Milli.Az Kult.az-a istinadən Roard Dalın hekayəsini təqdim edir.Üçüncü kirayənişin
Gündüz qatarıyla Londondan Bata gələn Billi Uiver Ridinq şəhərində qatarını dəyişmişdi. Axşam saat doqquza qalmış o, Batdakı vağzal meydanında idi. Səmada saysız-hesabsız ulduz sayrışır, Ay işığı göz qamaşdırırdı. Ayazlı hava cavan oğlanın ciyərlərinə dolur, soyuq rüzgar üz-gözünü yalayırdı.
Hambaldan soruşdu:
- Buralarda ucuzvarı bir otel varmı?
O, dedi:
- "Zəng və Əjdaha” adlı otel var, bəlkə orada sizə boş otaq tapıla. Buradan ora təxminən 1/4 mil (1850 metr – A.Y.) olar.
Təşəkkür edib, çamadanını götürən oğlan nişan verilən səmtə üz tutdu.
Cəmi on yeddi yaşı olan Billi Uiver həyatında ilk dəfə iş səyahətinə çıxmışdı. Əynində tünd göy palto, başında isə qəhvəyi rəngli keçə şlyapa vardı. Çamadanını əlində yelləyərək, kefi kök halda, iti addımlarla küçəylə irəliləyirdi. Son vaxtlar Billi hər işin qısa müddətdə icrasına can atırdı. Baş ofisdə çalışan köhnə əməkdaşlara göz qoyarkən anlamışdı ki, çeviklik və bişkinlik – uğur qazanan iş adamlarının başlıca özəlliyidir.
Geniş küçənin hər iki cinahı boyunca köhnədəbli, ehtişamlı və hündür binalar gözə dəyirdi. Binaların hamısının əsas girişində bir cərgə eyni tipli sütunlar ucaldılmışdı. Tikililərdəki köhnəlmə izləri qaranlıqda belə diqqəti özünə çəkirdi: qapı və pəncərələrin boyası qabıq vermişdi, vaxtilə qar kimi bəmbəyaz fasadlarda çat və ləkələr aşkar sezilirdi.
Küçə fənərinin işığında qəfildən Billinin nəzərini evlərdən birinin pəncərəsinə yapışdırılan kağız cəlb elədi. Yaxınlaşdı. Qısa elanda deyilirdi: "Gecələmək üçün otaq və qəhvəaltı”. Elanın vurulduğu pəncərənin rəfinə qoyulan hündür və sarı rəngli xrizantemlər yaşıl rəngli məxmər pərdənin fonunda çox şahanə görünürdü. Buradakı otağın şəraitini öyrənmək keçdi Billinin könlündən. Pəncərəyə söykənərək, içəri baxanda əvvəlcə o, buxarıda şölələnən atəşi gördü. Buxarının önündəki xırda xalının üstündə isə heyrətamiz gözəllikdə bir taksa (uzun bədənə və qısa ayaqlara malik dekorativ it cinsi – A.Y.) büzüşərək yatmaqdaydı. Yarıqaranlıq olmasına rəğmən, otağın keyfiyyətli mebellə döşəndiyinə şübhə yox idi: içəridə kabinet royalı, geniş divan və bir neçə yumşaq kreslo gözə dəyirdi. Otağın uzaq küncündə isə tutuquşu qəfəsi qoyulmuşdu.
Billi düşündü: "Evdə heyvan saxlanılması – xoş əlamətdir”. Görünür, bu, imkanlı adamın eviydi və burada o, oteldəkindən daha rahat bir məkan tapa bilərdi. Ancaq otelin də özünə görə üstünlükləri vardı: axşamlar orada pivə içmək, darts oynamaq və digər müştərilərlə söhbətləşmək imkanı vardı. Həm də otel qiymətləri kiralıq evinkindən daha ucuz olardı.
Bir dəfə Billi iki gün oteldə qalmış və oranı hədsiz bəyənmişdi. Bu cür pansionlarda isə hələlik yer kiralamaq ona nəsib olmamışdı, daha dəqiq desək, belə yerlərdə qalmaqdan bir az qorxub-çəkinirdi.
Xrizantemli pəncərənin qarşısında fikirli halda bir neçə dəqiqə var-gəl edən Uiver qərara gəldi ki, əvvəlcə gedib, o "Zəng və Əjdaha” otelinin şəraitiylə də tanış olsun. Arxasını pəncərəyə dönüb, getməyə hazırlaşırdı ki, içini qəribə bir hiss bürüdü. Qəfil geri qanrılıb, elana təkrar göz gəzdirdi: "Gecələmək üçün otaq və qəhvəaltı”. Sanki bu sözlər bir cüt qara və donuq göz kimi ona dikilmişdi və buradan getməsinə izn vermirdi. Elandakı sözlərin lal hökmünün əsirinə çevrilən Billi giriş qapısına tərəf yönəldi. Pilləkənlə qalxıb, qapının zəngini basdı. Evin haradasa dərinliyində qısa bir zəng çalındı və oğlan heç əlini düymədən çəkməyə macal tapmamış qapı üzünə açıldı. Kandardakı qadının qırx beş, əlli yaşı olardı. Onun zəngə bu cür çevik reaksiyası oğlana bir uşaq oyuncağını xatırlatdı: onun düyməsinə basdığın an hansısa fiqur tez qutudan dışarı çıxır. Bu qadın da eləcə zühur elədi və bundan Billi az qaldı səksənə.
Oğlanı görcək, qadının üzünə ilıq və qonaqpərvər təbəssüm qondu:
- Buyurub, keçin içəri, - deyə, qapını geniş açan qadın bir kənara çəkildi.
Qadının səsi o qədər məlahətli idi ki, Billi istər-istəməz onun sehrinə qapıldı.
- Mən pəncərədəki elanı gördüm, - deyə mızıldanan oğlan bir addım geri çəkildi.
- Hə, bunu anladım zatən.
- Bir otaq tutmaq istəyərdim...
- Lap yaxşı. Mənim əzizim, burada müştərilər üçün hər cür şərait yaradılıb, - deyən qadın onun sözünü ağzında qoydu.
- "Zəng və Əjdaha” otelinə gedərkən pəncərənizdəki elana gözüm sataşdı, - deyə Billi nədənsə eyni fikri təkrar səsləndirdi.
- Niyə soyuğun qabağında durubsunuz? İçəri keçin də!
Ancaq eyvanda durmağına davam edən Billi soruşdu:
- Pansionu hansı qiymətə kirayə verdiyinizi öyrənə bilərəm?
- Gecələmək və qəhvəaltı üçün beş şillinq altı pens.
Billi elə bildi ki, yanlış eşidib, çünki bu, hədsiz ucuz qiymət idi. Onun sükutunu ev sahibəsi başqa yerə yozduğu üçün açıqlamağa gərək duydu:
- Əgər bu qiymət sizə bahalı görünürsə, bir az endirim edə bilərəm. Bütün məsələ yumurtadan qaynaqlanır – indi onun qiyməti yüksəkdir. Əgər siz qəhvəaltı süfrəsində yumurta istəməsəniz, onda pansion qiyməti altı pens ucuzlaşar.
Billi əlüstü razılaşdı:
- Yox, yox, qiymət son dərəcə sərfəlidir. Bütün şərtlər əl verdiyindən mən burada qalmağa razıyam.
- Buna heç şübhə etmirdim. Buyurun içəri.
Qadının mavi gözlərindən aşkar xeyirxahlıq yağırdı. Billi məktəb illərində Milad tətillərini adətən dostlarından birigildə keçirirdi və bu ev sahibəsi həmin dostunun qonaqpərvər və istiqanlı anasına yamanca bənzəyirdi. Şlyapasını çıxaran Billi kandardan içəri keçdi. Diqqət yetirəndə gördü ki, dəhlizdə başqa müştərilərə aid nə palto, nə şlyapa, nə çətir, nə də əsa var...
Müştərinin bununla bağlı verə biləcəyi sualı qabaqlayan ev sahibəsi:
- Bütün ev ikimizin ixtiyarındadır, - dedi və mehribanlıqla gülümsədi. Pilləkənlə qalxarkən sözünə davam elədi: - Bu kiçik yuvamda vaxtaşırı qonaq qəbul edə bilmədiyimə, düzü, özüm də dərindən təəssüflənirəm.
Qadının üzünə təkrar təbəssüm yayıldı.
Billi düşündü ki: "Deyəsən, bu qarının ağlı başında deyil. Ancaq beş şillinq altı pensə görə buna birtəhər qatlaşmaq da olar”.
Sonra nəzakət xatirinə dedi:
- Mən isə əmin idim ki, müştəri sarıdan korluq çəkməzsiniz.
Qadın bunu təsdiqlədi:
- Əlbəttə ki, əzizim, əlbəttə! Məsələ burasındadır ki, mən müştəri seçimində çox tələbkaram və könlümə yatan qonaqlar üçün evimin qapıları gecə və ya gündüz, heç fərq eləməz, həmişə açıqdır. Əzizim, "könlümə yatan” deyərkən, mən sizin kimi cavan bir centlmeni nəzərdə tuturam. Günlərin bir günü, ən nəhayət, könlümcə birisini evimdə qonaq saxlamaq mənə görünməmiş zövq verir.
Qadın azca dönərək, Billini təpədən-dırnağa və zənnlə süzdü. Onun avazımış dodaqlarında razılıq dolu təbəssüm sezildi.
Billi bir daha: "Hər halda bu qarıda bir qəribəlik var” – deyə düşündü.
Üçüncü mərtəbənin meydançasına çatanda ev sahibəsi dedi:
- Bu, mənim mərtəbəmdir.
Sonrakı mərtəbədə təntənəli şəkildə elan elədi:
- Bu mərtəbə isə sizinkidir. Bəyənəcəyinizdən əminəm. Bu - yataq otağıdır. Səhərlər günəş, mister Perkins, birbaşa pəncərənizə düşəcək. Soyadınız Perkins idi də, yanılmadım ki?
- Xeyr, madam, soyadım Uiverdir.
- Mister Uiver. Çox gözəl. İsinsin deyə, yatağınıza isti su ilə dolu butulka da qoymuşam. Özünüzü evinizdəki kimi hiss edin. Əgər üşüsəniz, qazı da yandıra bilərsiniz.
Balaca, ancaq xeyli rahat olan yataq otağını Billi yamanca bəyənmişdi. Diqqət yetirəndə gördü ki, yatağın örtüyü artıq qaldırılıb, yorğanın kənarı isə qatlanıb. Hər şeydən bəlliydi ki, burada müştəri gözləyirmişlər. Oğlanın gözlərinin içinə baxan ev sahibəsi dedi:
- Buraya gəlişinizdən heç bilməzsiniz ki, necə şadam. Hətta bundan, nə gizlədim, bir qədər narahat olmağa da başlamışdım.
Qadının nəyi nəzərdə tutduğunu anlamasa da, Billi gülər üzlə dedi:
- Boş verin, hər şey qaydasındadır. Mənə görə heç rahatsız olmayın.
Çamadanını stulun üstünə qoyub, açmaq istəyəndə qadın soruşdu:
- Əzizim, meyliniz şam yeməyi çəkmir ki?
- Təşəkkürlər. Aclığım yoxdur. Bir an əvvəl yatmaq istəyirəm, çünki səhər tezdən ofisə baş çəkməliyəm.
- Yaxşı, elə isə mən sizi tək qoyuram. Yerinizi rahatlamazdan öncə, zəhmət olmasa, birinci mərtəbədəki qonaq otağında müştərilər kitabında özünüzlə bağlı qeydlər edin. Qanunun tələbinə görə, bütün müştərilərin qeydiyyatı aparılmalıdır. Biz də sizinlə boşu-boşuna qanunun tələblərini hər halda pozmayacağıq, elə deyilmi?
Billiyə əl yelləyən qadın əlüstü otaqdan çıxıb, qapını ardınca örtdü. Artıq oğlan tam əmin idi ki, bu qadının başı çatmır, ancaq bunu zərrəcə vecinə almırdı. Ev sahibəsinin tamamilə zərərsiz, üstəlik, çox qayğıkeş və nəcib biri olduğuna inandırmışdı özünü. Bəlkə də doğma oğlu müharibədə öldüyü üçün dərddən, qüssədən bu qadının ağlı çaşmışdı. Billiyə göstərdiyi böyük qayğı da bəlkə elə bundan irəli gəlirdi.
Çamadanındakıları boşaltması və əl-üzünə su vurması bir neçə dəqiqə sürdü. Sonra oğlan pilləkənlə birinci mərtəbəyə endi. Qonaq otağı isti və rahat idi. Buxarı yenə də yanırdı, balaca taksa iti isə burnunu qarnına yığaraq, əvvəlki kimi dərin yuxuya dalmışdı. Razılıqla əlini əlinə sürtən Uiver sevinirdi: axı, hər işi yolunda gedirdi.
Müştərilərin qeydiyyat kitabı royalın üstündə idi. Öz ad-soyadını və ünvanını ora yazan Uiver əvvəlki iki qeydi də gözdən keçirdi. Müştərilərdən biri Kardifli Kristofer Malholland, digəri isə Bristollu Qreqori Templ idi.
Kristofer Malholland... Bu ad, heç şübhəsiz, haradansa ona tanış gəlirdi. Ancaq haradan? Bəlkə, sinif yoldaşlarından biriydi bu? Ya da bacısının çoxsaylı pərəstişkarlarından biri? Yox, yox. Kim isə başqa birisiydi. Kitaba bir daha göz atdı: "Kristofer Malholland, 532. Kilsə küçəsi, Kardiff” və "Qreqori Templ, 27, Çinarlı xiyaban, Bristol”.
Bu ikinci ad-soyad da indi ona tanış gəldi.
Xatırlamaqdan ötrü uca səslə təkrarladı:
- Qreqori Templ... Kristofer Malholland...
Arxadan gələn məlahətli səs:
- Hər ikisi elə nəcib cavanlar idi ki... – dedi.
Geri dönən Billi ev sahibəsinin əlində iri, gümüşü məcməyi tutduğunu gördü.
- Bilirsiniz, mən bu adları əvvəllər haradasa eşitmişəm. Ya da qəzetdə onlara rast gəlmişəm.
Qadın maraqla soruşdu:
- Doğrudan? Çox maraqlıdır!
- Bundan əminəm. Olmaya bunlar məşhur futbolçuların və ya kriketçilərin adlarıdır? – deyə oğlan səsli düşünməyinə davam elədi.
Qadın çay servisi məcməyisini divanın üstünə qoyub, maraqla Billini süzməyə başladı.
- Deyirsiniz bunlar məşhur adamlardır? Yox, canım, ola bilməz. Ancaq hər ikisinin yarlı-yaraşıqlı olduğuna əsla şübhəm yoxdur.
Sonra qadın, üzündə təbəssüm, əlavə elədi:
- Hə, hər ikisi ucaboylu və hədsiz yaraşıqlı cavan idi. Eynilə sənin kimi, əzizim.
Billi təkrar kitaba nəzər saldı:
- Onları elə dəqiq xatırlayırsınız ki! Halbuki sonuncu müştərinizin burada olduğu gündən iki ildən çox vaxt ötüb.
- Ola bilməz.
- Hə. Kristofer Malholland isə ondan bir il öncə burada qalıb.
- Pərvərdigara, vaxt necə də tez keçir, elə deyilmi, mister Uilkins?
Billi düzəliş verdi:
- Soyadım - Uiverdir. U-i-v-e-r.
- Ah, hə, əlbəttə ki! – deyən qadın divanda əyləşdi. – Məni bağışlayın, siz Allah. Adət eləmişəm, bir qulağımdan girən bilgi digərindən uçub gedir. Əlimdən də heç nə gəlmir, mister Uiver, beləcə hər şeyi səhv salır, qarışdırıram.
Billi soruşdu:
- Bəlkə bu iki ad-soyadla bağlı qeyri-adi daha nə isə xatırlayırsınız?
- Yox, əzizim, başqa heç nə xatırlamıram.
- Mənə isə elə gəlir ki, bu bir cüt ad-soyad bir-biriylə hansısa şəkildə bağlıdır. Məsələn, deyək ki... Dempsi və Tanni, Çörçill və Ruzvelt kimi...
- Məzəlidir. Ancaq, əzizim, niyə boş bir şey üstə bu qədər baş sındırırsınız, axı? Yaxşısı budur, yaxın gəlin, bax, burada əyləşin və darçınlı peçenye ilə bir fincan çay için. Sonra gedib, yatarsınız.
- Mənə görə heç narahat olmayın. Sizə bunca əziyyət verdiyim üçün özümə yer tapmıram.
Hələ də royalın böyründə duran oğlan ev sahibəsinin fincanları nəlbəkilərə necə tələm-tələsik qoyduğuna tamaşa edirdi. Əlləri bəyaz və xırdaydı, dırnaqlarına qırmızı lak çəkmişdi. Əslində Billi qadının hərəkətlərinə göz qoysa da, bulanıq fikirlərinin tam durulacağı anı gözləyirdi. O sayədə hər dəfə diqqətindən yayınan bir məqamın su üzünə çıxacağını və bu soyadlarla bağlı müşkülü çözümə qovuşduracağını umurdu. Heç vəchlə təslim olmaq istəmədiyindən səsli düşünməyinə davam edirdi:
- Bir dəqiqə... bəlkə, bəlkə... bu Kristofer Malholland... Bəlkə o, İtonlu məktəblidir, Qərbi Almaniyaya səyahət zamanı o, qəflətən...
- Süd və şəkər istəyirsiniz?
- Hə, hə, zəhmət olmasa, həm süd, həm də şəkər, - dedi Billi. – O, səyahətə çıxmışdı və qəflətən...
- İtonlu məktəbli? Yox, mənim əzizim, mister Malholland İton şəhərindən gələn məktəbli deyildi. O, Kembric Universitetinin sonuncu kursunda oxuyurdu. Hədər yerə özünüzə əziyyət verməyin. Yaxşısı budur, gəlin, bax, burada, yanımda əyləşin və bir az isinin. Çayınız da hazırdır. Haydı, durun!
Qadın balaca əliylə divanı döyəcləyərək, oğlana oturmaq üçün yanında yer göstərdi. Fikir aləmindən qopa bilməyən Billi isə divanın lap kənarında oturdu. Həmin an qadın çay fincanını onun önünə qoydu və özündən razı halda dedi:
- Ba-a-x, be-lə-ə. Bura xeyli rahat və könülaçandır, deyilmi?
Billi xırda qurtumlarla çayından içdi. Bir ara səssiz oturdular. Sonra Billi qadının baxışlarını öz üzərində hiss elədi: ev sahibəsi əlindəki fincanın üstündən oğlana göz qoyurdu. Billiyə elə gəldi ki, bu qadından anlaşılmaz bir qoxu gəlir. Naxoş bir qoxu deyildi, yox, sadəcə oğlan bu qoxunu heç nəyə - nə duza qoyulmuş qoz ləpəsinə, nə təzəcə soyulmuş dəri qoxusuna bənzədə bilirdi, nə də xəstəxana dəhlizlərinə çökən tanış qoxuya.
Nəhayət, ev sahibəsi sükutu pozdu:
- Mister Malholland yaman çayxor idi. Həyatda onun qədər, o əziz və hörmətli mister Malholland qədər çay içə bilən ikinci adama rast gəlməmişəm mən.
Billi bu ad-soyadlara qəzetlərdə rastladığına artıq şübhə eləmirdi. Soruşdu:
- Bəyəm o, yaxın vaxtlarda buranı tərk edib ki?
Heyrətdən qaşlarını qaldıran qadın soruşdu:
- Buranı tərk edib? Xeyr, əziz balam, o, heç yerə getməyib. Hələ də buradadır. Elə Mister Templ də buradadır. Hər ikisi dördüncü mərtəbədədir.
Çay fincanını masaya qoyan Billi çaşqın halda ev sahibəsini süzdü. Oğlanı sakitləşdirməyə çalışan qadın gülümsəyərək, xırda əliylə onun dizini döyəclədi:
- Əzizim, sənin neçə yaşın var?
- On yeddi.
- On yeddi! Bu, ən gözəl yaşdır! Mister Malholland da on yeddi yaşına dolmuşdu. Ancaq, məncə, o, boyca sizdən qısa idi. Dişləri də sizinkilərdən çirkin idi. Mister Uiver, sizin dişləriniz çox yaraşıqlıdır.
Xəcalət hissinə qapılan Billi mızıldandı:
- Mənimkilər də üzdən yaxşı görünürlər, çoxusuna dolğu qoyulub.
- Mister Templ isə sizdən yaşlıydı, iyirmi səkkiz yaşı vardı. Özü boynuna almasaydı, düzü, mən ona bu yaşı verməzdim. Bədənində isə bircə dənə də ləkə yox idi.
- Nə... yox idi?
- Dərisi lap çağa dərisi kimi qüsursuz idi.
Sükut yarandı. Daha bir qurtum aldığı fincanı Billi nəlbəkiyə qoydu. Qadın sanki onun varlığını tamamilə unutmuşdu. Baxışlarını otağın uzaq küncündəki tutuquşu qəfəsinə dikən oğlan gərgin halda alt dodağını gəmirirdi. Nəhayət, yaranan sükutu pozmağa Billi özündə cürət tapdı:
- Bayırdan otağa boylananda mən qəfəsdəki o tutuquşunun canlı olduğuna zərrəcə şübhə eləməmişdim.
- Təəssüf ki, bu, belə deyil.
- Heyrətamiz ustalıqdır bu! Hətta yaxından da adama canlı təsiri bağışlayır. Bu müqəvvanı kim hazırlayıb belə?
- Mən.
- Siz?
- Əlbəttə ki. Bəs mənim balaca Bazilim necə alınıb?
Bunu deyərkən qadın buxarının önündə yatan taksanı nişan verdi. İt özünü çox qəribə aparırdı: ötən müddətdə elə eyni pozada, hərəkətsiz donub qalmışdı və heç hürüb-eləmirdi də. Qəfildən ağlına gələn fikrin təsiriylə Billi ehtiyatla itin belini sığalladı. Heyvanın bədəni sərt və soyuq idi. Billi barmaqlarıyla itin tüklərini aralayanda onun bozumtul, qurusa da, gözəl qorunmuş dərisini gördü.
- Bu, heyrətamizdir! – deyə səsini ucaltdı Billi. Böyründə oturan bu xırda-mırda qadını heyrətlə süzəndən sonra maraqla soruşdu:
- Yəqin ki, bu, çox çətin işdir?
- Yox, canım, çox da yox. Sevdiyim varlıqlar öləndə onların müqəvvalarını düzəltməkdən mən görünməmiş zövq alıram. Sizə bir fincan da çay süzüm?
- Yox, sağ olun.
Çay bir az acı badam tamı verdiyindən Billinin içməyə meyli yox idi.
- Əzizim, kitabda qeydlər elədiniz?
- Hə.
- Çox gözəl. Əgər soyadınızı unutsam, istənilən vaxt aşağı enib, kitaba baxaram. Müştərilərimin adlarını xatırlamaq üçün hər gün o qeydlərə nəzər salıram... e-e... mister Malholland və mister...
Billi qadının dadına yetişdi:
- Templ. Qreqori Templ. Zəhlətökənlik kimi anlamayın, ancaq mən bir şeyi də öyrənmək istərdim: son iki-üç ildə sizin onlardan başqa heç müştəriniz olubmu?
Başını azca yana əyən ev sahibəsi oğlanı qıyqacı baxışlarla süzüb, dedi:
- Yox, əzizim. Sizdən başqa heç kəs.
Sonra şəfqətlə gülümsədi.
Mənbə: Milli.Az