“Azərkörpü” ASC tərəfindən tikintisi aparılan avtomobil yol körpüsü ölkənin cənub-qərb istiqamətində, Salyan şəhəri ərazisində yeni 4 zolaqlı yolun Kür çayı ilə kəsişdiyi yerdə tikilir. “Azərkörpü” ASC-dən APA-ya verilən məlumata görə, Kür çayı üzərində dəmir-beton monolitli körpünün tikintisinin gələn ilin mart-aprel aylarında başa çatması gözlənilir.Almaniyanın “Koks” (Kocks Consult GmbH) şirkəti isə layihə üzrə məsləhətçi qismində çıxış edir, tikinti Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilir. Sifarişçi qismində Azərbaycan Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC iştirak edir.Layihəyə görə, körpünün birinci, ikinci, dördüncü və beşinci aşırımları kəsilməz, qabaqcadan gərginləşdirilmiş konstruksiya ilə təqdim olunur. Üçüncü aşırım metal tağdan asılmış, kəsilən monolitdən qabaqcadan gərginləşdirilmiş tirdən ibarətdir. Ölçülərinə və parametrlərinə görə körpü Azərbaycanda ən nəhəng körpü tikintisi hesab olunur.Tikilməkdə olan birinci dərəcəli körpü en kəsik göstəricilərinə görə tam uzunluğu 363 metr, tam eni 29,74 metr və çay üzərindən hündürlüyü 15 metrdir. Zolaqların sayı 4, hər zolağın eni 3,75 metr, ayırıcı zolağın eni 4,14 metr və səkinin eni 1,30 metrdir.Ələt-Astara avtomobil yolunun km 55-ci kilometrliyində, Kür çayı üzərində körpünün tikintisinin normativ müddəti 24 ay təşkil edir. Tikintiyə 2011-ci ilin fevral ayında start verilib.
Mənbə: Milli.Az