Bəs övladlığa uşaq götürmə üçün hansı qaydalar var? Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evinin direktoru Ofelya Qəmbərovanın sözlərinə əsasən, çox sevindirici haldır ki, həmin uşaq evi 120 yerlik olmasına baxmayaraq hazırda orada 46 uşaq yaşayır. Bu isə onu deməyə əsas verir ki, gündən-günə inkişafda olan ölkəmizdə uşaqdan imtina halları azalıb. Bəs övladlığa uşaq götürmək üçün hansı qaydalar tətbiq olunur? Bu gün Azərbaycanın iqtisadiyyatının sürətli inkişafı, adambaşına düşən gəlirin ilbəil artırılması əhalinin, o cümlədən hər bir ailənin sosial durumunun yaxşılaşması deməkdir. Məhz bunun nəticəsidir ki, bu gün respublika miqyasında uşaq evlərində uşaqların sayı tədricən azalır. Lənkəran Şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evinin direktoru Ofelya Qəmbərova da bunu təsdiqləyir. Ofelya Qəmbərova imtina olunmuş, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yenidən övladlığa götürülməsi ilə bağlı bildirdi ki, imtina olunmuş uşaqlar sənədlə uşaq evinə daxil olurlar və onlar Təhsil Nazirliyi nəzdində mərkəzləşmiş uçotda qeydiyyata alınır və valideyn ehtiyacı olan övladlığa götürən valideynlər bura müraciət edə bilərlər. Onlar məhkəməyə müraciət edirlər və məhkəmə əsasında bu problem həllini tapır.Ofelya Qəmbərova deyir ki, özgə uşağı övladlığa götürmək üçün valideynlik etmək istəyən şəxs haqqında öyrənilir və bu qayda qanunvericilik əsasında tənzimlənir. Bunula bağlı hüquqşünas CTV-ə müsahibəsində bildirdi ki, övladlığa götürmə üçün şəxsiyyəti təsdiq edən sənədin surəti, qısa tərcümeyi-hal, övladlığa götürməyə imkan verməyən xəstəliyinin olmaması barədə tibbi arayış, ümumi səhhəti barədə tibbi arayış, yaşayış sahəsi barədə məlumat, ailə vəziyyəti barədə məlumatlar, iş yeri, əmək haqqı və başqa gəlirləri haqqında məlumat, övladlığa götürmək istədiyi uşağın xüsusi əlamətləri yerli icra hakimiyyəti orqanına təqdim edilir.
Mənbə: Milli.Az