APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli jurnalistlərə açıqlamasında deyib ki, 2008-ci ildə Səhiyyə Nazirliyi tərəfindən İcbari tibbi sığortanın konsepsiyası hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.Bundan sonra Nazirlər Kabineti yanında müvafiq agentliyin yaradıldığını deyən A.Qədirli qeyd edib ki, yeni agentliyin fəaliyyətinə nazirliyin heç bir aidiyyəti yoxdur: “Sadəcə, bildiyimə görə, bu gün icbari tibbi sığortanın tətbiqi prosesi ona görə ləngiyir ki, bu istiqamətdə həm maliyyə mexanizmləri, həm qurumlar arasında münasibətlər mexanizmi, həm də klinikaları seçmə mexanizmi işlənir. Səhiyyə Nazirliyinin hazırladığı konsepsiyada bir çox məsələ var. Bu mexanizmlər qısa zaman ərzində dəqiqləşəcək. İcbari tibbi sığortanın tətbiqi çox mühüm və səhiyyədə maliyyə sistemini dəyişdirən bir məsələdir. İndiki səhiyyə sisteminin maliyyələşdirilməsi köhnə qayda ilə gedirdi. İcbari sığortanın tətbiqi bu sistemi tamam dəyişəcək”.
Mənbə: Milli.Az