"Zamanların uzlaşdırılması" ingilis dilini köhnə sovet dərsliklərindən öyrənmiş əksər şəxsə tanış termindir. Müəllimlərin fikrincə, dili öyrənməyə başlamaq üçün əsas maneə, ingilis dili qrammatikasının məhz bu bölməsidir. Bu, xüsusilə ingilis dilini lazımi dil təcrübəsi olmadan öyrənməyə çalışanlar üçün belədir.Amma elə hallar da olur ki, "zamanların uzlaşdırılması" səhvinə artıq orta və ya ali məktəbdə ingilis dilinin öyrənilməsi zamanı yox, həyatda, yaxud daha pisi, böyük siyasətdə yol verilir. Bəziləri hələ də XIX, hətta XX yox, XXI əsrdə yaşadığını heç cür dərk edə bilmir. Deyəsən, "Qolos Armenii" qəzeti vasitəsilə... Rusiya prezidenti Vladimir Putinə açıq məktub yazmaqla varlığını xatırlatmaq fikrinə düşmüş Zori Balayan məhz belələrindəndir. Məktubun başlığı öz-özlüyündə hər şeyi üzə çıxarır: "Qarabağ problemi Rusiyanın problemidir".Bu yerdə bəzi dəqiqləşdirməyə ehtiyac var. Bu günlərdə Rusiyanın Cənubi Qafqazda ilk dəfə "ərazi əldə etməsini" özündə əks etdirən, 1813-cü ildə imzalanmış Gülüstan müqaviləsinin qüvvəyə minməsinin 200-cü ili tamam olub. Xatırladaq ki, həmin müqaviləyə əsasən, İran Dağıstanın, Gürcüstanın, həmçinin Müasir Azərbaycanın bir hissəsinin (Bakı, Qarabağ, Gəncə, Şirvan, Şəki, Dərbənd, Quba xanlıqlarının) Rusiyaya məxsusluğunu tanıyıb. Sənəd Lənkəran xanlığının bir hissəsinin də Rusiyaya verilməsini rəsmiləşdirib. Bundan başqa, Rusiya Xəzər dənizində hərbi donanma saxlamaq hüququ əldə edib.Azərbaycan üçün isə bu müqavilə hər şeydən əvvəl Şimali və Cənubi Azərbaycana parçalanmanın başlanğıcı olub.Müasir dövrdə bu müqavilə yalnız tarixçilər üçün maraq kəsb edə bilər. Üstəlik, müqavilənin imzalanmasından 15 il sonra - 1928-ci ildə daha bir sənəd - Türkmənçay müqaviləsi imzalanıb. Bu gün onu imzalamış dövlətlərin heç biri mövcud deyil, onların varisləri isə həmsərhəd deyillər.Bütün bunlara rəğmən İrəvan artıq mövcud olmayan müqavilənin yubileyindən növbəti saxta isteriya üçün bəhanə kimi yararlanmağa çalışıb. İşğal olunmuş Qarabağda "Arsax" (dırnaq işarəsi bizə məxsusdur - red.) ermənilərinin xalq azadlığı mübarizəsi: "Gülüstandan bu günədək" kimi qalmaqallı ada malik elmi konfrans təşkil edilib. Amma ermənilərin özləri də bilmirlər ki, konfransı Gülüstan müqaviləsinin imzalanmasının 200 illiyinə, yoxsa "Qarabağ hərəkatı"nın 25 illiyinə həsr ediblər. Tədbir heç kimin tanımadığı "respublika"nın "parlament"ində keçirilib və bu, əslində, konfransın siyasi xarakterinin göstəricisidir."Yubiley tədbiri"nin səsi kəsilməmiş, "Qolos Armenii" qəzetində hələ ötən əsrin 80-ci illərində iki qonşu xalq arasında ciddi-cəhdlə düşmənçilik yayan bir şəxsin kifayət qədər geniş məktubu dərc olunub. Qısa olaraq məqalə haqda onu demək olar ki, bu yazı dəhşətli saxtakarlıqlarla və ermənipərəst mövqeyilə tanınan müəlliflərin yazılarından gətirilən sitatlarla zəngindir və çox sadə bir məqsədlə yazılıb.Birincisi, Zori Qaykoviç uzun-uzadı Rusiya ilə Ermənistanın "tarixi əlaqələri"ndən danışır. İkincisi, o, yazır ki, Gülüstan və Türkmənçay müqavilələri, guya, "tarixi erməni torpaqları"nın Rusiyaya birləşdirilməsinə yol açıb (reallıqda isə ermənilərin Qarabağ və İrəvan xanlıqları da daxil olmaqla, Cənubi Qafqaza kütləvi köçürülməsinə məhz Türkmənçay müqaviləsinin imzalanmasından sonra başlanılmışdı). Amma ən başlıcası, Balayan məktubu ünvanladığı Rusiya prezidentini əmin etmək istəyir ki, Rusiya dərhal "tarixi ədalətin bərpası"na başlamalı, Gülüstan və Türkmənçay müqavilələrində adı çəkilmiş ərazilər üzərində öz hüquqlarını bərpa etməlidir. Yəni Balayan hesab edir ki, Moskva Ermənistanın bütün "tarixi torpaqlarını" ermənilərə qaytarmalıdır. Balayan həmin ərazilər arasında yalnız dağlıq və aran Qarabağın adını çəkmir. Onun məktubunda Ermənistanın "tarixi əraziləri" kimi Naxçıvan, ermənilərin "Qardman" adlandırdıqları keçmiş Girdiman xanlığının ərazisi və sair də var. Məktubda Azərbaycanın, guya, "ikinci Türkiyə" olduğunu kəskin şəkildə pisləyən müəllif yazır: "...Əgər bildiyimiz kimi, Oktyabr inqilabınadək Azərbaycan adlı yer olmayıbsa, hansı ərazi bütövlüyündən söhbət gedir? Məgər aydın deyil ki, kompromislər siyahısına süni şəkildə yaradılmış respublikanın tərkibində olan bütün erməni əraziləri daxil edilməlidir?" Balayan süni yaradılan respublikanın məhz Ermənistan olduğundan danışmayıb. Halbuki bunu sübut edən yüzlərlə dəlil var və Gülüstan müqaviləsi də bu dəlillərdən biridir. Əvəzində o, Ermənistanla Rusiya arasında hətta ümumi sərhədin olmamasından çox hiddətlənir.Məktubun kulminasiya nöqtəsi Zori Balayanın Vladimir Putini... Qarabağa dəvət etməsi, səfər zamanı "azad olunmuş", yəni işğal edilmiş rayonlara da baş çəkməyə çağırmasıdır. Balayan hesab edir ki, Putin bu addımı Rusiyanın bu torpaqlarda Gülüstan və Türkmənçay müqavilələrilə təsdiqlənmiş hüquqlarını nümayiş etdirmək üçün atmalıdır.Əlbəttə ki, Balayanın faşist sayıqlamalarını dəqiqliklə, rəqəmlərlə, tarixlərlə, nəşr illəri və səhifələrin nömrəsinin göstərildiyi mənbələrlə təkzib etməyə ehtiyac yoxdur. Bu cəfəngiyatın detallı təhlilinə ehtiyac duymadan yalnız onu qeyd edək ki, Balayanın məktubu kifayət qədər maraqlı məqamda meydana çıxıb: Ermənistan bu yaxınlarda - sentyabrın 3-də Rusiyanın yaratdığı Gömrük İttifaqına üzvlüyə razılıq verib. İndi İrəvanda əmindirlər ki, Rusiya öz forpostuna bütün mümkün və qeyri-mümkün yardımları etməlidir. İndi ermənilər onlara enerji daşıyıcılarının Rusiyadaxili qiymətlərlə satılmasını, borcların, kreditlərin bağışlanmasını, yeni maliyyə axınlarını "xırda məsələlər" sayır, bunların müzakirəsinə belə, ehtiyac görmür. Erməni millətçiləri hesab edir ki, "loyallığa görə bəxşiş" kimi Azərbaycandan və Türkiyə hesabına Ermənistana torpaq "hədiyyə" olunmalıdır.İrəvanda Qarabağ avantürasının iflasa uğradığını artıq dərk edirlər. Bakı müharibənin hələ bitmədiyini bildirir. Azərbaycan ərazi bütövlüyünü bütün qanuni yollarla bərpa etmək hüququnu özündə saxlayır. Hərbi-siyasi balans da heç də Ermənistanın xeyrinə dəyişmir. Azərbaycanın təcavüzkar ölkəni məqsədli şəkildə iqtisadi layihələrdən kənarda qoyması nəticəsində Ermənistanın iqtisadiyyatı gün-gündən geri gedir. Trendlər kifayət qədər aydındır və onlar erməni millətçilərinə yaxşı heç nə vəd etmir. Üstəlik, artıq İrəvanda belə, "Qarabağı verərək adam kimi yaşamağın" vacibliyindən danışmağa başlayıblar.Amma indi, deyəsən, İrəvan onun əvəzinə Azərbaycanla Rusiyanın "haqq-hesab çəkəcəyi"ni düşünməyə başlayıb. Hər halda, Zori Balayan əmindir ki, Ermənistanın Gömrük İttifaqı və Avrasiya İttifaqına qoşulmasından sonra Qarabağ münaqişəsi zonasında vəziyyət 80-ci illərin ortalarındakı vəziyyətinə qayıdacaq. O dövrə ki, "erməni ziyalıları" SSRİ rəhbərliyini ən yaxşı və "məqsədəuyğun" variantın Qarabağın Ermənistana verilməli olduğuna inandırmağa çalışırdılar. İndi ermənilər bütün ağlabatan və batmayan arqumentləri ortaya atmaqdadırlar.Amma, deyəsən, "zamanların uzlaşdırılmaması" Zori Balayana və onun kimilərə adi həqiqəti dərk etməyə mane olur: indi öz qaydaları və reallıqları olan XXI əsrin ikinci onilliyidir. İndi Azərbaycan "şərti" sərhədləri olan müttəfiq respublika yox, BMT tərəfindən tanınmış müstəqil dövlətdir. Ən başlıcası, Azərbaycan SSRİ-nin dağılmasından sonra Rusiya ilə "böyüklər"ə xas münasibətlər qurmağı hansısa "tarixi öhdəliklər" olmadan, emosional şəkildə bir-birlərinə tarixi inciklikləri xatırlatmayan, əksinə, əməkdaşlığın perspektivli istiqamətlərini müəyyən edən çox azsaylı respublikalardan biridir. İrəvanın "Lragir" qəzeti bununla bağlı kifayət qədər aydın mövqe ortaya qoyub: "Aydındır ki, Putin "Arsax"a getməyəcək. İndi Rusiya-Azərbaycan münasibətlərinin səviyyəsi Rusiya-Ermənistan münasibətlərilə müqayisədə xeyli yüksəkdir. Yaxşı olardı ki, ona yeni dövr-aləm səyahəti üçün pul versinlər. Zori Balayanın Ermənistanda olması heç zaman yaxşı nəticələnməyib".İndi bu xəbərdarlıq yalnız Ermənistana yox, həm də Rusiyaya yönəlib.