Respublikamızın bütün bölgələrində olduğu kimi Lənkəranda da müqəddəs Qurban bayramı münasibətilə bayram namazı qılınıb. Namazın fəzilətlərindən söhbət açıldı, dualar oxundu.Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, Böyük bazar məscidində qılınan namazdan əvvəl QMİ-nin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi hacıSədi Axundzadə Bayram namazına toplaşan insanlara Qurban bayramı və onun sonsuz fəzilətləri barədə məlumatlar verib, qurban kəsilməsinin qaydaları və savabları haqqında danışdı. Bildirdi ki, Qurban bayramı müsəlman dünyasında hər il Ramazan ayı bitəndən 70 gün sonra qeyd olunur və adətən üç gün davam edir. Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək, xeyirxahlıq, paklıq və Allaha inam və sevgidir.Qurban kəsmək buna imkanı çatan şəxs üçün bəyənilən əməldir. Müqəddəs Qurani-Kərimin "Əl-Kövsər" surəsində də bu barədə söhbət açılır: “Sən də rəbbin üçün namaz qıl və qurban kəs!” Bu gün imkanlı şəxslər heç bir qarşılıq, mənfəət gözləmədən yalnız və yalnız Allah yolunda qurban kəsib, imkansız, yoxsul insanlara pay verib, onları sevindirməlidirlər. Sonra bayram namazı qılındı, dualar oxundu. Möminlər əllərini Allah dərgahına açıb, uca Allahdan ölkəmizə əmin-amanlıq, sülh və xeyir-bərəkət, firavanlıq dilədilər. Növbəti ildə işğal olunmuş Qarabağ torpalarında qurbanların kəsilməsini arzu etdilər.
Mənbə: Milli.Az