Qadin.NET / Əxlaq insanın etdiyi davranışlara başqalarını dəvət etməsidir

Əxlaq insanın etdiyi davranışlara başqalarını dəvət etməsidir

 

 

Milli.Az axar.az istinadən “Azadlıq radiosu"ndakı yazılarında tarixə fərqli baxışı, xüsusilə Şah İsmayıl Xətaiyə münasibəti ilə tanınan və birmənalı qəbul edilməyən Güney Azərbaycandan olan, hazırda Finlandiyada yaşayan soydaşımız Güntay Gəncalpın fikirlərini təqdim edir.
Dünya haradır?
- Dünya bulunduğumuz yerdir. “Hər otaq dünyanın mərkəzidir”, - deyir Nobel ödüllü böyük şair Oktavio Paz. Çünkü hər otaqda bir insan ürəyi çaprmaqda, bir insan xəyal qurmaqdadır.
Dünyanı dəyişmək mümkün olsaydı…
- Dünyada dəyişiləcək bir şey yox, çox gözəl, mükəmməl və qüsursuz yaradılıb. Dünyanı dəyişdirməyə gərək yox, dünyanın və varlığın qanunları ilə həmahəng olmaq lazımdır.
Xeyirxahlıq və ədalət
- İnanıram. Hər insanın varlığında “vicdan” deyə bir durum var. “Vicdan”, yəni bulunma yeri. İnsanın ədalət, sezgi və sevgi anlayışı da orada bulunar. Müşahidələrimiz də orada gerçəkləşər. Orada doğru və yanlış açıqlanar. Xeyirxahlıq da oradan çıxan hökmə görə, məna qazanar. Ancaq bəzi toplumlarda doğru olmayan üsullarla insanların fitrətində mövcud olan bu duyğunu ya söndürmüş, ya da kor etmişlər.
Peyğəmbərlər və Mahatma Qandi kimi insanlar ədalətli idilər. Onların həyatı çox şəffaf idi. Həyatlarında gizlin bir şey olmadı. Ədalətli olmanın ilkin şərti şəffaflıqdır. Sosial anlamda ədalətin bərqərar olması üçün açıq cəmiyyət lazımdır. Yəni xalqın yönətimi kontrol edib sorğu-suala çəkə biləcəyi imkanı olmalıdır. Ailə həyatında da buna bənzər ədalət anlayışı gərəkməkdədir. Çünkü ədalətin təməli olan güvən məsələsi şəffaflıq gərəkdirər. Ədalətli olmaqdan insan özü zövq almalıdır. Bunun üçün insan öz nəfsinin köləsi olmamlıdır. Öz nəfsinin qulu olanların əlinə fürsət və imkan düşdüyündə ədalət duyğusunu unudar.
Din ilə ədalət arasında bağ
- Din - yol deməkdir və həyatın bütününü içinə alar. Dinlər həyat yolunda ədalətli olmağı təlqin edərlər.
Dindarların ədalətsiz olma imkanı
- Vardır. Qurani-Kərimdə din üzərindən para qazananların yerinin cəhənnəm olacağı vurğulanır. Qurani-Kərimdə namaz qılmayanlara qarşı heç bir sərt söz söylənməzkən, “Maun” surəsində namaz qılıb, ancaq yetimə, yoxsula yardım etməyərək iqtidarlarla işbirliyi edənlərə “Vay belə namaz qılanların halına” söylənməkdədir.
Əxlaq
- Əxlaq insanın etdiyi davranışlara başqalarını dəvət etməsidir. Əxlaq haqqında danışılmaz, nəzəriyyə yaradılmaz. Əxlaqın təməli rəftar və davranışdır. Yaxşı əməllər əxlaq sayılar, yaxşılıq və xeyirxahlıq haqqında danışmaq əxlaq sayılmaz.
Azadlıq
- Azadlıq dəyərli hərəkətlər etmək, dəyərli işlər görməkdir. Dəyərli işləri etmək mümkün deyilsə, bu dəyərli işlərin düşüncəsini yaratmaqdır.
Nə tökərsən aşına
- Buna çox inanıram. Mövlana Cəlaləddin bunu gözəl açıqlamış. Deyir ki, bir dərədə yüksək səslə hansı sözü dilə gətirsək, dağdan eyni söz geri dönəcək, onu eşidəcəyik. İnsan həyatı da elədir. Kim yaxşılıq və pislik edərsə, bir növ bunların nəticəsini öz həyatında görəcəkdir. Bir də hər cəmiyyətin ümumi təlim-tərviyyə, rifah səviyyəsi də bu məsələni təsirləndirər.
Gözəllik və mərhəmət
- “Doğurdanmı dünyanı gözəllik və mərhəmət xilas edə bilər” sualı verilərkən, dünya deyəndə yəqin ki, sosial təbiət nəzərdə tutulur, yoxsa kainat çox düzənli yaradılıb. Mərhəmət çox önəmli bir ruh halıdır və Allaha məxsus bir özəllikdir. Mərhəmətli olmaq Allaha bənzəməkdir. Mərhəmət ediləndən, mərhəmət edənin özünə daha çox lazımdır bu duyğu. Çünkü mərhəmət edənin özünü daha çox tərbiyə edər mərhəmətli olmaq. Gözəllik də gözəl davranış, gözəl əxlaq və sayqınlıq anlamında nəzərdə tutularsa, əlbəttə ki, sosial dünyanı mərhəmət və gözəllik xilas edə bilər. 

Mənbə: Milli.AZ

29 oktyabr 2013
GO BACK