Qadin.NET / Xəstə iqtisadiyyatın xoflu adamları

Xəstə iqtisadiyyatın xoflu adamları

 

Ermənistandakı mövcud ictimai-siyasi vəziyyəti bir qədər primitiv, səthi şərh edərək "vəziyyət ağırdır, dözülməzdir" də yazmaq mümkündür.Di gəl, bu ifadələr ölkədəki durumu tam və dəqiq əks etdirməz. Çünki Ermənistanda vəziyyət ağır yox, təhlükə astanasındadır.Adını çəkdiyimiz ölkə qonşuluğumuzda yerləşdiyindən oradakı yarıac insanların yaşamının ağırlaşması, təbii ki, bütün regiona da təsir edir.Serj Sarkisyanın bandokratiyasının idarə etdiyi bu məmləkətdə yaşayanların səbr kasaları hələlik dibsiz təsir bağışlasa da, günlərin birində siyasi kolliziya və sosial partlayış qaçılmazdır. Və onda yüz minlərlə erməni həyatlarını dəyişmək istəyərək qiyama, yaxud üsyana əl ataraq Cənubi Qafqazda böyük təhlükə mənbəyinə çevrilmiş məkan yarada bilərlər.Baş verənlər də hadisələrin təxminlədiyimiz məcrada inkişaf etdiyini göstərir.Sarkisyan rejiminin bütün təzyiqlərinə, polis və hərbçilərdən yararlanaraq narazı kütləyə divan tutmasına, ölkədə mütilik və hakimiyyətin qərarlarına sözsüz itaət mühiti yaratmağa yönəlmiş səylərinə rəğmən ölkənin ictimai-siyasi diskursu xofdan azad olmaqdadır.İndi ermənilər özləri üçün qapalı mövzu görmürlər. Xüsusilə də sosial şəbəkələrdə Yerevandakı hakimiyyət nifrətlə müzakirə edilməklə yanaşı, bu rejimdən qurtulmağın yolları aranır. Bütün bunlar Sarkisyandan cəmiyyətə qarşı daha effektiv təbliğat vasitələrini, manipulyasiya texnologiyalarını işə salmağı tələb edərkən digər tərəfdən hər şey müvəqqəti təsir bağışlayır.Ermənilər gec də olsa, anlamağa başlayıblar ki, rejim qarşısında xofdan qurtulmaq bir çox tabuların yıxılması prosesi olmaqla yanaşı, aralıq mərhələdir.Müxalifət düşərgəsindəki zəif, boşboğazlıqdan savayı hələlik heç bir işlə məşğul olmayan siyasi partiyalara ümidlərin azaldığı bir zamanda gərəkli və gərəksiz vəsilələri ayırmağın vaxtı çatıb.Maraqlı olan da odur ki, hakimiyyətdən narazı ermənilər sürəkli olaraq siyasi müzakirələr və fasiləsiz gərginlikdə olan mübahisələrdə iqtisadi məqamları arxa plana çəkirlər. Halbuki iqtisadiyyat qalmaqallı olaylarla yanaşı, cari proseslərin axarında, dövlətin varlığında və cəmiyyətin həyatında ən önəmli yeri tutur. Ermənistan kimi ağlar vəziyyətdəki iqtisadiyyata malik ikinci bir ölkəni təsəvvürə gətirmək çətindir ki, orada bütün müzakirələrin məhvər mövzusu iqtisadiyyat deyil.Ermənilər iqtisadiyyatdan savayı az qala hər şeyi müzakirə edirlər.İqtisadi məsələlər müxalifət partiyalarının liderlərinin, qeyri-hökumət təşkilatlarının rəhbərlərinin, radikal müxalifətçilərin və gənclər təşkilatlarının başçılarının çıxışlarından tutmuş, sosial şəbəkələrdəki açıqlamalarına qədər ən geniş spektrdə sadəcə, olanlardan biridir.Nə az, nə çox.Təbii, belə absurd vəziyyətin olmasında Ermənistandakı ictimai-siyasi gündəmi formalaşdıranların da "əməyi" az deyil. İqtisadi mövzunu ön plana çıxarmamaqda onların konkret və aydın maraqları var.Halbuki Serj Sarkisyan rejimi üçün siyasi ittihamlar, insan haqlarının pozulması, demokratik dəyərlərin ayaq altına salınması, azad seçkilərin olmaması və s. kimi suçlamalarla müqayisədə iqtisadi mövzuların qabardılması daha təhlükəlidir.Ən azı ona görə ki, Ermənistandakı mövcud rejimin varlığını iqtisadi cinayətlər müəyyənləşdirir.Yerevan hakimiyyətinin qanunsuzluqlarının tam əksəriyyəti iqtisadi məzmunludur. Və ən nəhayət, məhz iqtisadi cinayətlər mövcud sistemin "bel sütunu"nu təşkil edib, indi də belədir.Yaşanan situasiyada da Sarkisyan rejimi çalışır ki, iqtisadiyyatdan mümkün qədər az danışılsın. Ermənilər iqtisadiyyata, daxili və xarici iqtisadi göstəricilərə nə qədər az diqqət ayırsalar, hakimiyyət üçün bir o qədər yaxşıdır.Serj Sarkisyanın başçılıq etdiyi Ermənistan Respublika Partiyasına guya "əsas rəqib və ən ciddi alternativ" kimi təqdim edilən "Çiçəklənən Ermənistan" Partiyasının liderləri üçün də eyni motivasiya var.Oliqarx Qagik Sarukyanın başçılıq etdiyi partiya əslində Sarkisyanın dəstəsi üçün iddırımötürən rolunu oynayır və sözügedən siyasi təşkilata rəhbərlik edənlərin çoxu iqtisadiyyatla "məşğul" olanlardır. Yəni onların yaşamını, fəaliyyətini iqtisadiyyatsız təsəvvür etmək olmaz: o adamların hamısı hakimiyyətin güzəştlərindən və "imtiyaz"larından yararlanaraq varlananlardır.Ermənistanda az və çox əhəmiyyətli iqtisadi fəaliyyətlə məşğul olarkən hakimiyyətin menyusundakı kiçik və böyük iqtisadi cinayətlər zəncirinin həlqəsinə çevrilməmək mümkün deyil.Bu zəncir Sarkisyan rejiminin oyun qaydalarından biri olmaqla yanaşı, ölkədə müəyyən təsir imkanlarına malik qüvvələri idarə etməyə imkan verir.Bəhs etdiyimiz məqamları son seçkilərdə gördük. Prezident seçkilərindən əvvəl ekstremal dərəcədə inqilabi və radikal müxalif mövqelər tutmuş adamlar seçkilərdən sonra mövqelərində 180 dərəcə dönüş edərək süst düşdülər.Ermənistandakı müxalifət partiyalarının və xüsusilə də bu qurumların parlamentdə təmsil olunmuş nümayəndələrinin iqtisadi məsələlərlə bağlı fəallıqlarına gəldikdə isə... acınacaqlı vəziyyətdir. Zahiri fəallıq var, amma deyilənlər gəvəzəlik, dəqiq ünvanı olmayan tənqidlərdir.Səbəb bəllidir: müxalifət liderlərinin hamısı bu və digər iqtisadi kanallar vasitəsilə hakimiyyətin müxtəlif seqmentləri ilə bağlıdır. Nəticədə onların dilləri gödək, fəaliyyətləri məhdud, gözləri qıpıqdır.Sarkisyan rejiminin ustalıqla istifadə etdiyi bu məhdudlaşdırıcı amillər çox işləkdir.Dünya ölkələri arasında işsizlik, yoxsulluq və mühacirət səviyyəsinin fəlakət həddinə çatdığı istənilən dövlətdə ən çox müzakirə edilən məsələlər arasında iqtisadiyyat birinci yeri tutur.Ermənistanda isə cəmiyyətdəki yeri, rolu, çəkisi və həcminə tam tərsinə olaraq iqtisadiyyat məsələləri müzakirələrdə ən son yerlərdən birindədir.Kapitalın bölüşdürülməsindən tutmuş, süni inhisarların olması və bütün iqtisadiyyatın Rusiya şirkətləri ilə Serj Sarkisyanın arasında paylaşdırılmasınadək olan məqamlar sanki erməni müxalifətini maraqlandıran olaylar arasında ən son, mənasız, qeyri-ciddi ünsürlərdir.Halbuki Ermənistanda və bu ölkə ilə əlaqədar kənarda baş verən hadisələrin məntiqinin anlaşılması, habelə sözügedən məntiq çərçivəsində daxili və xarici subyektlərin mövqelərinin dərk edilməsi üçün iqtisadi proseslərinin məğzini səthi olsa da, anlamaq yetər. Siyasi problemlərin çoxunun cavabı da məhz Ermənistan iqtisadiyyatındadır.Gərçi cəmiyyət iqtisadiyyatdakı proseslərdən xəbərdardırsa, kapitalın hərəkətinin məntiqini anlayırsa - deməli, oyunçuların motivlərini də tam aydın dərk edir və beləcə, o oyunçuların davranışlarına təsir yollarının tapılması da asanlaşır.Serj Sarkisyanın rejimi bunu bildiyindən cəmiyyətin nəzarət edə biləcəyi subyektlərin hamısını narazı insanlardan kənarlaşdırıb. Cəmiyyət bu minvalla iqtisadi proseslərin mahiyyətindən bixəbər qalır.İctimai nəzarətin olmadığı iqtisadiyyat xəstədir.Xəstə iqtisadiyyatın bacını isə həmişə cəmiyyət ödəyir.Eynən Ermənistanda olduğu kimi.

 

Mənbə: Milli.Az
23 oktyabr 2013
GO BACK