"Məktəb müəllimlərinin elə hakimiyyəti var ki, bunu heç baş nazir xəyalına da gətirməz", bu sözləri nə vaxtsa Böyük Britaniyanın baş naziri Uinston Çörçill deyib. Təəssüflər olsun ki, bəzən müəllimlər bu hakimiyyətdən sui-istifadə edirlər, şagirdləri təhqir edirlər. Ən qorxulusu odur ki, bu cür "tərbiyə"ni seçənlər həmin üsulu ən doğru sayırlar. Uşağı alçaltmaq, təhqir etmək üçün heç də ona qarşı fiziki güc tətbiq etmək lazım deyil. Sinif yoldaşlarının qarşısında təhqiramiz ifadələr işlətmək, onu gülünc vəziyyətə qoymaq kifayətdir. Misal üçün, bəzən müəllim şagirdə "ay eşşək!" deyə müraciət edir. Valideynlər buna etiraz edəndə müəllim qəzəblənir: "Burada nə var axı?" - soruşur. Maraqlıdır, başqa müəllimlər də onların övladlarına belə müraciət etsələr, normal qarşılayarlarmı? Xoşbəxtlikdən, Bakı məktəblərində döymək və digər fiziki güc tətbiq etməklə "tərbiyələndirmək" üsullarına az rast gəlinir. Bakı məktəblərində belə edən müəllimlər birmənalı şəkildə cəzalanırlar. Bununla belə, kobudluq, pedaqoqa yaraşmayan hallara tez-tez rast gəlinir və cəzasız qalır. Hər şey valideynin məktəb rəhbərliyinə şikayət etməsi və direktorun "ola bilməz, o bizim ən yaxşı pedaqoqumuzdur", - deməsi ilə bitir. Yaxşı müəllim olmaq üçün tədris etdiyin fənni və dərs dediyin uşaqları sevmək şərtdir. Uşaq da bir şəxsiyyətdir. Bir şəxsiyyət kimi o, özünə hörmət tələb edir. Və buna tam haqqı var. Əziz oxucular, bəs siz bu barədə nə düşünürsünüz?
Mənbə: Milli.Az