Qadin.NET / Yüzlərlə uşaq cəmiyyətə qaytarılır

Yüzlərlə uşaq cəmiyyətə qaytarılır

 

Onların da hamı kimi yaşamağa haqqı var Paytaxt Bakı daxil olmaqla ölkənin 30 rayon və şəhərində əlil və sosial təhlükəli vəziyyətdə olan yüzlərlə uşaq 3 aydan artıqdır ki, müxtəlif mərkəzlərdə reablitasiya keçir. “Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam ilə bu işlər üçün Prezidentin Ehtiyat Fondundan, ilkin olaraq, 2 milyon manat vəsait ayrılıb. Sosial Sifarişlərin verilməsi qaydalarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçirdiyi müsabiqədə 20 QHT qalib gəlib. Nazirliyin sektor müdiri Vüqar Behbudov bildirib ki, bu proqramda, əsasən, sağlamlıq imkanları məhdud uşaqlarla bərabər cəmiyyətdə “küçə uşaqları” kimi adlandırılan, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların reablitasiyası da nəzərdə tutulub. Bu məqsədlə Bakı da daxil olmaqla, 30-a yaxın bölgədə xüsusi mərkəzlər yaradılıb. Əsas prioritet isə hər iki istiqamətdə reablitasiyaya ehtiyacı olan uşaqların yaşadığı ərazilərdə onlarla məşğul olmaqdır. Hətta bu reablitasiya işləri yalnız yeni yaradılmış mərkəzlərdə deyil, evlərdə də səyyar sosial reablitsiya işləri aparılır. Sosial işçilər və mütəxəssislər müəyyən səbəblərdən mərkəzə gələ bilməyən uşaqlara isə evlərində yardım göstərilir. QHT əməkdaşları ənənəvi metodlarla bərabər dünya təcrübəsinə də müraciət edirlər. Məsələn, mərkəzlərdən biri Avropada geniş yayılmış Portec metodikasından istifadə edir. Proqram çərçivəsində ölkə üzrə qaynar xətt də yaradılıb. Belə ki, zorakılığa məruz qalan uşaqlar və yaxud bu tipli hadisələrin şahidləri zəng edərək məlumat verirlər. Və bu prosesdə məxfilik yüksək səviyyədə qorunur. Layihələrdə cinayət qurbanı olmuş və pentensiar və xüsusi tipli müəssisələrdən azad olunmuş uşaqların da reablitasiyası nəzərə alınıb. Onların rəsmi dövlət orqanları ilə QHT-lərin birgə fəaliyyəti nəticəsində reablitasiyası həyata keçirilir. Qeyd edək ki, bütün layihələrdə həm də valideynlərin və ya qəyyumların maarifləndirilməsi də xüsusi yer tutur. Nazirliyin sektor müdiri bu sahədə irəliləyişin olduğunu deyir. Çünki layihə müddəti başa çatandan sonra valideyn qaydaları mənimsədikdən sonra özü də uşaqla məşğul ola bilər və reablitasiya zənciri qırılmaz.Artıq layihələri həyata keçirən təşkilatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ilk hesabatlarını təqdim ediblər.

 

 

Mənbə: Milli.Az

17 oktyabr 2013
GO BACK