Qadin.NET / Uşaqlar yalan danışarsa: kimdir günahkar?

Uşaqlar yalan danışarsa: kimdir günahkar?

 

 

Həqiqət və yalan həyatda bir-biriylə çox bağlıdır. Adətən biz böyüklər həqiqətin hansı səbəbdən gizli saxladılğını çox yaxşı başa düşürük. Bəs uşaqlar? Onlar hansı səbəblərdən inanılmaz hekayələr fikirləşib buna digərlərini də inandırmağa çalışırlar?Uşaqlar yalan danışmırlar. Ekspertlərin fikrincə, onlar dörd yaşlarına qədər, ümumiyyətlə, yalan və doğrunu ayıra bilmirlər. Onlara deyilən hər bir şeyi doğru olaraq qəbul edirlər. Öz istəklərini həyata keçirtmək üçün onlar emosiyalarını nümayiş edirlər: ağlayaraq, dava edərək, küsərək və s.Yalanın nə oduğunu uşaqlar anlayırlar?“Üç övladım var. Və hər birinin az yaşlarında yalan danışdıqları çox yaxşı yadımdadır. Oğlumun 6 yaşı olanda elə hekayələr danışırdı ki, qulaqlarıma inana bilmirdim. Bəzən həqiqətdir deyə düşünürdüm... Amma heç vaxt başa düşmürdüm ki, görəsən, niyə belə edir?” - 39 yaşlı həmsöhbətim Nigar Mürşüdova Milli.Az-a verdiyi açıqlamasında deyir.Psixoloq İlqar Əliyevin fikrincə, uşaqlar müəyyən yaş dövründə yalan danışmağı xoşlayırlar.“Uşaqlarda düşüncə formalaşdıqca onlarda “ağ” yalan mərhələsi formalaşır. Bu dönəmdə həqiqətin inkarı normal bir haldır. Uşaqların fantaziyaları o qədər yüksək olur ki, onlar müxtəlif hekayələr uydururlar. Və böyüklərin onlara inanmağını gözləyirlər. Buna görə, bəzən valideyinlər övladlarını cəzalandırırlar. Bu isə düzgün deyil. Əksinə uşaqlara kömək etmək lazımdır. Uşaqlar yalanın nə olduğunu 10 yaşından sonra başa düşürlər. O yaşa qədər isə onlar diqqəti cəlb etmək, həmyaşıdları arasında etimad qazanmağa çalışırlar.Elə uşaqlar da var ki, onlar, demək olar ki, öz aləmlərində qurduqları dünyada yaşayırlar. Çünki fantaziya dünyasında yaşamaq onun üçün daha asandır. Bunun səbəbi isə həmyaşıdların onlara qarşı kifayət qədər anlayışlı olmamasıdır.
Aqressiya yalanın qarşısını alır?Aqressiv uşaqlar daha az yalan danışırlar, nəinki itaətkar uşaqlar. Adətən qız uşaqları da oğlanlardan daha çox yalan danışırlar. Buna səbəb isə oğlanların aqressiya ilə öz emosiyalarından xilas olmasıdır.Lakin qızlar daha incə, emosional, küsəyən olduqları üçün yalan danışmağı çox sevirlər. Qız uşaqları yalan danışaraq özlərini qorumağa çalışırlar. Bu isə niyə qadınların həyatda daha çox yalan danışan olduqlarını izah edir.“Bəzən valideynlər övladların aqressiv olmasından şikayətlənirlər. Əslində bu aqressiya səbəbsiz deyil. Müəyyən səbəblərə görə, övladınız inadkar və əsəbi olur. Belə uşaqlar adətən daha az yalan danışırlar. Çünki aqressiyanın köməyi ilə öz istədiklərini göstərirlər”, - körpə uşaqlarla çalışan mütəxəssisAyşən Xəlilova deyir.
Uşağın yalan danışdığını necə bilməli?Psixoloqun sözlərinə görə, əgər uşaqlar danışarkən üzlərinin rəngi dəyişirsə, yanaqları qırmızı çalara bürünürsə, sözləri düşünərək deyib gözlərini tez-tez qırpırlarsa, deməli, yalan danışırlar. Bəziləri yalan danışarkən baxışlarını qaçırtmağa çalışırlar.Valideynləri övladlarını hər kəsdən daha yaxşı tanıyırlar.
“Onların davranışına, danışıq tərzinə diqqətlə fikir versəniz, övladınızı daha yaxşı başa düşərsiz”, - psixoloq Dəyanət Rzayev deyir.
Psixoloqlar, həmçinin də uşaqları yalan danışdıqlarına görə cəzalandırmamağı tövsiyə edirlər.
Bəlkə valideynlər özləri günahkardılar?
“Yadımdadır ki, uşaq yaşlarımda valideynlərim mənə qarşı çox tələbkar idilər. Bu səbəbdən də mən çox qorxardım. Çalışardım ki, onlara hər şeyi olduğu kimi deməyim. Əslində özüm də olduqca inadkar biri olmuşam. Lakin bəlkə də valideynlərim məni başa düşməyə çalışsaydılar, mən yalan danışmazdım”, - həmsöhbətim 19 yaşlı Firəngiz Abdullayeva deyir.
Bəzən yalan uşaqlar üçün tək çıxış yoludur?
Bəzən valideynlər övladlarına qarşı çox tələbkar olurlar. Və buna görə də uşaqlar yalanı çıxış yolu kimi başa düşürlər. Biz böyüklər onların uşaq olduğunu sanki unuduruq. Uşağa başa salın ki, yalan danışmağa heç bir ehtiyac yoxdur. Ona sevginizi nümayiş etdirin. Nə edirsə etsin sonunadək arxasında olduğunuzu başa salın.Əgər deyinmək istəsəniz, bilin ki, uşağı yox onun etdiyi hərəkəti tənqid etməlisiz. Və ən əsası da ona doğru danışdığına görə tərif deməyi unutmayın. Çünki belə halda uşaq yenidən sizə həqiqəti deyəcək.Uşaqlar üçün ən yaxşı dost valideyndir. Bunu, ilk növbədə, valideynlər bilməlidirlər.

Mənbə: Milli.Az

25 oktyabr 2013
GO BACK