“Göz dəydi deyə işlər düz getmir”. Yəqin ki, bu sözləri hər birimiz çox eşitmişik. Bu gün əksəriyyətimiz nəzərdən və kiminsə bizə pis təsir edəcəyindən qorxuruq. Lakin, görəsən, bədnəzər, həqiqətən, varmı? Yoxsa bu, sadəcə, bir inancdır? İnama görə, gözdəymə - mənfi bioenergetik təsirdir və bu təsirdən insanın sağlamlığında, psixoloji durumunda müəyyən problemlər yarana bilər. Bildiyimiz kimi, gözdəymə və bədnəzər anlayışı bütün xaqlarda var. İslam dininə görə isə nəzər var və bu nəzərdən insan oğlu özünü qorumalıdır.
“Bədnəzər, həqiqətən də, var..”Psixoloqların fikrinə görə, nəzər, həqiqətən də, mövcuddur. Və bu nəzərin səbəbi insan gözləridir. Psixoloq Ülkər Allahverdiyevanın Milli.Az-a verdiyi məlumata əsasən, nəzər insanın həm də psixoloji durumundan xəbər verir. “Elm tərəfindən sübut olunub ki, gözlər ruhi funksiyaları və beyin gücünü ən rahat və ən təsirli şəkildə istifadə edə bildiyimiz orqanlarımızdı. Misal üçün, gözlərin vasitəsiylə hipnozu reallaşdırmaq olur. İnsan gözü ilə qarşı tərəfə ziyan verə bilər. Çünki gözlərdə şəffaflıq çoxdur. Bu isə nəzər deyə bildiyimiz hadisəyə gətirib çıxara bilər. Elə insanlar var ki, kiməsə baxır və ona paxıllığı gəlir, qısqanır, bax həmin o zaman qarşıdakına zərər verə bilər. Bir çox insanlar bundan xəbərsizdilər. Lakin elə insanlar da var ki, işləri hər dəfə düz gətirmədikdə, bunu nəzərlə bağlayırlar. “Göz dəydi mənə, yoxsa bunu bacarardım” deyən insanların əksəriyyəti özlərinə haqq qazandırmağa çalışırlar. Əslində bu, normal bir haldır. İnsan sanki özünü ovutmağa meylli olduğundan, uğursuzluqlarının çarəsini nəzərdə görür. Lakin nəzər insanda enerji şəkilində var. Çünki bildiyimiz o enerji insan daxilindən çıxmalıdı. Çıxmadığı halda insan özünü olduqca narahat hiss edir. İnsanda halsızlıq, yorğunluq, bədəndə ağrılar şəklində başlayır. Lakin enerji çıxdıqdan sonra isə insan özünü daha yüngül hiss edir. Bu enerjinin çıxmasıda bədnəzərlə nəticələnir”, - Ü.Allahverdiyeva dedi.
“İslam dinində bədnəzər necə izah edilir?” İslam dinində bədnəzərin mövcud olması barədə bir sıra ayələr var. Ümumiyyətlə, bədnəzər anlayışı bizim dində birmənalı qarşılanmır. Bəzi alimlərin fikinə görə, nəzər bir insanın digər insana mənfi enerjisini ötürməsidir. İllahiyatçı alim Yəhya Abdullayevin Milli.Az-a verdiyi məlumata görə, İslam dinində qədim zamanlardan nəzərin olmasına inanıblar: “Nəzər hər zaman mövcud olub. Və bir çox alimlər bədnəzərə inanmağı tövsiyə edirlər. Hətta bədnəzərdən qorunmaq üçün insanların daha ehtiyatlı davranmaları da bildirilir. Misal üçün, bir qadın çox gözəldirsə, ona tez göz dəyir. Bir çoxları düşünür ki, qadınların gözləri daha tez dəyir. Lakin bu, belə deyil. Dediyim kimi qadın gözəlliyinə adətən kişilərin gözü dəyir. Bu, mənfi enerji kimi də qəbul edilə bilər.Bildiyimiz kimi, imam Əli (ə) belə buyurub: "Göz dəyməsi həqiqətdir, ondan qorunmaq üçün duadan istifadə etmək də həqiqətdir”. Yəni bizim dində bədnəzər qəbul edilib”.
“Bədnəzərdən necə qorunmaq olar?” Bir çoxları bədnəzərdən qorunmaq üçün at nalı, göz muncuğu, qaratikan deyilən bitkidən istifadə edirlər. Lakin bu, doğru deyil. Hətta İslam dininə görə, bu kimi vasitələrdən istifadə etmək günah sayılır. Y.Abdullayevin sözlərinə görə, bədnəzərdən qorunmaq üçün Qələm deyilən ayədən yararlanmaq olar. Bu, həm də Nəzər ayəsi kimi bilinir. “İnsanlar çalışsınlar qəlblərini təmiz saxlasınlar. Hər gün Allaha şükür etsinlər. Bu zaman Allah onların səsini eşidər və onları pis əməllərdən, pis gözlərdən qoruyar”.
“Bədnəzərə inanc kimlərdən gəlib?” İnanclara görə, mavi gözlü insanların gözü daha tez dəyir. Və məhz, bu səbəbdən də mavi gözlü insanların həyatda çox az olduğu izah edilir.Onu da qeyd edək ki, bu inancın hazırda İraqdakı torpaqlarda yaşamış qədim Şumerlərdən qaynaqlandığı ehtimal edilir.Şumerlərin inancına görə bəzi insanlar baxaraq suları quruda bilər və buna görə ölümə səbəb ola bilərlər.
“Uşaqlar daha tez nəzərə tutulurlar” “Övladıma nəzər dəydi” deyə şikayətlənən analar bunu bir tək inancla və ya şər qüvvələrlə bağlamamalıdırlar. Çünki həkimlərin fikrincə, uşaqların biosahəsi zəif olduğundan özlərini böyüklər kimi qorumağı bacarmırlar. Uşaq bədəni o qədər zəif olur ki, xüsusilə də körpələrdə bu belədir, onlar özlərini kimlərinsə pis enerjisindən qoruya bilmirlər. Hətta doğma ananın belə, balasına gözü dəyə bilər. Çünki bəzən gözdən yayımlanan enerji o qədər yüksək olur ki, ondan qorunmaq çətin olur.Bədnəzərin mövcud olması sübut edilsə də, unutmayaq ki, hər şey insanın öz əlindədir.
Mənbə: Milli.Az