Müdafiə Nazirliyi Azərbaycanın yeni müdafiə naziri Zakir Həsənovun general-polkovnik poqonunda ilk fotosunu yayıb. Ölkə baçısının sərəncamı ilə Z.Həsənova general-polkovnik rütbəsi oktyabrın 22-də verilib.Milli.Az Modern.az-a istinadən bildirir ki, Zakir Həsənov 6 iyun 1959-cu ildə Astara rayonunda anadan olub. 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib, həmin ildən 1985-ci ilədək Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət edib.1985-ci ildən 1993-cü ilədək SSRI Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışıb.Tağım komandiri vəzifəsindən başlayaraq 1993-2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında qərərgah rəisinin müavini, daha sonra Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifələrinə irəli çəkilib.Azərbaycan Respublikası Prezidentinin 17.01.2003-cü il tarixli 1130 N-li sərəncamı ilə Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı vəzifəsinə təyin edilib. Prezidentin 17.05.2003-cü il tarixli 869 N-li fərmanı ilə isə general-mayor, 06.05.2005-ci il tarixli 802 nömrəli sərəncamı ilə general-leytenant ali xüsusi rütbəsi verilib.Horadiz əməliyyatları da daxil olmaqla Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib.Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 16.08.2002-ci il sərəncamı ilə "Hərbi xidmətlərinə görə" medalı, 30.06.2004-cü il tarixli 294 N-li sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə və Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin 15.12.1998-ci il tarixli 0294 N-li əmri ilə "Sərhəddə fərqlənməyə görə" medalı ilə təltif edilib.22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının müdafiə naziri təyin edilib və general-polkovnik rütbəsi verilib.Ailəlidir. Üç övladı var.
Mənbə: Milli.Az