Qadin.NET / Onlar bizi belə aldadırlar

Onlar bizi belə aldadırlar

 

İlginc marketinq tələlərindən qorunmağın 10 yolu. Marketin qabağında yerləşən dayanacaq. Onlarla insan avtobus gözləyir. Və birdən marketdən yayılan xoş, iştahaaçıcı, təzə bişirilmiş bulka, çörək qoxusu çoxunun iştahını açır. İnsanlar ikibir-üçbir marketə baş vururlar. O da nə? Sən demə, heç marketin çörək şöbəsində yeni bişirilmiş bulka yoxmuş. Bəs bu qoxu haradan gəlir? Şənbə-bazar günləri çoxumuz üçün həftəlik alış-veriş günləridir. Allaha şükür, marketlərin sayı çox, seçim, çeşid hədsiz sayda. İçəri girən kimi sənə qurulan tələlərdən xəbərsiz şöbələri bir-bir gəzərək, alış-verişini edirsən. Psixoloqlara inansaq, bu, həyatdan bezən qadınlar üçün bir reabilitasiyadır. Kişilər üçün sıxıntı, uşaqlarçün əyləncədir. Sonuncular analarının nəzərindən yayınan kimi arabalara “altdan-altdan” oyuncaq, şokolad atır, o geniş məkanda qaçdı-tutdu oynayır, gizlənir, bir sözlə, şitliyin son həddinə çatır. Amma bu arada valideyn də kassaya çatanda ağlamasın deyə bəzi hiylələri nəzərə almaq lazımdır. Daha öncə bu mövzuya bir neçə dəfə müraciət etsək də, internetdəki gəzişmə zamanı ortaya yeni həqiqətlər çıxdı. Məlum oldu ki, sən demə, hətta marketlərdə bizi iştaha gətirən qoxular da təbii yox, süni imiş. Kolbasa qoxusu, təzə bişmiş bulka qoxusu, şirniyyat qoxusu...Marketinq saytları bununla bağlı bəzi ilginc gerçəkləri üzə çıxarıb. Məsələn, məlum olub ki, “Sezonun son endirimi”, “Likvidasiya”, “Mağazanın bağlanması ilə əlaqədar endirimlər” - bu hiylə əsasən “əldə qalan” məhsullara xitab edən hiylədir. Qeyd edim ki, əksər vaxtlarda da işə yarayır.Geyim mağazalarında böyük güzgülər - incə məqam: güzgü önündən keçdiyiniz zaman özünüzə nəzər yetirmədən keçə bilməzsiniz. Öz xarici görünüşündən də 100 % razı olan insan tapa bilməzsiniz. O zaman fikir oyanır: təcili nəsə almalıyam. Bununla da insanlarda “nəyisə alma” hissi oyanır ki, satışa da bu lazımdır: “yetər ki, istə, biz bir şey taparıq”.Böyük zənbil - böyük xərc - supermarketlərdə tövsiyə edilən əl zənbilləri və ya diyircəkli zənbillər heç də bizim rahatlığımız üçün geniş hazırlanmayıb. Belə ki, zənbil boşluğu alıcıda diskomfort yaradır və tez bir zamanda onu doldurmaq istəyir;Səliqəsizlik - bunu, təbii ki, sizdən əvvəl gələn alıcılar deyil, mağaza işçiləri yaradıblar. İlk dəfə Türkiyədə tətbiq edilən bu metod insanların ucuza meyllilik hissinə müraciət edir. Böyük zənbil daxilində səliqəsiz şəkildə atılmış məhsullar elə ən çox satılan məhsullardır. Qeyd edim ki, ölkəmizdə də bu hiylə geniş vüsət alıb. Hətta bu, supermarketlərdə şəkər tozu, makaron, un çeşidlərində özünü daha çox büruzə verir. İnsanlarda belə bir təəssürat yaranır ki, əgər bu şöbə səliqəsizdirsə, demək ki, çox alıcının diqqətini cəlb edib və deməli, orada nəsə sərfəli mallar var; Aromarketing - bu hiylə insanları məkanda daha çox saxlamağa xitab edən taktikadır. Əsasən, təzə çörək və kofe ətri insanların vaz keçmədiyi ətirlərdəndir. Girişdə yazdığımız qoxu məsələsinin sirri bax burada gizlənib;Uşağın göz səviyyəsindəki məhsullar - daha bir maraqlı hiylə. Supermarketlərdə tətbiq edilən metod, uşaqlara aid məhsulların uşaqların görə biləcəyi və əl ata biləcəyi səviyyədə yerləşdirilməsidir. Valideyn duyğularını alət edən bu metod əla hiylədir. Əgər mağazada “şou” yaranmasını istəmirsizsə, o zaman uşağınızı qucaqda, ya da diyircəkli zənbildə gəzdirin;2 ədəd cəmi 199 AZN-ə - şüuraltı təsir edən bu metod da “işləyən hiylə”lərdəndir. Belə ki, məhsulların təkinin qiyməti 100 AZN, ikisinin toplamında 200 AZN olan qiyməti son qiymətdə 199 AZN göstərməklə, insanlarda ucuza almaq həvəsi yaradılır. Bəs nəyə görə insanlar 1 AZN-lik fərqi görmürlər?! Yaxşı ki, gördüm - kassaya gedən yolda, insanların daim tələb duyduqları məhsullar yerləşdirilir. Bu isə insanlarda: “Lap yadımdan çıxacaqdı, yaxşı ki, gördüm” hiss oyadır ki, son nəticədə qurbana çevrilirsiz;Ən lazım olan - ən sondadır - mağazaya daxil olan hər kəsin mütləq aldığı: çörək, süd, pendir və sair bu kimi məhsullar mümkün qədər ən axırda yerləşdirilir. Bununla alıcını supermarketdə daha çox gəzməyə məcbur etmək üçün və daha çox məhsula nəzər yetirməsinə zəmin yaradır. Nəticə etibarilə, daha çox məhsul görüb, daha çox alış-veriş edirsiniz;Ən təhlükəli yer - təbii ki, bu, kassadır. Tələsməyin, ödənişdən əvvəlcə kassadakı sərgilənən məhsullar: saqqız, şokolad, qəzet, batareyka almayacaqsız? Kiçik məbləğlər, böyük biznes yaradır;Pulun qalığı. Əgər kassada satıcı sizə qaytarmalı olduğu 25 qəpik qalığı olmadığını deyirsə, bilin ki, hiylədir. Əvəzində sizə ya kibrit, ya kiçik konfetlər, ya da nəsə təklif edəcək. Gündə 100 müştəriyə belə təklif olunsa və razılıq alınsa, görün bu nə qədər gəlir deməkdir. Bu arada psixoloqlar onu da araşdırıblar ki, iri alış-veriş mərkəzləri müştərilərin daha çox cəlb edilməsi üçün xüsusi hiylələr tətbiq edərkən mütəxəssis yardımından istifadə edirlər. Sonuncular elmi erqonomiya adlı sahəni təmsil edirlər və insanların alış-veriş zamanı necə düşündüyü, necə reaksiya verdiyi barədə dinamikalar üzərində işləyir: 1. İnsanların çoxu solaxay olmadıqları üçün alış-veriş mərkəzlərinə girərkən öncə sağ tərəfə yönəlirlər. Buna görə də böyük şöbələrin əksəriyyəti sağ tərəfdə yerləşdirilir.2. Soyunma kabinələrini qəsdən mağazanın sonunda yerləşdirirlər ki, ora çatana qədər müştəri gözünə dəyən bir neçə qiyafəni də geyinmək üçün götürsün. 3. Market arabaları qəsdən böyük hazırlanır ki, insan hər dəfə ona baxdıqca guya az alver etməsi ilə bağlı təəssürata qapılsın. 4. Mağazalarda iri aynaları həm də ona görə qoyurlar ki, alış-veriş etmək istəməyən insan belə orada özünə və ətrafındakı geyim-gecimli insanlara baxıb, kompleksə düşsün, nəticədə isə özünə paltar alsın. 5. Reklam kampaniyalarındakı “fürsəti qaçırmayın”, “70 faiz” endirim kimi çağırışlar da insanı dərhal nəsə almağa təşviq edir...Yazının girişində yazdığımız qoxu məsələsinə qayıdaq. Araşdırmalar sübut edib ki, market sahibləri daha çox bu məkanda alış-veriş istəyini artıran qoxulara müraciət edir. Və bu qoxular bütün marketə yayılır. Sakitləşdirici vanil və ya lavanda qoxusu isə alıcıları malların qabağında daha çox dayanıb, seçim etməyə sürükləyir. Limon qoxusu isə insanda əliaçıqlıq hissini gücləndirir, insan aldıqca almaq istəyir. Mütəxəssislər deyir ki, hətta bu qoxular alıcıları pilləkənlərlə bir mərtəbədən digərinə sürükləyə də bilər. Məsələn, geyim mağazasında daha çox vanil, limon, lavanda qoxusu yayırlar. Qadın alt paltarı mağazalarında isə jasmin, qızılgül, bənövşə qoxuları yayılır. Ayaqqabı və dəri məhsulları mağazalarında isə satışa təbii dəri qoxusu yardım edir. Qəhvə qoxusu isə insanlara xüsusi güc verir və onlara özlərini, yaxınlarını gözlənilməz hədiyyə və jestlərlə sevindirmək istəyi yaradır. Məhz buna görə mağazalarda qəhvə və çay şöbələri girişə yaxın yerlədə yerləşir.Musiqi insanların alış-veriş zamanı davranışlarına ciddi təsir göstərir. Bu, Almaniyadakı bir market şəbəkəsinin təcrübələri əsasında sübut edilib. Məlum olub ki, klassik musiqi insanların daha çox pul xərcləməsinə səbəb olur. Buna görə də sözügedən market şərab şöbəsində Bax, Bethovenin əsərlərini səsləndirən kimi, insanların bahalı şərablara yönəlməsi halları artıb. Amma istehlakçı dərnəkləri buna etiraz edir. Onların fikrincə, bu musiqinin marketlərdə səsləndirilməsi istehlakçı hüquqlarına ziddir. Bu, geyim mağazaları, restoranlar üçün də keçərlidir. İnsanlar fonda klassik musiqi olanda daha bahalı geyimlərə, yeməklərə meyl edir. Mannheim Universiteti psixoloqları sübut edib ki, klassik musiqi insanların lüksə olan meylini artırır.Psixoloqlar isə sübut ediblər ki, musiqinin sədaları altında insan öz pulları ilə daha asan vidalaşır. Amma sizin aldığınız malların sayı musiqinin tempindən asılıdır. Ritmik, şən musiqilərin sədaları altında alıcılar şöbələrin arasından tez keçir və heç nə almadan çıxışa yönəlir. Amma həzin musiqinin təsiri altında olanda hər şöbədə ayaq saxlamağı, hər malı incələyib almağı tərcih edirlər. Odur ki, mağazaya girəndə romantik bir musiqi eşidirsinizsə, sevinməyin. Bu, sizi aldatmaq və ələ almaq üçün vasitədir. Əgər bu tələyə düşmək istəmirsizsə, qulaqcıqda özünüzün ritmik musiqilərinizə qulaq asın. Onda alış-veriş daha effektli olacaq.

 

 

Mənbə: Milli.Az

28 oktyabr 2013
GO BACK