Qadin.NET / "Pokrov" meyvə-tərəvəz bazasında azərbaycanlılar köməksiz qalıblar

"Pokrov" meyvə-tərəvəz bazasında azərbaycanlılar köməksiz qalıblar

“Rospotrebnadzor” dəyəri milyon dollarlarla olan malı bazadan çıxarmağa imkan vermir. “Rospotrebnadzor” (İstehlakçıların hüquqlarının və insanların rifahının müdafiəsi üzrə federal nəzarət xidməti) tərəfindən bağlanmasına qərar verilən Moskvanın ən böyük meyvə-tərəvəz bazası olan “Pokrov”da Azərbaycandan olan mal sahibləri köməksiz vəziyyətdə qalıblar. Bu barədə APA-ya bazaya meyvə gətirən həmyerlimiz bildirib.Adının açıqlanmasını istəməyən azərbaycanlı bildirib ki, hazırda Azərbaycandan olan 300 nəfərdən çox ticarətçiyə heç kəs kömək etmir: “Rospotrebnadzor” “Pokrov” bazasını bağlayıb. Bazada bizim mallarımız qalıb. Meyvə-tərəvəz tez xarab olan məhsuldur. Mənim özümün 500 min ABŞ dolları dəyərində malım qalıb. İmkan vermirlər ki, onu bazadan çıxarım. “Rospotrebnadzor” gətirdiyimiz məhsula görə bizdən sənəd tələb edir. Həmin sənədlər barədə biz ilk dəfədir ki, eşidirik. Xaricdən gətirdiyimiz malın bütün sənədləri var. İndiyə kimi nə sənəd tələb olunurdu, hamısı var idi. İndi isə bizdən yeni sənədlər tələb edirlər. Qalmışıq pis vəziyyətdə. Heç kəs bizə kömək eləmir. Bazar rəhbərliyindən də heç kəs yoxdur. Bazarın qapısına kilid vurulub, bir yük maşını da buraxılmır. Deyilənlərə görə, “Pokrov”un rəhbərliyində olan bir nəfəri həbs ediblər, iki nəfər barəsində də axtarış elan olunub. Bilmirik nə edək, kimə müraciət edək”.Qeyd edək ki, oktyabrın 13-də Qərbi Biryulevo rayonunda baş verən iğtişaşdan sonra minlərlə azərbaycanlının çalışdığı “Pokrov” bazası bağlı elan olunub. “Rospotrebnadzor” bazanın bağlanması iddiası ilə məhkəməyə müraciət edib. Bazanın bağlanması yüzlərlə azərbaycanlını bazara satmaq üçün gətirdikləri məhsulun xarab olması təhlükəsi ilə üz-üzə qoyub. Hazırda Qərbi Biryulevo rayonunda içi meyvə-tərəvəz məhsulları ilə dolu olan TIR-ların növbəsi yaranıb.
Mənbə: Milli.Az
16 oktyabr 2013
GO BACK