Küsüb ata evinə getmək qadını hörmətdən salır. Ailə müqəddəsdir. Hər bir ailə quran gənc bu evliliyin sona kimi davam edəcəyi düşüncəsi ilə dünya evinə girir. Bir müddət sonra başlayan anlaşılmazlıqlar müxtəlif narazılıqlara səbəb olsa da, hər bir cütlük bu kiçik "ailə müharibəsi"ndən sağ qurtula bilmir. Əksər evliliklərin sonu da boşanma ilə nəticələnir. Halbuki, sakit davranıb bəlkə də çox problemləri aydınlaşdırıb evliliyi qurtarmaq mümkün olar, amma bu gün bunun üçün çalışanlar, demək olar ki, barmaqla göstəriləcək qədər azdır. Atalar "ər arvadın savaşı, yaz gününün yağışı" desələr də, əksər hallarda bu yağış qurumaq bilmir. Yeni zamanın müasir küsmə üsulu isə ata evinə getməkdir. Ən kiçik narazılıq zamanı belə pal-paltarını yığıb ata evinə üz tutanlar az deyil. Ailəsini sevən yoldaşının gəlib aparmasını gözləyib, yalnız o halda evinə geri qayıdanlar da olur, yoldaşı gəlməyəndə isə özü getdiyi kimi geri qayıdanlar da. İstənilən halda bu gün "atam evinə gedirəm", "bəyənmirsən, atanın evinə get" kimi ifadələr də işlənilir. Yaşadığı evi tərk etmək düzgün bir davranış olmadığı halda, həm də ailəyə hörmətsizlikdir. Anlaşmazlıqlar yarandığı an çarə kimi ata evinə üz tutmayıb, problemləri həll etmək isə evliliyi sağlam edib, xilas etməyin ən gözəl üsuludur. Maraqlı haldır ki, əvvəllər ata evinə üz tutma hallarına nadir hallarda rast gəlinib. Məhz buna əsasən də yeni gəlinə "gəlin paltarında gedib, kəfəndə qayıdarsan" kimi məsləhətlər verilir. Bakı sakini Məlahət Əsədova da məhz bu məsləhətlə 48 ildir evliliyini davam etdirir: "19 yaşımda ailə qurmuşam. 48 ildir evliyəm. 3 qızım da ərdədir. Mənə rəhmətlik anam deyərdi ki, getdin, biz yoxuq. Atan, anan, qonşun, dostun hamısı yoldaşındır. Qonaq gəl, amma get. Ata evinə dönüşün kəfənlə olacaq. Mən də qızlarıma eynisini demişəm. Ailədə ata-ana qızı başa salmalıdır, öyrətməlidir. Qız ata evini özünə sığınacaq bilməməlidir. Döyərlər, incidərlər, gedib gətirərəm, amma qızlarımın gəlməyə ixtiyarı yoxdur. İndi hər sözdən küsüb ata evinə gedirlər. Buna evlilik, ailə demək olmaz". Psixoloq Qurban Talıblının sözlərinə görə, sevgi, hörmət, qarşılıqlı bir-birini başa düşmək üzərində qurulan ailələrdə ata evi söhbəti olmur. Hələ problemlərdə şiddət yoxdursa, acıq edib, qürur deyib evi tərk etmək qətiyyən yolverilməzdir. Evi bir dəfə tərk etmək ailəyə vurulan ən böyük zərbədir ki, bu zərbədən yaranan çat bir daha birləşmir və daha da dərinləşir. Valideynlərin də bu barədə ailə quracaq qızları ilə söhbətləri mütləq vacibdir: "2 cür ailə modeli movcuddur. Birinci model qızı ərə verib arxasında dayanırlar. Şiddət olmadıqca qız ailəsini tərk etmir, döyülmə, təhqir olunma kimi hallarda ailə müdaxilə edir və lazımdırsa, qızı evə gətirirlər. İkinci model ailələr qızı verdikdə "kəfən" mövzusunu açırlar. Döyülsən də, söyülsən də, bizə demə, biz yoxuq kimi xəbərdarlıqlar və qızın arxasında durmamaq. Ailə başçıları da ikili olur. Birincilər ailəsinə baxır, qoruyur, yoldaşına da övladı kimi münasibət göstərir. İkincilər isə kimsəli kimsəsizliyindən istifadə edib daha da sərtləşir, aqressivləşir, bir növ əşya alıb ona məxsusmuş kimi davranır. Xüsusən ata evinə qayıtma və ya buna meylli olmamaq üçün valideynlər ciddi söhbət etməlidirlər. Orta münasibətdə olmalıdırlar. Nə çox ailəyə qarışıb qıza ixtiyar verilməlidir ki, istəyəndə ata qapısına gəlsin, nə də tamamilə geri çəkilib onu təkbaşına buraxmalıdırlar". Psixoloq bildirir ki, istənilən halda xanımlar ailəni qorumağa çalışmalıdırlar. Bir anlıq əsəblə evdən çıxıb getməyin qarşılığı olaraq aylarla gəlib xanımı geri aparmasını gözləmək də var. Gedilən evdə qonaq deyil, ev sahibi kimi davranmaq, problemləri sözlə çözməyə çalışmaq, mümkün olmadıqda otağı dəyişmək ən yaxşısıdır. Evi tərk etmək isə ən son atılacaq addım olmalıdır ki, artıq bu addımdan sonra geri qayıtma olmamalıdır: "Qadın ailəsində özünü qonaq kimi hiss etməməlidir. Əsəbi olduqda özünüzə deyin: Mənim evim buradır, istəməyən gedə bilər. Ailəni və evi tərk etməmək qadını hörmətdə saxlayar, ailəni möhkəm edər. Əsəbi olduqda addımı atmazdan öncə evə göz gəzdirin. Yaratdığınız, qurduğunuz evin hər bir küncündə əməyiniz var. Hər şeyi qoyub getmək ailədən vaz keçməkdir. Bunu gözə alan qadın isə geri dönüşü gözləməlidir. Ailə quran qızlara demək istəyirəm ki, ailənizə, evinizə, yoldaşınıza sahib çıxın. Tərk edən olmayın". Həmsöhbətimizin əksinə olaraq gəlini ata evinə buraxmayan insanlardan da danışaraq bildirib ki, bu cür insanlar psixoloji sağlam insan deyillər. ""Arvad alıram" kəlməsindəki "alıram" sözünü ciddi qəbul edib şəxsi malı kimi qəbul edən insanın gələcəkdə şiddətə meylli olması da mümkündür. Belə insanları mən sağlam fikirli insan kimi qəbul etmirəm. Adama deyərlər, o gəlini sənə satıblar, ya bağışlayıblar? Belə insanlarla mübarizə aparmaq da yersizdir, çünki onlar qadağalarının səbəblərini belə bilmirlər". Dində də evini tərk edib ata evinə üz tutmaq xoş əməl kimi qəbul edilmir. Evdən nə məqsədlə çıxılırsa-çıxılsın, həyat yoldaşının xəbərdar olması və izni vacibdir.
Mənbə: Milli.Az