hazırlanır: “Həmin qrafikə mənzillərlə yanaşı uşaq bağçaları, məktəblər, səhiyyə müəssisələri də daxil edilir: Bu il qış mövsümünə hazırlıqla əlaqədar “Azəristiliktəchizat” tərəfindən xüsusilə Bakı şəhərində çox mühüm tədbirlər görülüb. Məhz görülən işlər nəticəsində bu qış istiliklə təmin ediləcək yaşayış binalarının sayı artıb”.
Mənbə: Milli.Az