Dünyanın ən korrupsiyalaşmış rejimlərindən sayılan Ermənistan hakimiyyətinin əsas gəlir mənbələri sırasında müxtəlif cinayətlər yolu ilə əldə olunmuş pullar da xüsusi yer tutur. Hər halda Ermənistanda məmur oliqarxların bu xüsusda çoxsaylı cinayət əməllərinə rast gəlmək mümkündür və bunun elə son günlərdə real təsdiqləri var. Məsələn, məlumdur ki, Ermənistanın gənclər və idman naziri Yuri Vardanyanın böyük oğlu İran-Ermənistan sərhədindən narkotik keçirmək istəyərkən həbs olunub. "Joxovurd" qəzeti yazır ki, nazir oğlu bütün bədəninə sarıdığı narkotik maddəni sərhəddən keçirməyə cəhd edərkən yaxalanıb.Nazir ictimaiyyətin diqqətini cəlb etməmək və tənqiddən yayınmaq üçün məsələyə qarışmamağa çalışıb. Bu arada isə Yuri Vardanyanın oğlu David Vardanyanın Ermənistan-İran sərhədində saxlanması faktı ilə bağlı yeni maraqlı təfərrüatlar ortaya çıxıb.
David Vardanyan nazir oğlu olduğu üçün edamdan qurtulub
"Tert" saytı yazır ki, əslində, David Vardanyan narkotik maddələrin daşınmasında şübhəli bilindiyinə görə İran hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən yaxalanıb. Lakin saxlanılan şəxsin Ermənistan vətəndaşı və yüksək çinli məmur oğlu olduğu ortaya çıxdıqdan sonra lazımsız səs-küyün qarşısını almaq üçün onu dərhal Ermənistana göndəriblər və bununla belə, erməni sərhədçilərini baş verənlər barədə xəbərdarlıq edərək onları David Vardanyanı həbs etməyə çağırıblar. Sayt yazır ki, İran sərhədçiləri özlərini ona görə belə aparıblar ki, İran İslam Respublikasında narkotik saxlamağa görə insanları edam edirlər və Ermənistan vətəndaşını edam hökmündən xilas etmək məqsədilə onu öz hüquq-mühafizə orqanlarına təhvil vermək qərarına gəliblər.Qeyd edilən hal Ermənistanda məmur-oliqarxların cinayətkarlığının sıradan bir nümunəsidir. Bu cinayətin başında isə məhz Serj Sarkisyan dayanır. Ümumiyyətlə, bu ölkədə kapitalın bölüşdürülməsindən tutmuş, süni inhisarların olması və bütün iqtisadiyyatın Rusiya şirkətləri ilə Serj Sarkisyanın arasında paylaşdırılması birmənalı həqiqətdir. Hazırda isə gömrük sistemi, neft məhsullarının, benzin və dizel yanacağının idxalı, metal ixracı və metal qırıntıları, qızıl idxalı və onun satışı, aviadaşımalar və aviaşirkətlər, idxal sahəsi birbaşa Serj Sarkisyanın nəzarətindədir və o, qanunsuz olaraq nəzarətdə saxladığı bu sahələrdən ildə 100 milyonlar qazanır. O, əldə etdiyi çirkli pulları müxtəlif xarici ölkələrdə yuyur və kazinolarda xərcləyir. Bunu ifşa edənlər isə sərt cəzalandırlır.
Hər halda, Ermənistanın İrs Partiyasının deputatı, Avropa Şurası Parlament Assambleyasında Serj Sarkisyana kazinoda pul uduzması barədə sual ünvanlayan Zarui Postancyan ölkənin AŞ PA-dakı nümayəndə heyətindən çıxarılması da bunun sübutudur. AŞ PA nümayəndə heyətinin rəhbəri David Arutunyan bildirib ki, Z.Postancyan parlament sədrinin bu qərarına etiraz edə bilər, lakin bu etirazın bir nəticəsi olmayacaq, çünki bu qərar AŞ PA-nın tələblərinə zidd deyil. Z.Postancyanı "Orinats Yerkir" Partiyasının nümayəndəsi əvəz edəcək.Xatırladaq ki, Z.Postancyan S.Sarkisyanın AŞ PA-dakı çıxışından sonra ona Avropa ölkələrinin birində kazinoda 70 milyon avro pul uduzması barədə informasiyaların doğru olub-olmadığı haqqında sual ünvanlayıb.Özü də bunlar o fonda baş verir ki, Ermənistan əhalisi böyük maddi sıxıntı içərisində yaşayır. BMT-nin Ermənistandakı daimi nümayəndəsi Bredli Buzeto da bildirir ki, Ermənistanın ən ciddi problemləri yoxsulluq və işsizlikdir. Onun sözlərinə görə, bu problemlərin həlli üçün BMT-nin Yerevan ofisi yeni iş yerlərinin açılmasında Ermənistan rəhbərliyinə kömək məqsədilə tədbirlər planı hazırlayır. Bu məqsədlə BMT kasıblıq və işsizliklə mübarizədə dünya təcrübəsini araşdırır: "Ermənistan hökuməti ilə birlikdə ölkədə kiçik və orta biznesin inkişafı üçün əlverişli şərait yaratmağa çalışırıq". Qeyd edək ki, Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, bu ilin ikinci rübündə ölkədə işsizlik səviyyəsi 16,2 faiz təşkil edib. Baş nazir Tiqran Sarkisyan isə əhalinin 32,5 faizinin yoxsulluq həddindən aşağı yaşadığını bildirib.
Korrupsiya hesabına məmurların var-dövləti durmadan artır
Əhali yoxsulluq içində yaşasa da, cinayət və korrupsiya hesabına erməni məmurlarının var-dövləti durmadan artır. ABŞ-da fəaliyyət göstərən "Policy Forum Armenia" təşkilatı tərəfindən "Ermənistanda korrupsiya" adlı müfəssəl və təhlil xarakterli hesabat da bunun təsdiqidir. Bu hesabatda Ermənistanın hüquq-mühafizə orqanları, silahlı qüvvələri, dövlət satınalma, səhiyyə və təhsil sistemlərində özünü büruzə verən korrupsiya halları və çirkli pulların yuyulması əməlləri təhlil edilib, korrupsiyanın makro və mikroiqtisadi səviyyədə təsirləri göstərilib, korrupsiya hallarının aradan qaldırılması üçün təklif və tövsiyələr irəli sürülüb. Hesabatda korrupsiyanın Ermənistan cəmiyyəti üçün xarakterik xüsusiyyətləri, ənənəvi korrupsiya meyilləri və bu xüsusda mövcud sosial təfəkkür də araşdırılıb.
Hesabata görə, irimiqyaslı mənimsəmə və kriminal əməllər sahəsində Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın rəqibi yoxdur. Yeni təsis edilmiş "Anticorruption" qeyri-hökumət təşkilatı onu Ermənistanın korrupsiyalaşmış şəxsləri sırasında ön sıraya qoyub. İddia olunur ki, R.Koçaryan Ermənistan daxilində və xaricdə böyük maliyyə-iqtisadi imkanlara malik konqlameratın sahibidir. Bu sırada öncül yer tutan digər şəxs keçmiş təbii sərvətlər naziri, hakim Respublika Partiyasından millət vəkili və Ermənistan parlamentində iqtisadi məsələlər üzrə daimi komitənin sədri Vardan Ayvazyandır.
2001-2007-ci illərdə bu şəxs öz ailə üzvlərinə mədən sənayesi ilə məşğul olmaq üçün cəlbedici lisenziyalar verib. Nyu Yorkun cənub rayon məhkəməsinin qərarı ilə bu şəxs "Global Mining LLC" şirkətindən pul tələb etdiyi üçün günahkar hesab edilib və onun barəsində 37,5 milyon dollar dəyərində cərimə kəsilib.
Mədən sənayesində digər böyük maraqlara malik olan şəxs Ermənistan parlamentinin spikeri Ovik Abramyandır. Hesabatda Ermənistanın baş naziri Tiqran Sarkisyanın Kiprdəki ofşor zonada hesablara malik olduğu göstərilir. Dövlət Vergi və Gömrük Agentliyinin sədri Qagik Xaçatryanın isə ölkənin əsas internet və kabel televiziyası şəbəkəsinə, iki qida məhsulları idxal edən şirkətə, supermarketə, avtomobil ticarəti şirkətinə, bahalı saat mağazasına və kassa aparatlarına kağız idxalı üçün tam inhisara malik olduğu bildirilir.
Hərbi sahədə rüşvətxorluq baş alıb gedir
Ermənistanda hərbi sahədə korrupsiya və rüşvətxorluq halları haqqında yazmağın de-fakto qadağan olmasına və bununla əlaqədar qeyri-qanuni ciddi cəzaların tətbiq oluna biləcəyinə baxmayaraq, hesabatda işğalçı ölkənin silahlı qüvvələrindəki rüşvətxorluq halları diqqəti cəlb edir. Ordudakı sistematik rüşvətxorluq və korrupsiya hallarına görə ordu üçün ayrılmış resursların qeyri-səmərəli istifadəsi, mənimsəmə və israfçılıq, silahlı qüvvələrin idarə olunmasının aşağı səviyyədə təşkili, nepotizm, şəxsi heyətin qüsurlu şəkildə komplektləşdirilməsi, ordu içərisində dövlət maraqlarını öz şəxsi və klan maraqlarına tabe etdirən xüsusi maraq qruplarının formalaşması, demokratiya pərdəsi altında hakim kriminal-oliqarx sistemin yaranması, hakimiyyəti gücləndirmək üçün qeyri-konstitusion əsasda ordudan istifadə olunması və s. kimi halların özünü göstərdiyi qeyd olunur. Bunların müqabilində isə Ermənistan ordusunun hazırlıq səviyyəsinin və müdafiə qabiliyyətinin əsaslı şəkildə aşağı düşdüyü vurğulanır.
İşğalçı ölkəni daha ağır iqtisadi nəticələr gözləyir
Ekspertlər ona da diqqət çəkirlər ki, məmurların cinayət hesabına varlanması fonunda əhalinin vəziyyəti ağırlaşır. Digər tərəfdən, Ermənistanı Avropa ilə ticarət əlaqələrinin zəifləməsi də vəziyyətə təsirsiz ötüşmür. Almaniyanın Ermənistandakı səfiri Rayner Morel bu xüsusda bildirir ki, Ermənistanın Gömrük İttifaqına qoşulması onun Avropa Birliyi ölkələri ilə ticarət dövriyyəsinin azalmasına səbəb olacaq. O bildirib ki, Ermənistanın Gömrük İttifaqına qoşulmasının ölkə üçün ağır iqtisadi nəticələri olacaq: "Biz Ermənistanın Gömrük İttifaqına üzvlük istiqamətində hərəkət etməsindən təəssüflənirik. Bu, Ermənistan ticarət həcminin artmasına səbəb olmayacaq. Ermənistan AB-nin təqdim edə biləcəyi imtiyazlar və gömrük sahəsindəki güzəştlərdən yararlana bilməyəcək".Beləliklə, baş verənlər, həmçinin məmur-oliqarxların cinayət və korrupsiya əməlləri Ermənistanı daha sürətlə çökdürməkdədir.
Mənbə: Milli.Az