Qazaxıstanın Birinci Prezidentinin Fondu, bu ölkənin Yazıçılar İttifaqı Bakıdakı Mahmud Qaşqari Fondu ilə birgə yazıçı-publisist, türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuzun Almatıda rus dilində çap olunmuş “Əmir Teymur” romanının təqdimatını keçirib. Təqdimat mərasimində ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak ediblər.Tədbiri Qazaxıstan Yazıçılar İttifaqı (QYİ) sədrinin müavini Berik Şaxanovaçaraq Yunus Oğuzun yaradıcılığı haqqında məlumat verib, “Əmir Teymur” romanının tarixi əhəmiyyətindən danışıb. O bildirib ki, indiyədək Yunus Oğuzun “Atilla” pyesi, “Nadir şah”, “Təhmasib şah” və “Qədim türklər və pasionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında”, “Türkün tarixinə yeni baxış”, “Qədim Anadolu və Azərbaycan türkləri” və digər kitabları çap olunub. 2010-cu ildə “Nadir şah”, “Təhmasib şah”, “Atilla” və “Qədim türklər və pasionarlıq nəzəriyyəsi” kitabları Türkiyədə böyük tirajla çap edilib. QYİ-nın katibi Məlik Otorbaça, yazıçı Gülzad Mirzaxmedova Yunus Oğuzu bir alim və yazıçı kimi təhlil edib, əsərlərinin əhəmiyyətindən danışıblar. Bakıdan gəlmiş şair Elxan Zal Qaraxanlı və Almatıdakı “Oğuz” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Qərib Məmmədov ədəbi əlaqələrimizin inkişaf səviyyəsindən bəhs edib Azərbaycan yazıçılarının əsərlərinin Qazaxıstanda, qazax yazıçılarının yaradıcılıq nümunələrinin isə Azərbaycanda çap edilməsini müsbət hal kimi dəyərləndiriblər. Yunus Oğuz kitabın nəşrinə görə minnətdarlıq edib, əsər üzərindəki işindən danışıb. Sonra “Əmir Teymur” kitabını imza mərasimi olub. Xatırladaq ki, yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun əsərləri bir sıra ölkələrin dilinə geniş tirajla tərcümə olunaraq yayılıb. Elə bu yaxınlarda onun “Əmir Teymur” adlı ikicildliyi (“Əmir Teymur zirvəyə doğru”, “Əmir Teymur dünyanın hakimi”) Türkiyə Respublikasında Türkiyə türkcəsində çap olunub. Sözügedən kitabların çapını “İleri” nəşriyyatı həyata keçirib. Nəşrlər Hüseyn Adıgözəllinin tərcüməsində reallaşıb.
Mənbə: Milli.Az