Qadin.NET / Qış vaxtı" nəyimizə lazımdır?

Qış vaxtı" nəyimizə lazımdır?

 

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 27 oktyabr saat 05:00-da  respublika ərazisində saatlar 1 saat geri çəkilməklə yay vaxtı ləğv olunacaq. Qış vaxtına keçid hər il oktyabr ayının son bazar günü həyata keçirilir.  Dünyada 120 ilə yaxındır ki, tətbiq edilən bu prosedur 15 ilə yaxındır ki, Azərbaycanda da gerçəkləşdirilir və bu addımın əsas səbəbi kimi iqtisadi səmərə göstərilir. Mütəxəssislərin fikrincə isə saat çəkiləndən sonra insan orqanizminin ona uyğunlaşması iki həftəyə yaxın vaxt alır. Bu müddətdə həm evdə, həm də işdə fiziki və mənəvi yükü azaltmağa çalışmaq lazımdır.

Məsləhət görülür ki, qış vaxtına keçiddən sonra insanlar əvvəlki vaxtla yatmağa, yeni vaxtla isə yuxudan durmağa çalışsınlar. Nəhayət, ən önəmli amillərdən biri olan qidaya diqqət edilməlidir. Daha çox vitamin, xüsusilə C vitamini qəbul edilməlidir. Ümumilikdə qış vaxtına keçidi orqanizm yay vaxtına keçiddən daha asan qəbul edir. Çünki səhər daha tez açılır və orqanizm də oyanmağa hazır olur, təbii bioritmlər də gec vaxta köklənir. 
Tibb elmləri doktoru, professor Adil Qeybulla saatların irəli-geri çəkilməsinin insan orqanizminə mənfi təsir etdiyini bildirdi: 
“Biz saatların irəli-geri çəkilməsini Rusiyadan götürmüşük. Ancaq Rusiya özü indi bundan imtina edib. Səhər tezdən durub işə gedən adam üçün bu 1 saatın ciddi önəmi var. Bu insan 1 saat fərqlə durmalı olur, bu da onun iş rejimində problem yaradır. Çünki insanın yeni vaxta adaptasiya olması zaman tələb edir. Xüsusilə də xəstə, yaşlı adamlar, qadınlar yeni vaxta adaptasiya prosesini pis keçirirlər. Məktəbə gedən uşaqlara, yuxusuzluq problemi, ürək-damar xəstəliyindən əziyyət çəkən, nevrozu olan adamlara bu daha pis təsir edir. Yeni vaxta tam öyrəşdikdə isə artıq yay vaxtı gəlir və yenə də saatlar dəyişilir. Rusiyada bunu tətbiq etdikdə gördülər ki, saatların irəli-geri çəkilməsinin elə də bir önəmi yoxdur. Ona görə də hesab edirəm ki, bununla bağlı qərara yenidən baxılsa, daha yaxşı olardı”.
Alimlər qeyd edirlər ki, insan orqanizminin öz bioloji saatı var. Buna görə də vaxtın dəyişdirilməsi hər 5 insandan birinə mənfi təsir göstərir. Psixoloqlara görə, saatların çəkilməsi insanların davranışında da özünü göstərir. Belə ki, insanlar öz “daxili saatlarına” uyğunlaşdıqlarından saatların çəkilməsi onların psixologiyasına mənfi təsir edir, yuxusuzluq yaradır, davranışlarına təsir edir. Adaptasiya prosesində insanların sinir sisteminə mənfi təsir edir. Keçid dövrünü ən pis uşaqlar, əlillər və meteohəssas insanlar, ürək çatışmazlığı olan şəxslər keçirir. Bu cür şəxslərin özlərinə gəlməsi üçün ən azı bir həftə vaxt tələb olunur.
Məlumat üçün bildirək ki, saat əqrəbinin irəli və geri çəkilməsi ilə bağlı ilk təklif 1880-ci ildə ingilis mühəndisi Uilyam Uillet tərəfindən irəli sürülüb. Saatlar ilk dəfə 1908-ci ildə İngiltərədə çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib. Daha sonra dünyanın əksər ölkələrində bu rejim tətbiq olunub. 1981-ci ildən başlayaraq qış və yay vaxtına keçid dünyanın 100-dən artıq ölkəsində həyata keçirilir. Lakin yay və qış vaxtına keçid qaydalarına qoşulmayan ölkələr də var. 
Onlara misal olaraq Türkmənistan, Özbəkistan, Gürcüstan, Puerto-Riko, Virciniya adaları, Sinqapur, Çin, Estoniya, Gürcüstan və digər ölkələrin adlarını çəkmək olar. Saatların irəli-geri çəkilməsinin insan orqanizminə mənfi təsir göstərdiyini əsas gətirən Ukrayna və Rusiya da bu ölkələr sırasındadır.

Mənbə: Milli.Az

25 oktyabr 2013
GO BACK