Həm elmə, həm də incəsənətə eyni dərəcədə töhfə vermiş çox az sayda insan tapmaq olar. Bu nadir insanlar arasında azərbaycanlı Henrix Altovun da adı var.Altov (Altşuller) möhtəşəm fantastik roman və hekayələrin müəllifi kimi, demək olar ki, keçmiş sovet düşərgəsində hər bir ziyalıya tanışdır. Amma artıq onilliklərdir dünyada görkəmli alim kimi tanınan Altovun bu cəhəti haqda, təəssüf ki, doğma vətəni olan Bakıda çox az bilirlər. Stalin repressiyalarının ağır dövründə yaşamış əksər elm adamları kimi, Henri Altov da hələ gənc yaşlarındaykən o dövrün bütün çətinlikləri ilə qarşılaşmalı olub.Altov ilk rəsmi, dövlət tərəfindən qəbul olunmuş ixtirasını hələ 17 yaşı olarkən, 1943-cü ildə edib. Onun ilk işləri arasında raket mühərrikli kater, odsaçan tapança, skafandr var. Bir il sonra Altov artıq Azərbaycan Sənaye İnstitutunda oxuyurdu. Müharibə illərində o, institutda qalmayıb və neft-kimya fakültəsinin tələbəsi olduğu ilk ildə - 1944-cü ildə könüllü şəkildə orduya yollanıb. 50-ci illərdə onun ixtiralarının sayı (dövlət tərəfindən patentləşdirilmiş) onlarla idi. Onların arasında qazdan və istilikdən qoruyan skafandrı xüsusilə fərqləndirmək olar. Onu icad edənədək Altov artıq iki il idi ki, həyatının əsas işi - İxtiraçılıq məsələlərinin həlli nəzəriyyəsi (İMHN) ilə məşğul olurdu. Bu, ixtiraçılığa universal yanaşmanın alqoritmini yaratmağa imkan verirdi. Dövrünün insanlarının dedikləri kimi, sözü üzə deməyi xoşlayan Altov 1948-ci ildə Stalinə yazdığı məktubda SSRİ-də ixtira sahəsindəki vəziyyəti sərt tənqid edib. 1950-ci il iyulun 28-də o, heç bir məhkəmə prosesi keçirilmədən həbs olunub və barəsində 25 il müddətinə azadlıqdan məhrumetmə qərarı çıxarılıb. Altov həbsxanada da bir neçə ixtiraya imza atıb. 1954-cü il oktyabrın 22-də bəraət alan Altov Bakıya qayıdıb.Altov həbsxana həyatı haqda İMHN prizmasından yazırdı: "Dindirilmə prosesinin gedişində mənə kamerada yatmağı qadağan etmişdilər və növbətçi mütəmadi olaraq yatıb-yatmadığımı yoxlayırdı. İxtira etmək üçün şərait yaranmışdı. Yatmaq, amma yatmamaq lazım idi. Yatmalı idim, çünki mənim buna ehtiyacım var idi; yatmamalı idim, çünki növbətçiyə belə lazım idi. Eyni vaxtda iki vəziyyətdə olmalı idim. Yatmaq nədir? Bunun üçün oturmalısan. Mənə isə maksimum gözlərimi yummadan oturmağa icazə verilirdi. Amma yatmaq üçün mənə gözlərimi yumaraq oturmaq lazım idi. Demək, gözlərim eyni zamanda həm bağlı, həm də açıq olmalı idi. Əslində bu, çətin iş deyildi. Gözlər bütün günü o tərəf-bu tərəfə gəzişən, tez-tez mənə nəzər yetirən növbətçilər üçün açıq olmalı idi. Onlar mənim gözlərimi yummadan, şübhə yaranmaması üçün hətta geniş açaraq oturduğumu görməli idilər. Mənə isə gözlərimi yummaq lazım idi/... /Biz "Nord" siqaretinin qutusundan iki kağız parçası qopardıq. Yanmış kibrit çöpü ilə onların üstündə bəbək şəkli çəkdik. Mən yerimi rahatlayaraq əyləşdim, yanımdakı dustaq isə kağızları gözlərimə yapışdırdı".Altov Bakıya qayıtdıqdan sonra Azərbaycan Tikinti Nazirliyində (Texniki yardım bürosu) işləyib. 1958-ci ildə o, burada İMHN təlimi üzrə ilk seminarını keçirib. Bu zaman ilk dəfə İYN (ideal yekun nəticə) anlayışı meydana çıxıb. Sonradan Altov bütün SSRİ ərazisində İMHN seminarları keçirirdi. 1970 -ci ildə o, Bakıda Gənc İxtiraçılar Məktəbi yaradıb və məktəb 1971-ci ildə Azərbaycan İctimai İxtiraçılıq Yaradıcılığı İnstitutuna çevrilib. Bu institut dünyada İMHN təlimlərinin keçirildiyi ilk mərkəz idi.İxtiranın gözlənilmədən peyda olmasına dair fikrin geniş yayılmasına rəğmən, alim və mühəndis olan Altşuller bunun necə baş verdiyini, yaradıcılığın öz qanunauyğunluqlarının olub-olmadığını üzə çıxarmağa çalışırdı. Bu məqsədlə o, 1946-1971-ci illər arasında 40 mindən artıq patent və müəllif şəhadətnaməsi üzərində araşdırma aparıb, ixtiraçılığın 40 metodunu müəyyənləşdirib.Altov 1970-ci ildən məktəblilərə İMHN tədris edib. 70-80-ci illərdə o, "Pionerskaya pravda" qəzetində ixtiraçı bölməsində məqalələrlə çıxış edib.İMHN-in meydana çıxması ixtiraçılıq prosesinin sürətləndirilməsinə, oradan təsadüfi elementlərin kənarlaşdırılmasına yaranmış ehtiyacla bağlı idi. Bundan başqa, İMHN-in məqsədi keyfiyyətin yaxşılaşdırılması, ixtiraların səviyyəsinin psixoloji inersiyanın aradan qaldırılması hesabına artırılması, yaradıcı təxəyyülün gücləndirilməsi idi.Altov 1989-1998-ci illərdə İMHN Assosiasiyasının prezidenti seçilib. Onun təşəbbüsü ilə 1997-ci ildə assosiasiyanın bazasında Beynəlxalq İMHN Assosiasiyası yaradılıb. Elə həmin dövrdən İMHN xaricdə, nəhəng dövlətlərdə qəbul olunmağa başlayıb. Son illərdə İMHN ən çox ABŞ, Yaponiya və digər ölkələrdə inkişaf edib. Bu gün İMHN texniki sahədə ixtiraçılıq məsələlərinin həlli çərçivəsindən çıxıb və qeyri-texniki sahələrdə də istifadə olunur: biznes, incəsənət, ədəbiyyat, pedaqogika, siyasət və sair.90-cı illərin əvvəllərində Altov və Juravlyova Petrozavodska köçüblər. Yazıçı 1998-ci ildə orada dünyasını dəyişib. Altovdan onlarla elmi və ədəbi kitab qalıb. Onun nəhəng ədəbi irsi var. Bu kitablar dünyanın, demək olar ki, bütün ölkələrində tərcümə olunub. İndi İMHN-in pedaqogika və digər sahələrə geniş tətbiqinə başlanılıb. 2003-cü ildə Petrozavodskda görkəmli yazıçı və alimin xatirəsinə memorial lövhənin açılışı olub.
Mənbə: Milli.Az