Qadin.NET / Göygöl ilin sənətkarlıq paytaxtıdır

Göygöl ilin sənətkarlıq paytaxtıdır

Bəlli olduğu kimi, respublika Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə Göygöl rayonu 2013-cü il üçün sənətkarlıq paytaxtı elan olunmuşdur. Cari ilin mart ayında nazirliyin bu barədəki diplomunun və kubokun təqdimi ilə rayon mədəniyyət evində geniş sərgi təşkil edilmiş və müşavirə keçirilmişdi.Sonra rayonun ayrı-ayrı bölgələrində axtarış-təbliğat tədbirlərinə başlanılmışdı. Göygölün sənətkarlıq paytaxtı elan edilməsi bu yerlərdə geniş əks-səda doğurmuş, el sənətini sevənlərin fəallaşmasına səbəb olmuşdur. Xalq sənətinin ən müxtəlif sahələri üzrə onlarla istedadlı oğlan və qız müəyyən edilmiş, onlara məharətlərini göstərmək üçün imkan daxilində müəyyən şərait yaradılmış, sərgilər düzəldilmiş, görüşlər keçirilmiş, xüsusilə fərqlənənlərə fəxri fərmanlar və sertifikatlar verilmişdir.Axtarışların yekunları barədə ümumrayon toplantısı keçirilmişdir. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, ziyalılar, xalq sənətinin biliciləri iştirak edirdilər. Bu münasibətlə mədəniyyət evində açılmış geniş sərgidə onlarla xalq sənətkarının əl işləri nümayiş olunurdu.Rayon icra hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova tədbiri açaraq qeyri-mədəni irsin qorunması, o cümlədən milli sənətkarlığın, yəni xalq dekorativ-tətbiqi və təsviri sənətin dəstəklənməsi sayəsində ölkə üzrə görülən tədbirləri xüsusi vurğuladı. Mədəniyyət və Turizm Nazirliyinin məsul işçisi Cabbar Süleymanov tədbirdə çıxış etdi. Rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Şərqiyyə Hümbətova bu sahədə Göygöldə görülən işlər barədə ətraflı məlumat verdi. Toplantıda qeyd edildi ki, dövlət tərəfindən xalq yaradıcılığının inkişafına böyük önəm verilir. Ona görə də mədəniyyət ocaqlarının fəaliyyətində bu istiqamət mühüm yer tutur və gündəlik işlərdə xalq yaradıcılığının inkişafına xüsusi diqqət yetirilir.Son illər ölkəmizdə müntəzəm surətdə təşkil olunan beynəlxalq tədbirlər, Dünya Mədəniyyətlərarası Dialoq Forumu, mədəni irslə bağlı konfranslar və digər tədbirlər, təqdimatlar milli mədəniyyətimizin sərhədlərini aşaraq bəşər xəzinəsinin ayrılmaz hissəsinə çevrilməsinə imkan vermişdir. Çıxışlarda minnətdarlıqla qeyd olundu ki, Azərbaycan xalqının qədim tarixi irsini, zəngin adət-ənənələrini, mənsub olduğu dəyərləri qoruyub saxlamaq, onu gələcək nəsillərə çatdırmaq hər zaman dövlətin diqqət mərkəzindədir. Bu sahədə ölkə rəhbəri cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və onların rəhbərliyi ilə həyata keçirilən işlərin əhəmiyyəti təqdirəlayiqdir. Bu intensiv fəaliyyətin nəticəsində aşıq sənəti, milli xalçaçılıq sənəti, tar ifaçılığı sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Azərbaycan muğamı və xalqımızın qədim ənənələrini özündə yaşadan Novruz bayramı da UNESCO-nun siyahısında yer alıb.Göygöl şəhərinin də sənətkarlıq paytaxtı elan edilməsi ölkədə xalq sənətkarlığına olan qayğı və diqqətin daha bir əyani nümunəsidir... Belə tədbirlərdə məqsəd Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, dəstəklənməsi, milli adət-ənənələrin tədqiq və təbliğinə təkan verməkdən ibarətdir.Sonra il ərzində xüsusi fərqlənən sənətkarlardan çəllək ustası Cahan Cəfərova, rəssam Rizvan Əliyevə, toxucu Mələk Rüstəmovaya, dekorativ sənət ustası Mehriban Məmmədovaya və başqalarına fəxri fərmanlar təqdim olundu. Maraqlı və məzmunlu keçən tədbir folklor və xalq ifaçılıq sənəti nümayəndələrinin konserti ilə başa çatd.

 

Mənbə: Milli.Az

1 noyabr 2013
GO BACK