Bakıda ekologiyanın vəziyyəti son illər beynəlxalq hesabatlarda tez-tez gündəmə gətirilir. Söhbət paytaxtımızda havanın çirklilik dərəcəsinin yüksək olması ilə bağlı iddialardan gedir. Ekspertlər havanın çirklilik dərəcəsinin nisbətən yüksək olmasını müxtəlif problemlərlə əlaqələndirirlər. Ekoloq Telman Zeynalovun sözlərinə görə, bu azmış kimi, yaşıllıqların bəzi insanlar tərəfindən vaxtilə kütləvi şəkildə məhv edilməsi vəziyyəti bir qədər də qəlizləşdirib. Ekoloq yaşıllıqların yerində bir-birinə yaxın binaların tikilməsini də bu problemlərdən biri kimi qeyd edir: “Binalar arasında məsafə ən azı onun hündürlüyü qədər olmalıdır. O qədər də yaşıllıq olmalıdır ki, hava təmizlənsin, insanların sağlamlığı üçün şərait olsun”. T.Zeynalov Bakıda qanunsuz tikililərin baş alıb getdiyini söylədi: “Qanunsuz tikililər baş alıb gedir, Bakı Şəhər İcra Hakimiyyəti hara baxır, bilmək olmur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi hara baxır?”. Ölkəmizdə insanların stress vəziyyətində olduğunu bildirən ekoloq, bunun həm də ekologiya ilə bağlılığını vurğuladı: “İnsanlar bir-birləri ilə acıqlı danışırlar, bir-birlərinin üstünə qışqırırlar, sözlərini qəbul edə bilmirlər. Çünki stress vəziyyətindədirlər. Stressi isə yaradan kimlərdir? Nəqliyyat və şəhərsalmadakı problemlər. Yaşıllıqları qırıb kefləri nə istəyir tikiblər”.“Oksigen vermir, kölgə yaratmır, bu bitki bizim nəyimizə lazımdır?”Telman Zeynalov Bakıda ölkəmizə, onun iqliminə xas olmayan bitkilərin gətirilib əkilməsinə də qarşıdır: “Bizə xas olmayan bitkiləri gətirib əkirlər. Bu bitkilər bizə oksigen verməyəcək. Məsələn, götürək Maqnoli bitkisini. Bu, bizim nəyimizə lazımdır? İldə bir dəfə gül açır. Oksigen vermir, kölgə yaratmır və s”. “Bir müddət əvvəl Bakıda Quş bulvarı istifadəyə verildi. Yayın istisində başına gün vurduğu üçün həmin ərazidə gəzən insanlardan neçə nəfər xəstəxanaya düşdü. Bu işə onsuz da pul xərcləyirlər. Heç olmasa, bizim iqlim şəraitimizə, mühitimizə uyğun bitkilər əksinlər. Bu azmış kimi, çinar ağaclarını kəsirlər, qırıb məhv edirlər. Bunlar bizi məhvə aparır. Bunun adı sükutlu suiqəstdir”.Avtomobillərin ekologiyaya mənfi təsiri...Ekoloq təyyarələrin də iqlimə çox ciddi zərər vurduğunu söyləyir: “Təyyarələr iqlimi çox çirkləndirirlər. Başımıza hər gün zəhər tökülür. Diqqəti çox çəkməsə də, bu da ekologiyamızı çirkləndirən ciddi səbəblərdən biridir”.“Bakının bizim arzuladığımız kimi, yaşıl şəhər olması üçün onun infrastrukturu qaneedici deyil. İndiki halda Bakının bütövlükdə yaşıl şəhərə çevrilməsi asan görünmür”,-deyə ekspert bildirdi. O, Azərbaycana gətirilən avtomobillərin də ekologiyaya mənfi təsir göstərdiyini vurğuladı: “Həmin avtomobillərin çoxu işlənmiş, nisbətən köhnəlmiş maşınlardır. Xaricdə istifadə olunur və köhnəlmə mərhələsi başlayanda gətirirlər bura. Ətraf mühitin çirklənməsində bu avtomobillərin də rolunu qeyd etmək lazımdır”.Əhali çoxalıb, qida tullantıları 40-50 faiz artıb. Onun dediyinə görə, Bakının ekologiyasının çirklənməsində əhalinin artımının da böyük rolu var. Ekoloqun bildirdiyinə görə, ətraf mühiti çirkləndirən təkcə maşın deyil: “Bakı şəhərinin əhalisi 1,5 milyondan 3-3,5 milyona qədər artıb. Əhalinin sayının bu qədər artması o deməkdir ki, alınan, istifadə edilən məhsulların tullantısı da 40-50 faiz artıb. İqtisadi tullantıların da həcmi çoxalıb”.“Gərək bu sahədə peşəkar adamlar çalışsınlar”. Səslənən fikirlərin bir qisminə münasibət bildirən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiriCahangir Qocayev deyir ki, binaların bir-birinə yaxın tikilməsi həqiqətən də ağrılı məsələdir: “Bu, bizim əxlaqi mədəniyyətimizə böyük ziyan vurur. Qəflətən yataq otağında yuxudan duran adam işığı yandırır və qonşu binadakılar onu görür. Beləliklə, cəmiyyətdə sırtıqlaşma sindromu yaranır, cəmiyyət utanc psixologiyasını itirir”.Ömrümün 30 ilini şəhərsalmaya həsr elədiyini bildirən C. Qocayev: “Şəhərsalma çoxşaxəli bir sahədir, gərək bu sahədə peşəkar adamlar çalışsınlar”,- deyir.“Ayrı-ayrı məmurların münasibəti dövlətin siyasəti kimi müəyyənləşdirilə bilməz”. Onun sözlərinə görə, şəhər idarəçiliyində də insanlar peşəkar olmalıdırlar: “İdarəçi peşəkar olmayanda, problemlər yaşanır. Vəzifə xatirinə hər kəs vəzifəyə can atmamalıdır. Mən hesab edirəm ki, bu sahədə də cəmiyyətin maariflənməsinə ehtiyac var. Yəni vəzifəyə hərislik, vəzifənin yaratdığı məsuliyyətlə belə demək mümkünsə, dayandırılmalıdır”. Şöbə müdiri deyir ki, vəzifə hərisliyinin sonrası çox böyük məsuliyyət yaradır: “İdarəçinin qəbul etdiyi qərarın məsuliyyəti olmalıdır”. “Ziyanın yarısından da qayıtmaq xeyirlidir” atalar sözünü misal çəkən şöbə müdiri deyir ki, Bakıda hansı vəziyyət yaranır-yaransın, biz onu düzəltməyə məhkumuq: “Biz onun düzəldilməsinin yollarını tapmalıyıq. Yeri gəlmişkən, ayrı-ayrı məmurların münasibəti heç vaxt dövlətin siyasəti kimi müəyyənləşdirilə bilməz və üst-üstə düşə bilməz. Biz həm də elə etməliyik ki, cəmiyyət bu işin tənzimlənməsində, idarə olunmasında bizim yardımçımıza çevrilsin”.
Mənbə: Milli.Az