Qadin.NET / Məşhur Azərbaycan kəndi təlaş içərisində: nə vurmaq olur, nə də qaçmaq

Məşhur Azərbaycan kəndi təlaş içərisində: nə vurmaq olur, nə də qaçmaq

 

Azərbaycanın ən məşhur kurort zonasının sakinləri təlaş içərisindədirlər. Qax rayonunun İlisu kəndinə bir aya yaxındır ki, yırtıcı soxulub. Sakinlərin Milli.Az-a verdikləri məlumata görə, xeyli müddətdir, İlisu kəndinə dağdan ayı enib. Ayı insanlara hücum edir, sakinlərin inəklərini parçalayır. “Təsəvvür edin ki, küçəylə gedirik, birdən qarşımıza ayı çıxır. Gecə küçəyə çıxmaq olmur, ayı hücumundan qorxuruq. Dövlət ayını öldürməyə qoymur. Ayını öldürəni yüksək məbləğdə cərimə, öldürməyəni isə ağır ayı zərbəsi gözləyir. Kasıb İlisu sakinləri pul cəriməsini ayı qorxusundan daha təhlükəli hesab etdiklərindən qorxu içərisində yaşamağa davam edirlər”, - deyə məktubda deyilir. İlisu bələdiyyəsinin sədri Asəf Əhmədov Milli.Az-a açıqlamasında bildirdi ki, kəndə ayının gəlməsi ilk dəfə deyil. Bələdiyyə sədrinin sözlərinə görə, hər il mal-qara dağdan arana gələndə ayı onların iyinə kəndə gəlir: “Bu dəfə də malın dalınca gəlmişdi. İlisuya ayı gəlməsi birinci dəfə deyil. 10 gün əvvəl dağdan kəndə ayı düşmüşdü. Sakinlər onu görüb qorxuya düşmüşdülər. Hazırda isə ayı çıxıb gedib, həyat öz axarı ilə davam edir”. 

Mənbə: Milli.Az

24 oktyabr 2013
GO BACK