Qadınlardan ibarət milli komandamızın təcrübəli üzvü Sona Əhmədli xeyli müddətdir güləş arenalarında və məşqlərdə görünmür. Bunun səbəbi ilə bağlı ictimaiyyətə nə Güləş federasiyası, nə də idmançının özü məlumat yaymadığından, Azerisport.az araşdımaya başlayıb. Bəlli olub ki, xanım pəhləvanımız cari mövsüm karyerasını bitirib.Deyilənlərə görə, güləşçimiz ötən il zədə üzündən cərrahiyyə əməliyyatı olunub. Amma bu, fayda verməyib. Əksinə, problemli əzası - dizinə su yığılmağa başlayıb. Müayinə nəticəsində Sonanın əməliyyatının uğurlu keçmədiyi aşkarlanıb. Bunu AGF-in həkimləri də təsdiqləyiblər.Sonrakı müalicənin elə bir səmərəsi olmayıb. Əldə etdiyimiz məlumata görə, güləşçi əvvəl-əvvəl böyük idmanla vidalaşmağa tələsməyib. Məşqlərini ara-sıra əski yükdə olmasa da, davam etdirib. Hətta bir ara səhhətində dönüş yaranıb. Dizində su çəkilib. Lakin müvəqqəti. Xoşagəlməz hal geri qayıdan kimi, dizi yenə şişməyə başlayıb.Tibb mütəxəssisləri onun özünə gəlməsi üçün çox zamana ehtiyac olduğunu deyiblər. Amma çalışmalarda geri qaldığını, bu vəziyyətdən əsəblərinin qarışdığını görən güləşçi, karyerasını bitirməyə qərar verib.Qeyd edək ki, 55-59 kq-da çıxış etmiş Sona Əhmədlinin mötəbər beynəlxalq arenalarda uğuru var. O, 2010-cu ildə Bakıda keçirilmiş Avropa çempionatının qızıl mükafatçısıdır. Bu qələbədən 2 il sonra o, eyni yarışda 3-cü yer tutub.Planetin ən güclülərinin yarışmasınında idmançımızın ən böyük nailiyyəti 2009-cu ilə təsadüf edib. 2011-ci ildə İstanbulda təşkil olunmuş dünya çempionatında isə, o, bürünc medal qazanıb.2007-ci ildə cüdonu bu milli idman növünə dəyişən Sona Əhmədli, mötəbər beynəlxalq arenalarda uğura yetişən ilk və hələlik yeganə azərbaycanlı qadın güləşçi kimi də tarixə düşüb.
Mənbə: Milli.Az