Qadin.NET / Geyim - duyğu dünyamızı, başqalarının bizə münasibətini dəyişən vasitə

Geyim - duyğu dünyamızı, başqalarının bizə münasibətini dəyişən vasitə

 

 

Hamımız səliqəli, zövqlə, dəbə uyğun geyinməyi sevirik və hər dəfə çalışırıq ki, bizə yaraşan, rahat geyim alaq. Lap müasir dəbə uyğun olmasa da, əsas odur əynimizə yaxşı otursun. Ancaq bu geyimlər çox vaxt qınaq obyektinə çevrilir. "İnsanı geyiminə görə qarşılayıb, savadına görə yola salarlar" deyib atalarımız. Hər bir insan öz düşüncələrinə, həyat tərzinə görə geyinir. Geyimlərimiz bizim haqqımızda bizdən öncə məlumat verir. Uzun müdət eyni tərz insanda imici formalaşdırır. İnsanların imici - geyim forması onların daxili dünyası ilə sıx əlaqəlidir. Geyimə baxıb insanın kimliyini, nə işlə məğul olduğunu, işlərində nə qədər müvəffəqiyyət qazanıb-qazanmadığını belə bilmək mümkündür. Modelyer Nərmin Rüstəmovanın fikrincə, bəzən insanlar daxili dünyalarını geyimlərində tam aça bilmirlər: "İmic 3 cür olur. Öz imici - bu insanın özünü görmək istədiyi imic, qəbul edilən imic başqalarının xaricdən insanı necə gördüyü imic, istənilən imic isə adamın özünü necə görmək və başqalarına necə görünmək istəyidir. Bunlardan üçüncüsü hər zaman çatmaq üçün çalışılan hədəfdir. Fərdi imicin karyera inkişafındakı başlıca vasitələrdən biri olaraq görülməsinin bəzi diqqətə çarpan səbəbləri var". Müsahibimiz deyir ki, geyim tərzinin, imicin karyerada hədəflərə çatmaqda böyük rolu var. Çünki insanlar ilk öncə gördüklərinə inanarlar. Sıx iş mühitində insanın geyimi üzərində çalışmağa zamanı olmadığı üçün ilk əldə edilən təəssüratlara güvənmək lazımdır: "Mən fikir verirəm, istər iş qadınları, istərsə də evdar xanımlar çox zaman nə geyindiklərinin fərqində olmurlar. İş qadınlarının idman geyimlərində, evdar qadının ziyafət geyimləri ilə cəmiyyət arasına çıxması çox acınacaqlı bir vəziyyətdir. Qadınlarımızın çoxu qlamurluq etmək istəyində olduğu üçün bir-birinə uyğun olmayan geyimləri uyğunlaşdırmağa can atırlar. Əslində isə qlamurluq qeyri-adilikdir. Qlamurluq toy köynəyi ilə idman şalvarı geymək demək deyil". Modelyerin bildirdiyinə görə, indi elə bir dövrdür ki, gənclərimiz internet məkandan moda haqqında məlumatlanırlar. Bu məlumatlanma isə çox zaman onların zərərinə olur. Avropada yaşayan hər hansı bir müğənninin geyimini Azərbaycanda gündəlik geyim kimi geyinirlər. Bu da zövqsüzlükdən xəbər verməklə yanaşı insanlar haqqında mənfi fikirlər yaradır: "Hər bir geyimin öz yeri var. Mini ətəyi gündəlik iş yerinə və dərsə geyinmək müasirlik sayılmır. İşin iş geyimi olmalıdır. Və yaxud idman geyimi ilə toya getmək insanı gülünc duruma sala bilər. Bəzi insanlar var ki, özləri dəbdən danışıb, dəbsiz geyinirlər. Mən onlara təklif edərdim ki, çox yox, bir dəfə modelyer dizaynerlə məsləhətləşib, bədən formalarına uyğun geyimlər haqqında məlumat alsınlar". ABŞ mütəxəssislərinin araşdırmalarına görə, insanlar bir-birləriylə ilk dəfə qarşılaşdıqlarında 90 faizi ilk bir neçə dəqiqə içində daha çox görünüşə (fiziki xüsusiyyətlər, bədən dili, paltarlar və s.) fikir verərək ilk təəssürata malik olurlar. Bu səbəbdən əgər iş görüşməsinə gedirsinizsə, iş üçün uyğun bir geyim geyinməlisiniz. Paltarların tərzləri, rənglər və istifadə edilən aksessuarlar fərdi imicin bir işarələridir. Psixoloqların fikrincə, geyim adamın yalnız görünüşünü deyil, düşüncələrini də təyin edir. Cənazələrdə qara, toylarda ağ geyinilməsinin də bir mənası var. Ümumiyyətlə, geyim mədəniyyəti, geyimlərin anlamı olmasaydı, hamı bir şeyə bürünüb ortaya çıxardı. Psixoloq Nigar Məmmədova hesab edir ki, fərdi geyiminə görə dini baxımdan da qiymətləndirmə adlı bir kateqoriya var: "Məsələn, uzun saçlı, qara paltar geyinən tiplər bəzi insanlar tərəfindən dərhal satanist deyə qiymətləndirilirlər. Və ya qəşəng və rəngli geyimli gənclər küçədə "bu yeni nəsil nə geyindiyini də bilmir" ifadəsini eşidər çox zaman". Paltarlarınız, ailə quruluşunuz, mədəni qarşılıqlı təsirləriniz, üzərinizdəki çevrə basqısı, maddi vəziyyətiniz və bədən quruluşunuzla yanaşı daxili dünyanız haqqında çox şey deyir. Əslində duyğularınız və düşüncələriniz qarderobunuzda bütün çılpaqlığıyla yatır, onları görmək lazımdır. N.Məmmədovanın sözlərinə görə, paltarlarımız duyğu dünyamızı dəyişə, özümüzü daha yaxşı hiss etdirə, eyni zamanda başqalarının da bizə qarşı fikirlərini dəyişə bilər: "İnsanlar çox zaman öz yaşlarını hiss etmirlər. Yəni 40 yaşlı qadın özünü 25 yaşında hiss edib, elə geyinə bilər. Bu isə onu cəmiyyət arasında gülünc vəziyyətə salar. Amma unutmamaq lazımdır ki, yaş keçir və hər yaşın öz geyimi var". Paltar adamın psixologiyasını dəyişdirir. Elə bir paltar geyərsiniz ki, özünüzü çox xoşbəxt, güclü hiss edərsiniz. Amma tam əksinə bir paltar geyərsiniz, sizi yerin dibinə batırar. "Paltarların da belə bir dili var. İnsanlar geydiyi paltarlarla özünü güclü və ya gücsüz hiss edə bilər". 

Mənbə: Milli.Az

31 oktyabr 2013
GO BACK