Hər kəsə kişi və qadın münasibətlərinin qarşılıqlı emosional asılılıq üzərində qurulması aydındır. Bəzən də gözəl sevgi dolu əlaqə hansısa bir elementar və bəsit səbəb üzündən dağılır. Bəs kişi və qadın münasibətlərini necə qoruyub saxlamaq olar? Bu sual hər zaman insanları düşündürür. Bu münasibətlərə maraq bütün dövrlərdə öz aktuallığını qoruyub saxlayıb. Münasibətlərin qurulması və qorunub saxlanılmasının mürəkkəb bir proses olduğunu deyən psixoloq Zülfiyyə Mirzəyevanın sözlərinə görə, pasiyentlərin çoxu itirilən sevgini, həyat yoldaşının diqqətini, marağını geri qaytarmaq istədiklərini bildirirlər: "Onları sevgini geri qaytarmağın yolları maraqlandırır. Amma yaxşı olardı ki, bu baş verməzdən əvvəl sevgini qorumağa çalışsınlar". Adətən hər bir gənc xanım və ya oğlan xəyalında sadə, rahat sevgi münasibətlərini canlandırır. İnsanlar qarşılıqlı, sevgi və harmoniya dolu münasibətlərə can atırlar. Çoxları ancaq özlərinə həm xarici görünüşünə, həm də daxili aləminə uyğun olan, bənzəyən insanla münasibət yaratmaq istəyir və bu münasibətin daha uğurlu olacağını düşünürlər. Psixoloq bildirib ki, insanlar danışanda çox vaxt onlara yalnız sevginin kifayət etdiyini deyirlər. Amma gerçəklikdə münasibətin uzun sürməsi üçün sevgi kifayət etmir. Sevən cütlüklərin həyatında bir müddətdən sonra problemlər başlayır. Tək sevgi insanları qane etmir. Bir müddət keçəndən sonra onlar ehtirasın keçdiyini anlayır. Bu baş verəndə sevgililər adətən öz-özünə sual verirlər: "Nəyə görə ürəyim əvvəlki kimi çırpınmır? Bəs bu, niyə baş verir? Nəyə görə hər kəsin içindən seçdiyimiz insan adiləşir? Bu cür düşünən insanlar alovlu məhəbbəti qoruyub saxlamağı bacarmadıqlarını dərk edə bilmirlər. Belə ki, sevgini tək hiss etmək yox, onu həm də bəsləyib böyütmək lazımdır". Müsahibimizin dediyinə görə, münasibətlərdə "alovu" gücləndirdikdə o, daha çox isidir. Gücləndirmədikdə isə öz-özünə sönüb gedəcək. Kişi və qadın münasibətlərini həm də kimyəvi prosesə bənzətmək olar. Əgər maddələr çox intensiv bir-birinə təsir etsə, partlayış baş verə bilər. Və əksinə maddələrin bir-birinə qarşılıqlı təsirini ləngitsək, onların reaksiyasi sadəcə sönə bilər. Psixoloqa görə, bu münasibətləri tənzimləmək mümkündür. Birincisi, münasibətlərdə hər iki tərəf ayrı-ayrılıqda şəxsiyyət olmağı öyrənməlidir. Belə ki, kişi və ya qadının şəxsi, özünə aid bir dünyası olmalıdır: "Sevgi münasibətini yaşayan zaman insan ozünü bir şəxsiyyət kimi hiss etməlidir. Bu münasibətlərin daha da bərkiməsi üçün cütlük distansiyanı, yəni hər ikisinin həyatında olan insanlara və hadisələrə hörmət və anlayışla yanaşmalıdır. Çünki kişi və qadın yeni münasibətə başlayan zaman bir-biri üçün təzə səhifədirlər. Bu səhifələri oxuyaraq onlar daha da yaxınlaşırlar. Və əksər hallarda cütlük bir-birini daha da tanıyaraq münasibətlərindəki yeniliyi haradasa itirməyə başlayırlar. Çünki kişi və qadın tez bir zamanda bir-birinin xasiyyətini, həyata baxışını öyrənməyə başlayır. Artıq kontrol və nəzarət öz yerini yavaş-yavaş bərkidir. Şübhələr yaranır. Münasibətdə bir-birinə nəzarət hissi önəmli yer tutur. Beləliklə inamsızlıq və tərəflərin daxili narahatlığı onları bir-biri ilə münaqişə etməyə məcbur edir. Hər dəfə bunu yaşadıqca onlar uzaglaşmağa doğru irəliləyirlər. Artıq hisslər arxa plana keçir. Məsələn qadın deyir: "Mən niyə onun dərdindən ölməliyəm, qoy, o, mənə yalvarsın". Tədricən romantik hisslər daha sərt hisslərlə əvəz olunur. Bəzən bu mərhələdə bir çox münasibətlər qırılır. Qısqanclıq və itirmək qorxusu ilə yaşanan münasibətlər ağrılı və yorucu olur". Münasibətlər bu mərhələni keçdikdən sonra möhkəmlənir. Tərəflər tədricən bir-birinə aid olduğunu düşünməyə başlayırlar. Artıq qarşı tərəfə tələblərini bildirirlər və bu tələblərin yerinə yetirilməsini gözləyirlər. Məhz bu andan qarşılıqlı manipulyasiyalar, incikliklər yaranmağa başlayır. Münasibətlər sanki bir oyuna çevrilir. Və bu oyunda partnyorları kimin qalib gələcəyi düşündürür. O zaman da onların arasında çat əmələ gəlir. Bu çatın daha da dərinləşməməsi üçün kişi və qadın bir-birinin müstəqilliyinə və fikirlərinə hörmətlə yanaşmalıdırlar. Münasibətləri yersiz zarafatlar da korlaya bilər. Mütəxəssisin dediyinə görə, bəzən insanlar sevgi münasibətlərində tənqidə, zarafata və ya istehzaya yol verirlər ki, bu da qarşı tərəfi incidir. Qarşı tərəfdə belə bir fikir yaranır: "Yəqin o, məni ciddi qəbul etmir, mənə lağ edir, məni bəyənmir". Z.Mirzəyevaya görə, bu cür fikirlər özünə güvən hissinin enməsinə səbəb olur, psixoloji immunitet zəifləyir. Münasibət soyumağa doğru gedir. "Bunun qarşısını almaq üçün hər iki tərəfin hisslərini bölüşməyə, danışmağa ehtiyacı var. Sevgi yaşayan insanlar mütləq öz hisslərini, sevincini, narazılığını dilə gətirməlidirlər" deyən psixoloq əlavə edib ki, kimin haqlı, kimin günahkar olduğunun heç bir önəmi yoxdur. Ən əsası münasibəti davam etdirmək, onu bağışlamaq istəyiniz vacibdir.
Mənbə: Milli.Az