Qadin.NET / Azərbaycanda kimlər nikah bağlaya bilməzlər?

Azərbaycanda kimlər nikah bağlaya bilməzlər?

 

Trend-in məlumatına görə, BHM-nin hüquq məsləhətçisi İsrafil Əlili bildirib ki, Azərbaycanda nikah Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri (rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. Bəzən üzrlü səbəblər olduqda nikahın bağlanma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər. Xüsusi hallarda isə (hamiləlik, uşağın doğulması və digər hallarda) nikah ərizə verilən gün bağlana bilər: "Belə hallara praktikada az rast gəlinir. Ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatına alındığı gündən yaranır. Bu orqan nikahın qeydiyyatından imtina etdikdə nikaha daxil olmaq istəyən şəxslər (onlardan biri) inzibati qaydada məhkəməyə şikayət edə bilərlər.Hüquqşünas bildirir ki, nikahın qeydə alınması üçün dövlət rüsumu 5 manat təşkil edir. Azərbaycanda nikah yaşı isə 18 yaşdır. Lakin bəzi üzrlü səbəblər olduqda nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Bu səbəblər daha çox nikaha girmək istəyən tərəflərin ailə vəziyyətləri ilə bağlı olur. Məsələn, onların valideynləri ağır (ölümcül) xəstə olduqda, qız hamilə olduqda və s. hallarda tərəflər 17 yaşında nikaha daxil ola bilərlər:"Nikahın bağlanmasının vacib şərtlərindən biri də nikaha daxil olan şəxslərin yazılı razılığıdır. Tərəflərin razılığı olmadan bağlanan nikah etibarsız sayılır".İ.Əlili deyib ki, yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və ya anası olan) qardaş və bacılar, övladlığa götürənlər və övladlığa götürülənlər, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər, ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında nikahın bağlanmasına icazə verilmir.Hüquqşünasın dediyinə görə, qanunvericilikdə nikaha daxil olmaq istəyən gənclərin tibbi müayinəsi ilə bağlı müddəalar da öz əksini tapıb. Belə ki, nikaha daxil olan şəxslərin tibbi müayinəsi, habelə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların razılığı ilə yaşayış yerindəki dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilir. Nikaha daxil olan şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) olmasını digər tərəfdən gizlətdikdə qarşı tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.Hüquqşünas bildirib ki, ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya, öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər. Nikaha daxil olanların biri və ya hər ikisi qoşa soyada malik olduqda soyadların birləşdirilməsinə yol verilmir. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Əgər nikah pozularsa ər (arvad) ümumi soyadlarını saxlamaq və ya nikahdan əvvəlki soyadını bərpa etmək hüququna malikdir.

 

Mənbə: Milli.Az

23 oktyabr 2013
GO BACK