Telefonla tanışlıq... İnformasiya texnologiyaları əsrində yaşayan gənclərdə bu söz yalnız təbəssümə səbəb ola bilər. Ancaq 20-25 il əvvəl gənclər məhz bu üsulla tanış olurdular. Bir-birlərini yalnız səsə görə tanıyır və sevirdilər. Həmin vaxt səhvə yol vermək şansı heç də indiki İnternet tanışlığından az deyildi. Telefon tanışlığına etibar etmək olarmı? Bu tanışlıq ciddi bir şeyə səbəb ola bilərmi? Milli.Az xəbər verir ki, tanınmış müğənni və musiqiçi Cavan Zeynallı bu barədə fikirlərini Day.Az-a açıqlayıb. "Mənim gənclik illərimdə telefonla tanışlıq əsl incəsənət idi. Elə istedada sahib olmaq lazımdır ki, həmsöhbətinin əhvalını tuta biləsən. Həmsöhbəti danışdırmaq bacarığı da vacib idi. İndi həyat daha asandır: Skype, video zənglər, tanışlıq saytları, sosial şəbəkələr. Hər şey dialoqu asanlaşdırmaq üçün edilib. İndi səhər tanış olmaq, gündüz görüşmək, axşam isə ayrılmaq olar. O vaxt isə telefon az qala yeganə tanışlıq vasitəsi idi. Axı küçədə tanışlıq mümkün deyildi. Toylarda tanışlıq isə məsuliyyət yaradırdı. Hansısa qız təsadüfən mənim nömrəmi yığanda onunla danışmağı bacarmırdım. Çünki tanımadığın və görmədiyin adamla ünsiyyətdə olmaq asan deyildi. Bizim sinifdə isə oğlanlar və qızlar arasında telefon danışığı həvəskarı çox idi. Amma bir qızla iki il ərzində mütəmadi olaraq danışdım. Ancaq bir dəfə də olsun, görüşmədim. Həmişə onun zəngini gözləyirdim. Onunla ünsiyyət zövq verirdi. Hər dəfə görüşmək təklif edəndə o, "nəyə görə?" sualını verirdi. İndiyə qədər bilmirəm, yəqin ki, bundan sonra da bilməyəcəm ki, o kim idi", - Cavan Zeynallı fikrini tamamlayıb. Bəs siz bu barədə nə düşünürsünüz, əziz oxcucular?
Mənbə: Milli.Az