Havaların soyuması ilə əlaqədar olaraq evlərin qızdırılması problemi gündəmə gəlir. Sakinləri düşündürən əsas məsələlərdən biri evlərinin nə vaxt və necə qızmasıdır. Xətai rayonu, Babək prospekti, 74-ün sakinləri Milli.Az-a ünvanladıqları məktubda yazırlar ki, artıq havalar soyuq olsa da, binadakı istilik sistemi qoşulmayıb.“Azəristiliktəchizat” ASC-dən Milli.Az-a bildirildi ki, noyabr ayının 15-dən etibarən mənzillərin istilik enerjisi ilə təminatına başlanacaq. Qurumun Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev Milli.Az-a açıqlamasında bildirdi ki, "Azəristiliktəchizat" 3120 yaşayış binasının istiliklə təchiz edilməsini qarşısına məqsəd qoyub. Onlardan 2780-i Bakı şəhərinin payına düşür.Xidmət rəisinin sözlərinə görə, "Azəristilik"in mənbələrinə qoşulmuş bütün məktəb, uşaq bağçası, səhiyyə ocaqları istilik alacaqlar. Layihə üzrə "Azəristilik"ə qoşulub istilik almayan binalar olacaq və gələcəkdə mərhələli şəkildə problemləri həll ediləcək.
Mənbə: Milli.Az