Son bir həftə ərzində yaranan atmosfer çöküntüləri nəticəsində ölkənin əksər sürüşmə sahələrində aktivləşmə yaranıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov Trend-ə deyib ki, son bir həftə ərzində yaranan atmosfer çöküntüləri nəticəsində Abşeron yarımadasının Zığ sürüşmə sahəsində, Şamaxıdakı sürüşmə sahələrində, Lənkəran-Lerik yolunda aktivləşmə müşahidə edilir.Bu yolun 17, 22, 36, 46-cı kilometrliyində mövcud sürüşmə sahələrində aktivləşmə müşahidə edilir. Hazırda ölkədəki sürüşmə sahələri ilə bağlı ən pis vəziyyət Lənkəran-Lerik yolunun 17-ci km-dədir: "Hazırda orada avtomobillərin hərəkəti davam etdirilir. Bu yol Lerikə gedən yeganə yol olduğu üçün ondan istifadə edilməlidir. Buna görə də bu yolu bağlamaq da olmaz. Ancaq avtomobillərin hərəkəti yolun sürüşməsinə səbəb olan əsas amil deyil. Əsas səbəb atmosfer çöküntüləridir".S.Əmiraslanovun sözlərinə görə, atmosfer çöküntüləri və texnogen amillərin təsiri nəticəsində Abşeron Zığ sürüşmə sahəsində nisbətən aktivləşmə baş verib. Bununla yanaşı, Şamaxıdakı mövcud sürüşmə sahələrində, Muğanlı-İsmayıllı yolunda, Ağsu aşırımındakı sürüşmə sahələrində sürüşmə müşahidə edilir. Atmosfer çöküntülərinin nəticəsində Bakı-Şamaxı avtomobil yolunun 106, 107, 109 km-də sürüşmə halları artıb.Ölkənin əksər ərazilərində sürüşmə sahələrinin aktivləşməsinin səbəblərini açıqlayan S.Əmiraslanov qeyd edib ki, sürüşmənin əmələ gəlməsinə bir necə amil təsir göstərir. Abşeron yarımadasında əsasən antropogen və texnogen amillər rol oynayır. Antropogen və texnogen amillər nəticəsində əmələ gəlmiş belə sürüşmə sahələrində təbii faktorlar bu sahələrin aktivləşməsinə səbəb olur.Nazirlik rəsmisi deyib ki, ümumiyyətlə, payız və qış aylarında respublikada mövcud olan bütün sürüşmə sahələrində aparılan monitorinqlər daha da intensivləşəcək. Onun sözlərinə görə, atmosfer çöküntüləri nəticəsində növbəti aylarda sürüşmələrin olacağı gözlənilir. Quba, Qusar, İsmayıllı, Şamaxı, Astarada sürüşmə sahələrində aktivləşmə müşahidə olunur. Növbəti aylarda da sürüşmənin daha da aktivləşəcəyi ehtimal edilir.
Mənbə: Milli.Az