Qadin.NET / "Maşa və Ayının Şərqdə yeni il sərgüzəştləri" artıq Bakıda

"Maşa və Ayının Şərqdə yeni il sərgüzəştləri" artıq Bakıda

 

Gürcüstanın “Multi-Pulti dünyası” teatrı “Maşa və Ayı” tamaşasının “Maşa və Ayının Şərqdə yeni il sərgüzəştləri” adlı yeni seriyası ilə Azərbaycan tamaşaçılarının görüşünə gələcək. Teatrın Bakıya növbəti qastrol səfəri yeni il bayramı ərəfəsində reallaşacaq. Balaca tamaşaçılar sevimli qəhrəmanları Maşa və Ayını, eləcə də digər sevimli nağıl qəhrəmanlarını 27, 28, 29, 30 dekabr, 2, 3, 4 yanvar tarixlərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görə biləcəklər. Milli.Az xəbər verir ki, “Multi-Pulti dünyası” teatrı “Maşa və Ayı” tamaşasını lisenziya əsasında hazırlayıb və Qafqazda rəsmi tərəfdaşlıq hüququna malikdir. Bu layihə silsilə xarakteri daşıyır və gələcəkdə də davam etdiriləcək. Tamaşa məxsusi olaraq, Azərbaycan tamaşaçıları üçün “Maşa və Ayı” cizgi filmi və Şərq nağıllarının motivləri əsasında hazırlanıb. Tamaşadakı hadisələr Yeni il ərəfəsində cərəyan edir. Ayı və Maşa yeni il yolkası bəzəməyə hazırlaşırlar. Birdən dənizin o tayından bir quş uçub gəlir və uzaq Şərqdə onların dostlarının böyük bir bəlaya düşdüyünü xəbər verir. Maşa və Ayı onlara kömək etmək üçün yola düşməyə hazırlaşırlar. Təmkinli Ayı səfərə hazırlaşmağa gedir, səbirsiz Maşa isə Ayını gözləməyərək, quşla bir yerdə uçub gedir. Ayı bu uzaq yolu təkcə qət etməyə məcbur olur. Şahzadə Xəlifin sarayına çatan Maşa, şahzadənin, nişanlısının və uşaqların başına gələn bədbəxtlikdən xəbər tutur. Bütün baş verənlərin günahkarı Zalım Sehrbaz və Quldurdur. Maşa hamıya kömək etmək istəyir. Ancaq o təkbaşına şər qüvvələrin öhdəsindən gələ bilməz. Ayı və Şaxta Baba köməyə gəlir. Birlikdə onlar bütün şər qüvvələrə qalib gəlirlər. Maşa və Ayı evə qayıdır, tezliklə digər nağıl qəhrəmanları da onlara qoşulurlar. Hamı bəzənmiş yolkanın ətrafında əl-ələ tutub, dövrə vurur və bir-birilərini bayram münasibəti ilə təbrik edirlər. Tamaşa iki variantda - Azərbaycan və rus dillərində hazırlanacaq. Məşhur cizgi filminin motivləri əsasında, gürcü rejissoru Qoşa Kviçianın quruluşunda hazırlanan tamaşada gürcü və azərbaycanlı aktyorlar çıxış edəcəklər. Balaca tamaşaçıları Şaxta Baba və cizgi filmlərinin qəhrəmanları ilə birgə unudulmaz yeni il şənliyi və çoxlu sürprizlər gözləyir. “Multi-Pulti dünyası” teatrı uşaqların ən sevimli bayramı olan yeni il bayramında balaca tamaşaçılarını sevindirmək üçün 200 manatdan yuxarı məbləğdə bilet alan qruplara xüsusi sürpriz təqdim edəcək. “Maşa və Ayı” cizgi filminin qəhrəmanları, həmçinin şən klounlar onların evinə, uşaq baxçasına, yaxud məktəbə qonaq gələcək.
Biletlər şəhərin bütün kassalarında 6 manatdan başlayan qiymətlərlə satılır. 
Mənbə: Milli.Az

 

1 noyabr 2013
GO BACK