Qadin.NET / Qurbanlıq qoyunları haradan alsaq, yaxşıdır?

Qurbanlıq qoyunları haradan alsaq, yaxşıdır?

 

Rəsmilər bildirirlər ki, yarmarkalarda qiymətlər bazardakından ucuz olacaq. Qurban bayramında qurbanlıq qoyun almaq istəyənlər üçün paytaxtın bir neçə rayonunda oktyabrın 15-i səhər saatlarından etibarən münasib yarmarkalar fəaliyyətə başlayacaq. Bayramqabağı hazırlığın necə getdiyini, ümumiyyətlə, yarmarkalarla yanaşı, bazarlarda qiymətlərin necə olduğunu öyrənmək üçün yarmarka və bazarlara üz tutduq.Bayrama 1 gün qalsa da, sifariş gəlir. Qeyd edək ki, yarmarkalar İqtisadi İnkişaf Nazirliyi (İİN), Kənd Təsərrüfatı Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanlarının heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə təşkil olunacaq. Biz də Yasamal rayonu Şərifzadə küçəsi, "İdeal" şadlıq sarayının həyətində təşkil olunacaq yarmarkada olduq. Bayrama bir gün qalsa da, artıq qoyunlar maşınlardan onlar üçün xüsusi hazırlanmış dəmir hasarların içərisinə düşürülürdü. Hələ fəaliyyətə başlamamış yarmarkada təxminən 100-dən çox qoyun var idi. Bayrama bir gün qalmasına baxmayaraq vətəndaşların yarmarkaya gəlib qoyun sifariş etməsi diqqətimizi çəkdi. Qoyun sifariş edənlərdən biri də Telman dayı idi. Telman dayı deyir ki, ötən il də qurbanlıq qoyunu yarmarkadan alıb: “Ötən il yarmarka ilə bazarda satılan qoyunun qiyməti arasında o qədər də böyük fərq yox idi. Amma cüzi fərq də olsa, biz yarmarkadan aldıq. Bu il də yarmarkadan alacağıq. Buna görə bu gündən buraya gəlmişik. Hələ satış olmasa da, biz sifariş vermək istəyirik. Çünki bayram günü çox adam olur”.Məqsəd həm də qiymət artımınını qarşısını almaqdır. İqtisadi İnkişaf Nazirliyinin (İİN) mətbuat xidmətinin rəhbəri Abbas Əliyevbildirdi ki, hələ ki, sahibkarlar qiyməti müəyyənləşdirməyib: “Amma yarmarkalarda heyvanların qiyməti bazardakından əhəmiyyətli dərəcədə ucuz olacaq. Sahibkarlar üçün yarmarkalarda hər cür şərait yaradılıb, onlardan yer pulu da alınmır. Yarmarkalarda satılacaq heyvanlar əhalinin tələbatını tam ödəyəcək”.Yarmarkaların əhalinin tanıdığı, rahat gedə biləcəyi yerlərdə təşkil olunacağını deyən nazirlik sözçüsü bildirdi ki, satış yerlərinə yaxşı görünməsi üçün müvafiq tablolar da vurulub.Yalnız qurbanlıq kimi qoyun satılacaq yarmarkaların iki gün, oktyabrın 15-i və 16-sı davam edəcəyini deyən A.Əliyev sözçüsü bildirdi ki, hər bir yarmarkada heyvan satışına intensiv nəzarət həyata keçiriləcək: “Bayramla əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə təşkil olunacaq yarmarkalarda İİN yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları mütəmadi olaraq nəzarət edəcəklər. Bazarlar da nəzarətsiz qalmayacaq”.A.Əliyevin sözlərinə görə, yarmarkaların təşkili digər bazarlardakı qiymətlərə də yaxşı mənada təsir edəcək: “Həm də bayramdan sonra qiymətlərin sabit qalmasına da yarmarkaların təşkilinin təsiri olacaq. Ötən illərin təcrübəsi göstərir ki, hətta qurban bayramından sonra bəzi bazarlarda ətin qiymətinn aşağı düşmə faktı ilə də rastlaşmışıq”.“Alıcı əlindən tərpənmək olmur” Yarmarka ilə yanaşı, elə Şərifzadə küçəsində ət və ət məhsullarının satışı ilə məşğul olan mağazada da olduq. Mağazanın da həyəti artıq qoyunla dolu idi. Adının çəkilməsini istəməyən satıcı bildirdi ki, qoyunların hamısı müvafiq qurumda artıq müayinədən keçiblər və sağlamlıq arayışları da var. Qoyun ətinin 1 kiloqramı 10 manat, mal əti 8 manatdır. Qurban bayramı ilə əlaqədar qiymətlər qalxmayıb və qalxmayacaq. Heyvanları həmişə satdığımız qiymətə satacağıq”.Qoyunu əsasən Bərdə və Beyləqandan gətirdiklərini deyən müsahibimizin sözlərinə görə, qurbanlıqla əlaqədar sözügedən rayonlarda heyvanların satışında çox cüzi artım var: “Amma bu, bizim satışa təsir etməyəcək. Yenə də qoyunun kilosunu 10 manatdan verəcəyik”.Onu da deyək ki, ən ucuz qoyun 160-200 manat arasındadır. Çünki 17 kiloqramdan aşağı qoyun tapmaq müşkül məsələdir. Burada iki il yarımdır işləyən satıcı bildirdi ki, alıcılar əsasən çəkisi az və ucuz qoyunlara üstünlük verirlər. Bayram günü mağazada adam əlindən tərpənməyin mümkün olmadığını deyən satıcının sözlərinə görə, ildən-ilə qurbanlıq kəsmək istəyən alıcılarının sayı çoxalır: “Biz də bir il ərzində məhz Qurban bayramını gözləyirik ki, yaxşı pul qazanaq” .Türkiyə və İran təcrübəsi. Qeyd edək ki, bir çox müsəlman ölkələrində bayram günlərində mal-qaranın qiymətində endirimlər edilir. Azərbaycanda isə tam əksinədir. Bazarlarda satıcıların da dediyi kimi, bir qəpik də endirim olmur. Ötən illər BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının apardığı araşdırmada məlum olmuşdu ki, ən ucuz xırdabuynuzlu qurbanlıq heyvan ABŞ və Suriyadadır. Belə ki, sözügedən ölkələrdə xırdabuynuzlu heyvanların qiyməti Azərbaycandakından 6-7 dəfə ucuzdur.Qonşu Türkiyədə və İranda da bayram günü qurbanlıq qoyunların qiymətində endirim olur. Bütün bazarlarda heyvanlar həmişəklindən daha ucuz qiymətə satılır.Amerkalıların şükran bayramında hər yerdə endirim olur. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov Amerika və Avropa ölkələrində, həmçinin bir sıra başqa ölkələrdə də bayram öncəsi endirimlərin qaçılmaz olduğunu bildirdi. İqtisadçı ABŞ-da təhsil alarkən endirimlə bağlı qarşılaşdığı təcrübəni də bizimlə bölüşdü: “ABŞ-da təhsil alarkən ilk dəfəydi ki, onlarda qeyd olunan “şükran” adlandırılan bayramı keçirəcəkdim. Öyrənmişdim ki, bu bayramda süfrədə mütləq hinduşka quşunun bişirilmiş əti olmalıdır. Mən də bunu nəzərə alaraq puluma qənaət etmək üçün bayramdan xeyli əvvəl hinduşka əti aldım ki, bayram ərəfəsində qiymətlərdə artım olacaq. Bayram ərəfəsində isə heç vaxt görmədiyim bir şeyi müşahidə etdim. Məlum oldu ki, burada bayram ərəfəsində qiymətlər artmır, əksinə, azalır. Mənim aldığım hinduşka toyuğunun da qiyməti 20 faizə yaxın aşağı düşmüşdü”.İqtisadçı milad bayramında ABŞ və Avropada bütün ərzaq və qeyri-ərzaq qiymətlərində kəskin azalmaların olduğunu dedi: “Xüsusilə ərzaq mallarında bu azalmalar özünü daha qabarıq biruzə verir. Çox təəssüf ki, Azərbaycanda Yeni il, Novruz, Qurban və Ramazan bayramlarında qiymətlərdə mütləq artım olur. Bizdə dünyadan tamamilə fərqli bir təcrübə özünü göstərir”.

 

 

Mənbə: Milli.Az

15 oktyabr 2013
GO BACK