Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Balakən rayonunda Fövqəladə Hallar Nazirliyi tərəfindən inşa olunmuş müasir standartlara uyğun Katex kənd 1 saylı körpələr evi-uşaq bağçasının açılışı olub. Balakən rayonunda 25 uşaq bağçası fəaliyyət göstərir ki, onlardan biri də Katex kənd 1 saylı körpələr evi-uşaq bağçasıdır. Sözügedən bağça ötən ilin mayında baş vermiş təbii fəlakət nəticəsində dağılaraq yararsız vəziyyətə düşüb. 1946-47-ci illərdə istifadəyə verilən və uyğunlaşdırılmış binada yerləşən bağçanın 2012-ci ilin noyabr ayında yenidən inşasına başlanılıb. Fövqəladə Hallar Nazirliyi tərəfindən tikilən bağçanın ümumi sahəsi bir hektara yaxındır. 80 yerlik bağça 2 mərtəbədən ibarət olmaqla bütün lazımi avadanlıqlarla təhciz olunub. Bağçanın qazanxanası, müasir istilik sistemi, su hovuzları, həyətyanı ərazisində uşaqlar üçün əyləncə yerləri yaradılıb. İkimərtəbəli bağçanın 1-ci mərtəbəsində qəbul otağı, yeməkxana, mətbəx, 3 ədəd ambar otaqları, həkim otağı, musiqi zalı, dayələr otağı və təsərrüfat otaqları, soyunma otağı, dərs və yataq otaqları, 2-ci mərtəbədə isə texniki otaq, yataq otağı, yuyunma, dərs və 3 soyunma otağı yerləşir. Hazırda bağçada 35 uşaq tərbiyə alır ki, onların təlim-tərbiyəsi ilə 13 müəllim və tərbiyəçi məşğul olur. Bağçanın açılış mərasimində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək bağçanın kollektivini təbrik edib. Qeyd olunub ki, rayonda qəzalı vəziyyətə düşən daha 4 bağça FHN tərəfindən yaxın vaxtlarda yenidən inşa olunacaq. Açılış mərasimində çıxış edən müəllimlər, sakinlər və valideynlər yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdar olduqlarını bildiriblər. Açılış mərasimində balaca fidanlar iştirakçılar qarşısında çıxış edərək, şerlər söyləyiblər.
Mənbə: Milli.Az