Musiqi dünyası, həqiqətən, elə sirli-sehrli bir aləmdir ki, açılmayan sirləri çoxdur. İnsanlar həmin o aləmə düşmək üçün gözəl musiqi axtarışındadırlar. Dinləmək üçün elə bir musiqi axtarırıq ki, dinlədikcə bezməyək, əksinə hər dəfə dinləyəndə başqa nə isə kəşf edək, bir sözlə ruhumuz həmin musiqidən zövq alsın. Bu fikirlər həmyerlimiz, tanınmış musiqişünas Fikrət Kərimlinin 60 illik yubileyi münasibəti ilə düzənlənən gecədə səsləndi.Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında baş tutan yubiley gecəsində Şəhər İcra hakimiyyəti aparatının rəsmiləri, hazırda çalışdığı Lənkəran Dövlət Humanitar Kollecinin kollektivi və yaxınları iştirak edirdilər. Kollecin Musiqi şöbəsinin rəhbəri olan Fikrət Kərimli 40 ildən çoxdur ki, bu sahədə yorulmadan çalışaraq, musiqinin sirrlərini tələbələrə tədris edir. Yubiley gecəsində çıxış edən qonaqlar Fikrət Kərimlini 60 illik yubileyi münasibətilə təbrik edib, musiqişünasa öz xoş arzularını bildirdilər. Sevib-seçdiyi sənətə sadiq qalan Fikrət Kərimlinin cənub bölgəsində musiqi mədəniyyətinə verdiyi töhfələr əvəzsizdir. Onun həyatda və ailədə necə insan olması, özündə hansı mənəvi keyfiyyətləri cəmləşdirməsi barədə isə yaxınları danışdı. Daha sonra yubiliyar üçün bəstələnən mahnı ifa olundu. Kollecin tələbə heyətinin ifasında səslənən mahnının bəstəkarı olan kollecin müəlimi Zəminə Teriyelqızıpianoda müşayət etdi. Yubiley gecəsində Fikrət Kərimlinin yaxın dostları çıxış edərək, onu təbrik edib, möhkəm cansağlığı arzuladılar.
Mənbə: Milli.Az