Avstraliyalı Deyv Makkinni və Stüart Holl iPhone 5c üçün Flipcase adlı oyun hazırlayıblar.Milli.Az Lenta.ru-ya istinadən bildirir ki, oyun zamanı Apple-in istehsalı olan smartfon üçün dairəvi deşikləri olan çexol əsas alətdir. TechCrunch yazır ki, Flipcase məntiqi "Dördü bir sırada" oyununun bir növüdür (Connect Four). Həmin oyunda iki oyunçu iki fərqli rəngdə olan dairəni damalı sahəyə yerləşdirir. Oyunun qaydası belədir ki, üfqi, şaquli və ya diaqonal istiqamətdə 4 dairəni bir-birinin yanına rəqibindən daha tez yerləşdirəsən. Flipcase-in yaradıcıları istifadəçilərə iPhone 5c-nin çexolunu tərsinə taxmağı (yəni smartfonun arxasına yox, üz tərəfinə) təklif edirlər. Bu zaman çexolun üzərindəki deşiklər oyun meydanı yaradır. Damanı bu və ya digər rənglə doldurmaq üçün ekranın müvafiq hissəsinə toxunmaq lazımdır. Oyun pulsuzdur, onu App Store-un İnternet-mağazasından yükləmək olar. O, yalnız ingiliscədir.
Mənbə: Milli.Az