Qayıq iki avarın eyni anda hərəkət etməsi ilə üzür, avarların hərəkəti bir-birinə uyğun gəlməsə, dalğalar qayığı aşırar. Fərz edin ki, evlilik qayıq, ər-arvad isə bir cüt avardır. Dənizə çıxarkən isə avarlar həmahəng işləməsə, vay halımıza. Belə həmahənglik bir çox hallarda əcnəbilərlə qurulan ailələrdə baş verir. Deyilənlərə görə, bu cür cütlüklərdə boşanmaların da sayı çoxdu. Əcnəbilərlə ailə quran xanımlarımızın sonradan çətin vəziyyətdə qalmasının isə bir çox səbəbləri var.Milli.Az Anspress-ə istinadən xəbər verir ki, ölkədə əcnəbi vətəndaşlarla bağlanılan nikahların sayı ilbəil artır. Ailə Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu günə kimi 97 nikah bağlanılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə çoxdu. Əcnəbilər və yerli vətəndaşlar arasındakı nikah isə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin qaydalarına uyğun olaraq bağlanır. Hüquqşunas Tahir Əlirzayev əcnəbi və yerli vətəndaşların nikaha girə bilməmə səbəblərinin ailə məcəlləsində öz əksini tapdığını deyir. Hüquqşünas Tahir Əlirzayev: “Hər ikisi də subay olmadılır, yəni evli ola-ola heç bir halda nikaha girə bilməz, eləcə də hər iki tərəfin ruhi xəstəlik, kəmağıllıq kimi problemləri varsa, onların ailə qurması yol verilməzdir”. Hüquqşünasın sözlərinə görə, əcnəbi vətəndaşlarla qurulan ailələrin ömrü bəzən çox qısa olur. Tərəflərin biri-birini anlamaması sonda boşanma ilə nəticələnir. Elə paytaxtın sakinləri də hesab edirlər ki, əcnəbilərlə qurulan ailələrin sonu çox vaxt ayrılıqla bitir. Bu zamansa əziyyət çəkən onların övladları olur. Böyüklərimizdən fərqli olaraq gənclər əcnəbilərlə qurulan nikahları müsbət qarşılayırlar. Psixoloqlarsa əcnəbilərlə qurulan nikahlarda tərəflərin bəzən biri-birini anlamaqda çətinlik çəkdiklərini deyir. Xüsusilə tərəflərdən birinin ölkəni tərk etməsi ailə bağlarının qırılmasını daha da tezləşdirir. Ona görə də psixoloqElnur Rüstəmov tərəflərin nikaha girməzdən əvvəl tibbi müayinə ilə yanaşı, psixoloji müayinədən də keçməsini məsləhət görür.Psixoloq Elnur Rüstəmov: “Çıxıb gedən başqa ölkəyə çoxdu. Bizə o cür müraciət edənlərə biz köməklik edirik, amma bu problemləri əvvəlcədən düşünmək lazımdır”.Nəzərə alsaq ki, ailə kiçik bir dövlətdir, o zaman onun davamlı olması üçün nikaha girməzdən əvvəl hər iki tərəf bu yükü çiyinlərində daşıya biləcəyini dərk etməlidir.
Mənbə: Milli.Az