Qadin.NET / İnsanlar hansı yaşda xoşbəxt olurlar?

İnsanlar hansı yaşda xoşbəxt olurlar?

 

 

Xoşbəxtliklə bağlı müxtəlif fikirlər səslənsə də, ümumilikdə xoşbəxtlik insanın bütün istəklərinə əksiksiz və davamlı yetişməkdən doğan iftixar vəziyyəti kimi ifadə edilir. Bəziləri xoşbəxtliyi maddi, bəziləri mənəvi, bəziləri isə hər iki amillərlə əlaqələndirirlər. Bundan başqa xoşbəxtliklə bağlı müxtəlif dinlərdə, fəlsəfi görüşlərdə ayrı-ayrı fikirlər öz əksini tapıb.
Xoşbəxtliyin amilləri
Son vaxtlar insanların hansı yaşda xoşbəxt olmaları ilə bağlı da müxtəlif araşdırmalar aparılır. Bunlardan biri kimi İngiltərədəki London İqtisadi Mərkəzinin apardığı araşdırmada insan həyatında xoşbəxliyin “U” formasında, əyri bir şəkildə oluğunu göstərib. İnsanların 23 yaşında çox xoşbəxt olduqlarını, ancaq bunun 50 yaşa qədər tədricən pozulduğunu göstərən araşdırmaçılar daha sonra bəzi düşüncə və həyatdan gözlədiklərinin yerini aldığını, 69 yaşında təkrar xoşbəxtliyi yaşadıqlarını bildiriblər. ABŞ-da aparılan digər bir araşdırma isə fərqli bir yaş ortaya qoyub. Belə ki, 2 min qadın və kişi arasında aparılan bir araşdırmada hər iki cinsin hədəflərinə 40 yaşından öncə yetişməyi arzuladıqlarını bildiriblər. Maraqlı faktlardan biri də odur ki, pul hər iki cins tərəfindən də daim sevgidən öncə gəlir. Araşdırmaya görə, qadınlar həyatda ən çox istədikləri 10 hədəfi 37 yaşında gerçəkləşdirirlər. Bu hədəflər maliyyə baxımından da təminatlı olmaq, ailə qurmaq, dünyayı gəzmək, gözəl ev sahibi olmaq, yaxşı karyera qurmaq, xarici dil öyrənmək və qısa müddətə də olsa, xaricdə yaşamaqdır. Digər bir araşdırmada isə insanların ən xoşbəxt olduğu yaş 50 yaşdır. Belə ki, bu yaşlarda olan insanların daha çox gülümsədiyi və çox xoşbəxt olduğu göstərilir. Bu isə təqaüd sonrası iş stressinin olmaması və gündəlik həyatın daha rahat hala gəlməsilə əlaqələndirilir. 50 yaşdan aşağı insanların isə daha az gülümsədiyi, bunun isə işlə bağlı stresslə əlaqədar olduğu göstərilir. Hətta 50 yaşdan artıq yaşı olan insanların daha ürəkdən güldüyü halda, 30-40 yaş arasındakıların gülümsəməyi unutduğu göstərilir.Hətta xoşbəxtliyi yaşla deyil, başqa amillərlə də əlaqələndirənlər var. Belə ki, günəşi çox görən ölkələrin insanlarının xoşbəxt olduğu bildirilsə də, bu gün günəşi ən az görən İsveç, Norveç və Danimarka ən xoşbəxt ölkələr hesab edilir. Bəzi alimlər isə xoşbəxtliyi yaşla deyil, şanslı doğulmaq, genetik amillərlə də əlaqələndirirlər. Bildirilir ki, xoşbəxtlik üçün müsbət duyğuların olması vacibdir ki, bunlar ümid, sevincdir. Mənfi amillər isə qayğı, stress, qəzəb, hirsdir. Xoşbəxtliyə təsir edən amillər kimi sosial münasibətlər, düzgün dostluqlar göstərilir. Maddi vəziyyət önəmli olsa da, insanlar ehtiyacını ödədikdən sonra əldə etdiyi vəsait xoşbəxtlik üçün təsirli olmadığı bildirilir. Digər bir araşdırmaya görə, özünü sevən insanlar, özünü sevməyən insanlara nisbətən daha xoşbəxtdir. Hətta uşaq sahibi olmağın xoşbəxtliyə təsiri az olduğu göstərilir. Dul və subaylara nisbətən evlilər, davamlı idmanla məşğul olanlar daha xoşbəxtdir. Nəhayət, xoşbəxt insanlar xoşbəxt olmayanlardan 5 il daha çox yaşayır. Ümumiyyətlə, dünyada böyük əksəriyyət, 70 faiz orta dərəcədə xoşbəxtdir, tamamilə xoşbəxt olmayanlar isə 10 faizdir.
Azərbaycanda xoşbəxtlik övladın xoşbəxtliyi ilə paraleldir

 Ölkəmizdə insanların hansı yaş dövründə özlərini xoşbəxt hiss etmələri ilə bağlı konkret məlumat yoxdu. İnsanların özlərini xoşbəxt hiss etdiyi yaşlara səbəb olan amillərə gəldikdə psixoloq Elnur Rüstəmov Milli.Az-a bildirdi ki, Azərbaycan mədəniyyəti, ondan ibarətdir ki, biz çox zaman öz xoşbəxtliymizi uşaqların üzərində hiss edirik: “Yəni uşaqlarımız nə qədər uğurludursa, biz özümüzü bir o qədər xoşbəxt hiss edirik. Bu da 40-50 yaşlaradək, yəni hansısa ali məktəbə daxil olur, yaxud bitirib müstəqil addımlar atmağa başlayır. O insanlar xoşbəxtdirlər ki, həyatlarında müəyyən mövqe tutublar. Bizim üçün ailə anlayışı hər zaman önəmli olub. Ona görə də xoşbəxtliyimiz övladımızın xoşbəxtliyi ilə paralel gedir”.Psixoloji amillərlə bağlılığına gəldikdə isə E.Rüstəmov deyir ki, insanlar müəyyən yaşdan sonra özünə hesabat verir və bu hesabat müəyyən yaş mərhələlərində olur və düşünürlər ki, ailəmə, özümə, dövlətə, cəmiyyətə faydam nədən ibarətdir: “Bu hesabat məqamı bizim nə dərəcədə xoşbəxt olub-olmamağımızın birbaşa əlamətidir. Ailədə biz uğurlu deyiliksə, özümüzü yaxşı valideyn hesab etmiriksə, bu, şübhəsiz ki, bizim psixoloji vəziyyətimizə təsirini göstərir. Bu gün biz dinamik cəmiyyətdə yaşayırıq və əldə edilən nəticə də ondan ibarətdir ki, insan nə qədər dinamik gülərsə, depressiya da az olar. İnsan nə qədər başqasına, özünə faydalı olarsa, onun psixoloji durumu, sağlamlığı da yerində olacaq. Əgər bunlar yerində olmasa, əlbəttə, insanlarda depressiya, fobiyalar da yaranacaq, aqressiya da olacaq. Ona görə hər bir insan özünün fərdi psixoloji sağlamlığının qeydinə qalmalıdır. Bu da o hesabat zamanında onun uğurlu bir insan kimi xarakterizə edilməsinə təsirini göstərəcək”.Bizdə insanlar 40-50 yaşda xoşbəxtdirlər

 Xoşbəxtlikdə müxtəlif yaş hədlərinin göstərilməsinə gəldikdə isə psixoloqun sözlərinə görə, ümumiyyətlə, yanaşmalar fərqlidir: “Belə ki, Qərbdə bir qism insanların yaşama problemi yoxdu. Onların, sadəcə, yaxşı yaşamaq, dinc yaşamaq problemi var. Bir çox inkişaf etmiş ölkələr var ki, halbuki onların yaşamaq problemi yoxdur, ancaq intiharın göstəricilərinə görə birinci yerdədirlər. Onlar özləri də daha çox vəsait ayırırlar ki, insanların sağlamlığını qoruyub saxlasınlar. Bunlar etnopsixologiyadan fərqli olaraq dəyişir. Bizdə elə spesifik psixoloji problemlər var ki, o, Qərbdə aktual deyil. Depressiya dünyanın hər yerində var. Ancaq depressiyaya düşmə səbəbləri müxtəlif ölkələrdə fərqlidir. Məsələn, bizdə yaxın adamını itirən, sevgilisindən ayrılan depressiyaya düşür. Ancaq qərbli mənim qədər depressiyaya düşmür. Mənum övladım narahatdırsa, mən depressiyaya düşə bilirəm, amma qərbli fikirləşir ki, bunun üçün narahat olmasa da, olar. Burada etnoslar fərqləndikcə, fərqli yanaşmalar var. İstər psixoloji yardımın göstərilməsi, istərsə də tədqiqatların aparılmasında bu birmənalı şəkildə nəzərə alınmalıdır. Bizdə insanların xoşbəxt olduğu yaşlara 40-50 yaş arası insanları aid etmək olar. Bu qənaətə gəlməkdə əsas faktor, apardığım konsultasiyalardan çıxardığım nəticələrdir”.E.Rüstəmov onu da vurğuladı ki, bizdə mövcud problemlərdən biri də odur ki, qeyd edilən istiqamətdə Azərbaycanda tədqiqat, eksperiment aparılmır: “Çox istərdim ki, bu istiqamətdə tədqiqatlar aparılsın. Biz çalışırıq ki, iki aydan bir bununla bağlı tədqiqatlar aparaq. İnkişaf etmiş ölkələrin bir üstünlüyü də bu sahədə konkret tədqiqatlar, eksperimentlər aparmalarıdır.
Xoşbəxtlik qısa müddətli bir hissdir
Sosioloq Əhməd Abbasbəyli də təsdiq edir ki, bizdə bir sıra sahələrlə yanaşı, bu sahədə də sosioloji araşdırma aparılmır və bunun üçün xüsusi təşkilatlar olmalıdır. Ümumiyyətlə, insanların hansı yaşda xoşbəxt olmasına gəldikdə, konkret faktlara əsaslanaraq nəsə deməyin çox çətin olduğunu söyləyən sosioloqun sözlərinə görə, insanların əhval-ruhiyyəsi, sosial-iqtisadi vəziyyətini analiz edib demək olar ki, daha çox gənc yaşlarında insanlar özlərini xoşbəxt hesab edə bilərlər: “Çünki orta, ali məktəb yaşlarında gənclər bir çox qayğılardan kənar olurlar. İnsanların iş, ailə, sosial vəzyyəti ilə bağlı bunu sonrakı yaşlara aid etmək çətindir. Xaricdə yuxarı yaşda insanlara da bunu şamil etmək olar, çünki orada insanlar optimist yanaşırlar, eləcə də onların sosial təminat səviyyəsi yüksək olduğu üçün təqaüd yaşına çatmış insanların da özlərini xoşbəxt hiss etmək ehtimalı böyükdür”.Sosioloqun fikrincə, digər tərəfdən götürdükdə, xoşbəxtlik uzunmüddətli bir şey deyil və insanın həyatında qısa müddətli bir hissdir: “Heç bir vaxt ola bilməz ki, insan özünü uzun müddət xoşbəxt hesab etsin. İnsan bir şad xəbər eşidə bilər, gözəl bir an yaşaya bilər, ancaq hansısa əsəb gərginliyi, qan qaraldıcı bir hadisə onu hisslərindən vaz keçməyə məcbur edir. Hazırda Latın Amerikası və bir neçə Şərq ölkələsinin əhalisi özlərini daha xoşbəxt hesab edir, nəinki inkişaf etmiş ölkələrin. Bu, ondan irəli gəlir ki, emosiyalarla, hisslərlə bağlı bir anlardır”.Xoşbəxtliyin insanların həyat şəraiti, maddi vəziyyəti ilə də bağlı olmadığını deyən sosioloqun sözlərinə görə, elə insan ola bilər ki, maddi vəziyyəti yaxşı ola bilər, amma həyatında bir problem olduğu anda sorğu keçirilərsə, o, özünün xoşbəxt olmadığını ifadə edə bilər: “Bu mənada nəticə çıxarmaq çətindir. Ümumiyyətlə, insanların hissiyatıyla bağlı aparılan tədqiqatlarda obyektiv nəticə əldə etmək mümkün deyil”.

Mənbə: Milli.Az

17 oktyabr 2013
GO BACK