Milli.Az Türkel TV-yə istinadən xəbər verir ki, Gədəbəy rayonunun Leşkər kəndi ərazisində “Leşkər qalaçası” adlanan son tunc, erkən dəmir dövrünə aid yaşayış yerində aparılan arxeoloji qazıntılar öz nəticəsini verib. Belə ki, abidədə aparılan tədqiqatlar zamanı aşkar olunan maddi-mədəniyyət nümunələrindən məlum olub ki, bura qədim tayfaların daimi yaşayış yeridir.Həmçinin qazıntı sahəsindən Qafqazda ilk dəfə olaraq siklopik tikilidən tapılan ən boyük nəticə əldə olunub. Burada artıq 3 ildir ki, arxeoloji qazıntı işləri aparılır. Bu il qazıntıların arealı bir qədər də artırılaraq 200 kvadrat metr sahəyə çatdırılıb. Bu günə qədər qalaçalar haqqında müxtəlif fikir və mülahizələr mövcud olub. Mülahizələr də ondan ibarət olub ki, qalaça maldar tayfaların müvəqqəti yaşayış yeri olub. Qalanın divarları olduqca möhkəmdir və tikinti texnikasından da aydın olur ki, bura müvəqqəti yaşayış yeri deyil. Mütəxəssislər hesab edirlər ki, abdənin qazıntı ərazisi genişləndirilməlidir. Qeyd edək ki, Gədəbəydə 100-dən çox siklopik tikinti var. Onların bir neçəsi son illər qeydə alınıb və gələcəkdə bu abidələrin tədqiqatına ehtiyac var.
Mənbə: Milli.Az